Şübhəlidir, şəffaf deyil, qanunsuzdur

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Əsl komediyadır. 2008-ci ildə SOCAR-ın binasını tikəcək şirkətin adı elan edilir və həmin şirkət 2010-cu ildə keçirilən tenderdə 8 məşhur şirkət arasından qalib olur. Necə maraqlı tenderdir, nəticəsi 2 il öncə bilinib! Indi hamının haqqında danışdığı 235 milyonluq SOCAR ofisinin tikintisi belə başlayıb.

Hələ 2008-ci ildə Türkiyə mətbuatı yazmışdı ki, ARDNŞ-in yeni inzibati binasını “Tekfen Inşaat” tikəcək: “Tekfen Holding A.Ş, bağlı ortaklıklarından ”Tekfen Inşaat ve Tesisat A.Ş ve Azerbaycan devlet petrol şirketi Socar arasında Socar’ın yeni yönetim binasının yapımı hususunda Bakü’de bir protokol imzalandığını duyurdu. 09 Ekim 2008.” (Bax: www.porttakal.com/haberler/ekonomi/socar-in-merkezini-tekfen-yapacak-139458.html )

SOCARIN ofisininin tikintisinə isə 12 oktyabr 2010-cu ildə təntənəli mərasimlə start verildi. Həmin mərasimdə rəsmilər elan etdi ki, nəhəng tikintini aparacaq şirkət 2010-cu ilin martından açıq müsabiqə ilə 8 nüfuzlu şirkət arasından seçilib və bu qalib Türkiyənin “Tekfen Holdinq”inə daxil olan “Tekfen-Inşaat”dır.

Bu qədər qeyri-adi öncəgörmə ilə yaxından tanış olmaq üçün elə o zaman SOCAR-a və “Tekfen”ə sorğular verdim, sənədlərlə tanış olmaq kimi qanuni arzumu bildirdim. Uzun müddət cəhdlər olundu, amma hələ də heç olmasa tenderi uduzan 7 şirkətin adını öyrənə bilməmişəm.

Üstəlik, tenderi elan edən təşkilatla onun qalibi arasında hər hansı ortaqlıq, ümumi maraq, asılılıq ola bilməz. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi həmin şirkətlərin tenderlərdə iştirakını maraqlar toqquşması kimi qiymətləndirərək, yolverilməz sayır. ARDNŞ “Tekfen Inşaat” arasında isə ortaqlıq çoxdan vardı, məşhur “Azfen” şirkətinin 60 faizi ARDNŞ-in, 40 faizi “Tekfen”indir. “Tekfen” bu tenderə qatıla bilməzdi.

Bəs bilirsinizmi 235 milyon dollar nə deməkdir?

O zaman pullar daha çox idi, amma bu məbləğ dövlət büdcəmizin az qala 2 faizini təşkil edirdi. Bir vaxtlar bizim hökumət rəsmiləri, ayrıca Ilham Əliyev gəlir və xərclərimizi Ermənistanın xərc və gəlirləri ilə müqayisə etməyi sevirdi: 235 milyon dollar bu mənada Ermənistan büdcəsinin ondan birinə bərabər idi. 2011-ci il dövlət büdcəmizdə iri şəhərlərin xərcləri aşağıdakı kimi göstərilmişdi (milyon manatla): Sumqayıt – 60, Gəncə  – 54,  Şəki – 31, Lənkəran – 30. Büdcədə paytaxt Bakının xərcləri ayrıca göstərilmir, amma yuxarıda sadalanan digər 4 iri şəhərin 1 illik xərci 175 milyon manat idi, yəni bizim haqqında danışdığımız binanın xərcindən az. Bu binanın xərci büdcəmizdə ali təhsilə ayrılan xərclərdən təxminən 2 dəfə çox idi. Onu da yada salaq ki, həmin dövrdə həyata keçirilmiş Səhiyyənin Inkişafı barədə 5 illik Dövlət Proqramı çərçivəsində 5 il ərzində cəmi 200 milyon manat xərclənmişdi, yəni təxminən SOCAR binasının xərci qədər. Bütün bunlar o zamanın göstəriciləridir. Indi isə 235 milyon dollar ən azı manatın kursuna görə 2 dəfə çoxdur. Vəziyyəti bilirsiniz.

Müqayisə etmək dövlət büdcəsinə ziyan vurmur. Gəlin belə bir müqayisə də aparaq. 200 metr hündürlüyündə olan 40 mərtəbəli SOCAR tikilisinin 100 min kvadrat metr istifadə sahəsi var, 2200 nəfərin işləməsi üçün nəzərdə tutulub. 235 milyon dollara başa gələn binanın 1 kv.m. sahəsi 2350 dollara başa gəlib. Astanada həmin dövrdə açılan “Asıl Tac” 350 milyon dollara başa gəlmişdi, amma 37, 43 və 54 mərtəbəli 3 bina-əkizdən ibarət bu kompleks 280 min kv.m. sahəyə sahibdir və 15 min adamın işləməsinə imkan verir, 1 kv.metri isə 1250 dollara başa gəlmişdi. Iki dəfə ucuz.

Komediya tragikomediya ilə bitir: indi də neft kəskin ucuzlaşıb, necə deyərlər, fallığı qızıldan olana toyuq yumurtalamır daha!