Xarici banklar ölkəyə niyə buraxılmır?

bankSamir Əliyev: «Xarici bankların Azərbaycana gəlməsi bank sektorundakı vəziyyətə pozitiv təsir göstərə bilər»

Azərbaycanın bank sektoru ağır günlərini yaşayır. Bu fakt nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır. Gələcəkdə baş verəcəklərər gəlincə isə proqnozlar ürəkaçan deyil. Problemli kreditlərin daha da artaraq 21 faizə çatması, bir sıra bankların ümumiyyətlə öhdəliklərini icra edə bilməyəcyi vurğulanır. Azərbaycanda maliyyə sistemi faktiki olaraq bankların üzərində dayanır. Hazırda istisadiyyatın maliyyəsiz, daha doğrusu münasib manat kreditlərsiz qalmasının səbəbi də məhz bankların mövcud durumudur.

Əslində problemlərə baxmayaraq Azərbaycan iqtisadiyyatı investorlar üçün cəlbediciliyin saxlayır. Xüsusilə də kənd təsərrüfatı sektoru. Bu sahənin inkişafı və gəlir gətirməsi üçün bu sektora effektiv kreditlərin ayrılması kifayətdir. Ucuz kreditlərin verilməsini isə bu sahədə ixtisaslaşmış xarici banklar edə bilər. Amma burada bir əngəl var. Xarici banklar Azərbaycana buraxılmır. Bunun hansı səbəbdən irəli gəldiyi isə məlum məsələdir. Yerli banklar sağlam rəqabətə dözə bilməyəcək. Aşağı faizlə kredit təklif edən xarici banklar qısa müddətə oliqarxların banklarını oyundan kənar vəziyyətə sala bilər.

samir-eliyev-iqtisadci

Iqtisadçı Samir Əliyev bildirdi ki, xarici bankların Azərbaycana gəlməsinin müsbət atmosfer yarada biləcəyi fikri dəfələrlə vurğulanıb. Elə mövqeyini öyrəndiyimiz S.Əliyev də düşünür ki, xarici banklar Azərbaycana gəlməlidir: “Amma Azərbaycana xarici bankların gəlişi ilə bağlı məhdudiyyət var. Səbəb də aydındır. Çünki xarici bankların ölkəmizə gəlməsi nəticəsində yerli banklar rəqabətə tab gətirə bilməz. Təsəvvür edin ki, rəqabətdə bir Beynəlxalq Banka digər banklar tab gətirə bilmədi. Düzdür bu bankın arxasında dövlət dayanır. Təsəvvür edin ki, ikinci belə bir bank ölkəyə gəlir. Xarici bankların Azərbaycana gəlməsi bank sektorundakı vəziyyətə pozitiv təsir göstərə bilər”.

S.Əliyevin sözlərinə görə, amma xarici bankların ucuz kreditlər verəcəyi o qədər də inandırıcı deyil. Çünki yerli bankların verdiyi kreditlərin baha olmasının bir neçə səbəbi var. Birinci səbəb odur ki, alınan maliyyə banklara baha başa gəlir. Çünki əmanət faizləri yüksəkdir: “Tutalım xaricdən gələn bankın belə bir problemi yoxdur. Xarici vətəndaşın bir faizlə yatırdığı əmanəti bank 5-6 faizdən vermək istəyir. Amma bu kreditin geri qayıtmaq ehtimalı nə qədərdir? Azərbaycanda kreditlərin baha olmasının bir səbəbi maya dəyərin baha olmasıdırsa, ikinci səbəb riskin yüksək olmasıdır. Yəni verilən pulun geri qayıtmaq imkanı çox aşağıdır”.

Xəyal