“Bundestaqın “erməni genosidi”ni tanımaq qərarı səhvdir, amma…”

akarimli-yeni5AXCP sədri Əli Kərimli Facebook səhifəsində Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanımaq qərarına münasibət bildirib:

“Almaniya parlamentinin olmayan “erməni genosidi”ni tanıması səhv qərardır. Aydındır ki, bu qərar tarixə istinadla deyil, hazırkı Almaniya – Türkiyə münasibətləri kontekstində, Türkiyəyə təzyiq məqsədilə qəbul edilib. Almaniya tarixən erməni lobbisinin zəif olduğu, əksinə Türkiyə ilə, son illərdə isə Azərbaycanla da sıx əlaqələri olan güclü Avropa dövlətidir. Almaniya parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnamə də qəbul edib. Həm də bir neçə dəfə.
Açıq etiraf etmək lazımdır ki, bügünki qətnamənin qəbul edilməsində Türkiyə hakimiyyətinin və qismən də Azərbaycan hakimiyyətinin səhv siyasətlərinin də ciddi payı var. Türkiyənin və Azərbaycanın strateji maraqlarına, ərazi bütövlüyünə hörmətlə yanaşan Almaniya həm Türkiyədən, həm də Azərbaycandan vaxtaşırı demokratik islahatlar da tələb edir. Almaniya ilə dostluğu, strateji tərəfdaşlığı yüksək qiymətləndirib, onun demokratikləşmə ilə bağlı çağırışlarına həssas yanaşıb, bu müttəfiqliyi daha da möhkəmlətmək lazım idi. Təəssüf ki, bu yol seçilmədi. Lakin nəinki dünyanın, heç Almaniya – Türkiyə münasibətlərinin də sonu deyil. Siyasətin vəzifəsi Türkiyə – Almaniya və Azərbaycan – Almaniya münasibətlərinin daha sağlam və daha praqmatik inkişafına nail olmaqdır. Doğrunu deməkdən çəkinməli deyilik, bəli, qətnamənin qəbulu tarixi, hüquqi və siyasi baxımdan səhv olub və şübhəsiz ki, Türkiyə ilə münasibətlərə ciddi xələl gətirəcək, lakin bu hadisədən istifadə edib, istər Türkiyədə, istər Azərbaycanda anti-Almaniya isterikası yaratmaq istəyənlər də səhv etmiş olacaqlar. Bunu da deməliyik”.