Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:
(Əvvəli ötən saylarımızda)
60-cı illərin axırlarında SSRI-də, o cümlədən Azərbaycanda sosialist təsərrüfatı və kommunist ideologiyası ciddi böhran keçirirdi. Ermənistan Moskvanın köməkliyi ilə pambıq əkinindən azad edildikdən sonra Vəli Axundovun da Azərbaycanda pambıqçılığı azaltmaq və tədricən onu aradan qaldırmaq kimi düşüncələri var idi. Ilk addım kimi o, pambıqçılığın artırılması deyil, onun əvvəlki səviyyədə saxlanması ilə kifayətlənməyi, respublikanın üzərinə əlavə pambıq planı qoyulmasının qarşısını almağı, pambıqçılıq sahəsində əlavə öhdəliklərin altına girməməyi üstün tuturdu. Təsərrüfat məsələləri ilə yanaşı, 60-cı illərdə Azərbaycan kəndinin sosial həyatında ciddi dəyişikliklər baş verdi, tikinti sahəsində bir sıra qadağaların götürülməsi, qanuni və qeyri-qanuni gəlirlərin artması Azərbaycan kəndinin simasının dəyişməsi ilə nəticələndi. Sənayenin yeni sahələrinin yaranması şəhərlərdə sosial həyata təsirsiz ötüşmədi. Ilk dəfə olaraq respublikada şəhər əhalisinin sayı kənd əhalisinin sayını üstələməyə başladı. Vəli Axundov ondan əvvəl başlanmış qeyri-neft sektorunun inkişaf etdirilməsini prioritet hesab edirdi, tikinti sahəsində bu özünü daha qabarıq göstərirdi. 1967-ci ildə Bakı metrosunun istifadəyə verilməsi, M.F.Axundov adına kitabxananın yeni binasının açılması, Bakı funikulyorunun hərəkətə başlaması, Azərbaycan Dövlət Akademik Dram Teatrının, Azərbaycan Dövlət Universiteti və respublika Elmlər Akademiyasının yeni binalarının inşası, mikrorayon massivlərinin salınması və digər tikililər Bakının simasını xeyli dəyişdirmişdi. Bununla belə Bakının əsas brendi sayılan neft sənayesində vəziyyət yaxşı deyildi. SSRI-də yeni neft yataqları istifadəyə verildiyindən Azərbaycan nefti Moskva üçün öz əvvəlki cazibəsini itirmişdi. Kapital qoyuluşu azaldığından Neft Daşları istisna olmaqla, qurudakı yataqlar öz rentabelliyini itirmiş, neft istehsalı xeyli dərəcədə aşağı düşmüşdü. 1969-cu ilin ilk dörd ayının nəticələrini müzakirə edəndə aydın oldu ki, 1968-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalı 6,4 faiz aşağı düşüb.
Axundov Elmlər Akademiyasına üzv oldu…
1969-cu ilin əvvəllərində yazında Vəli Axundov hakimiyyətdən gedəcəyini hiss edirdi. 10 il fasiləsiz respublikaya rəhbərlik etmək asan məsələ deyildi. Ən başlıcası isə xarakter etibarı ilə o, hakimiyyət hərisi deyildi. Rəhbəlik etdiyi 10 il ərzində içində olduğu sitemin şərtləri daxilində ölkənin inkişafı, ədəbiyyat və sənətin yaradıcılıq prosesinə çevrilməsi, milli mədəniyyətin tərəqqisi, qorxu mühitinin qaldırılması istiqamətində bir sıra işləri görə bilmişdi. Apardığı gərgin iş, rəhbərlik daxilində müşahidə edilən ziddiyyətlər və pərdəarxası oyunlar qeyri-sağlam meyllər doğurmuşdu. Leonid Brejnevin təbiətinə uyğun olaraq Moskva onu ağrısız, səs-küysüz azad etmək istəyirdi. Hətta, onun işdən çıxarılması özü ilə müzakirə edilir, bunun üçün qarşılıqlı əsas aranırdı. Doğrudur, dəyişiklik ərəfəsində o, 3 aya qədər Moskvada xəstəxanada yatmışdı. Lakin bu yalnız onun müalicə ehtiyacları ilə bağlı deyildi, işdən azad edilməsinə ağlabatan bir izah üçün idi. Müalicədən əvvəl və sonra Axundov Leonid Brejnev tərəfindən qəbul edilmişdi, Sov.IKP MK katibliyində müzakirələr aparmışdı, təşkilat partiya işi şöbəsində görüşlər keçirmiş, Mərkəzi Komitə aparatında Azərbaycana “qəyyumluq” edən Y.Starçenko ilə fikir mübadiləsi etmişdi. Moskva artıq onun birinci katib vəzifəsindən götürülməsinə qərar vermişdi və Axundovun Moskva “müalicəsi” dövründə onun özünün iştirakı ilə hakimiyyətin ötürülməsinin detalları razılaşdırılırdı. Düzdür, 14 iyul plenumunda o, özü birinci katib vəzifəsindən getməsi barədə Sovet rəhbəri Leonid Brejnevdən xahiş etdiyini deyir, lakin bu xahiş özü də həmin prosesin tərkib hissəsi idi. Moskvada razılıq verilmişdi ki, o, Azərbaycan SSR Elmlər Akademiyasının tibb elmləri üzrə həqiqi üzvü seçilsin və respublika rəhbərliyindən gedəndən sonra Akademiyanın vitse-prezidenti vəzifəsində işləsin. Vəli Axundov Bakıya döndükdən sonra bu plan işçi məzmun almağa başladı. Bu razılıqdan sonra aprel ayının 29-da Akademiyanın prezidenti Rüstəm Ismayılov onun adına məktub yazıb elmi-tədqiqat işlərinin planlaşdırılmasını və elmi işlərin nəticələrini istehsalatda tətbiqini əlaqələndirmək məsələlərinə rəhbərlik etmək üçün Elmlər Akademiyasında əlavə vitse-prezident vəzifəsinin yaradılmasını xahiş edirdi. Məktub gələn günün səhəri Axundov həmin məsələnin MK bürosuna çıxarılması barədə məktubun üzərinə dərkənar yazdı. Mayın 6-da Azərbaycan KP MK Bürosu Akademiyada əlavə vitse-prezident vəzifəsi təsis edilməsinə razılıq verdi. Eyni zamanda həmin bürodan əvvəl respublikanın bir sıra tibb elmi idarələri Vəli Axundova müraciət etmişdilər ki, o, Akademiya seçkilərinə öz namizədliyini versin. Mayın 6-da MK bürosu ona Akademiya seçkilərində iştirak etmək və Q.Musabəyov adına Azərbaycan virusologiya, mikrobiologiya və gigeniya elmi tədqiqat institutunda əmək haqqı almadan şöbə müdiri vəzifəsin aparsın. O, müxbir üzv olmadan iyun ayında birbaşa Akademiyanın həqiqi üzvü seçildi.
Vəli Axundovun respublika rəhbəri kimi son addımı…
Mayın 6-da MK Bürosu bu qərarları qəbul etdikdən sonra rəhbərlikdə hər kəsə aydın oldu ki, Axundov birinci katib vəzifəsindən gedir və bu postu tutmaq uğrunda gərgin mübarizə başladı. Hakimiyyətinin sön günlərində o, ümumittifaq “Sovet türkologiyası” jurnalının Bakıda nəşrinə razılıq almağa nail ola bildi. Mayın 13-də Azərbaycan KP MK bürosu Sovet Ittifaqının türk xalqlarının dili, ədəbiyyatı, folklorunun öyrənilməsi və təbliği ilə bağlı 12 çap vərəqi həcmində ildə 6 nömrəsi çıxacaq elmi-nəzəri jurnalın nəşri haqqında qərar qəbul etdi. Vəli Axundovun imzaladığı qərarda Azərbaycan SSR Nazirlər Soveti yanında mətbuat işləri üzrə Dövlət Komitəsinə, Rabitə , Maliyyə nazirliklərinə, Azərbaycan Elmlər Akademiyasına və Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyat birliyinə tapşırılırdı ki, “Sovet türkologiyası” jurnalının müntəzəm nəşrini və yayılmasını təmin etsinlər. Bu qərar nəticə etibarı ilə Bakını SSRI türkologiyasının mərkəzlərindən birinə çevirdi. Vəli Axundov respublika rəhbəri kimi son addımlarından biri böyük fırça ustası Səttar Bəhlulzadənin 60 illik yubileyinin keçirilməsinə qərar vermək oldu. O, bu məqsədlə iyun ayında Sov.IKP MK-ya xüsusi məktubla müraciət etdi. Bu məsələ ilə bağlı az əvvəl Moskvadan SSRI Rəssamlar Ittifaqından Q.Anisimov da MK katibi Cəfər Cəfərova müraciət etmişdi. O, Moskvada Səttarın albomunu nəşr etmək istəyirdi və Cəfərova yazırdı: “Hörmətli Cəfər Haşımoviç bu il dekabrda Azərbaycanın Xalq Rəssamı Səttar Bəhlulzadənin 60 yaşı tamam olur. Səttarın kim olduğunu yəqin ki, Sizə təsvir etməyə ehtiyac yoxdur. O, hazırda Bakıda həyatda olan ən yaxşı fırça ustasıdır, əsl mənada xəlqidir. Insaniyyət naminə onun əsərlərindən ibarət albom Bakıda hazırlansaydı, Rəsul Rza ona haqqında kiçik bir məqalə yazsaydı, bu çox xeyirxah bir iş olardı. Sizin SSRI Rəssamlar Ittifaqına bir məktubunuz olsaydı, Moskvada Şərq Xalqları Incəsənəti Muzeyində sərgisini də təşkil etmək olardı.”
Axundovun Sov.IKP MK-ya məktubu imkan verdi ki, Səttar Bəhlulzadənin 60 illiyi Bakıda və Moskvada geniş şəkildə qeyd edilsin.
(Ardı var)