May ayının əvvəli Estoniyada oldum bir həftəlik. Tallin və Tartuda.
Mənə ən çox təsir edən, şəhərlərin strukturu və insanların gündəlik həyatı idi.
Şimal estetikası çox orijinaldı. Bir yandan soyuqluq var, digər bir yandan gözəl, göz oxşayan binalar, rənglər, küçələr, parklar, qədim abidələr.
Xüsusilə rənglər çox rahatladıcıdır və insanların sakit, təşvişsiz, təlatümsüz ruhunu gözəl əks etdirir – mavinin, yaşılın, sarının sevimli, rahat, biraz solğun çalarları. Sərt, qəfil və həyəcanlı rənglər görməzsən. Hava sakit, dəniz sakit, göyüzü sakit.
Çoxlu yaşıllıq, böyük və kiçik parklar, Yapon bağı, dəniz kənarı. Tallin elə bil ki, bir ailənin yaşaması üçün, uşaqların bağçaya getməsi üçün ideal şəhərdi. Ailə şəhəri.
Tallin kimi yerlərdə havada bir kommunizm əsintisi də qalıb sanki. Çox azacıq amma qalıb. Simalar, bədənlər, formalar, səslər və dillər keçmiş bir Sovet/Slavyan mədəniyyətinin davamını göstərir. Maraqlıdır ki, kommunist dönəminə və Çar Rusiyası dövrünə aid olan bəzi abidələr qorunub, saxlanılıb.
Məsəl üçün, Aleksandr Nevski Kafedralı, Rus Donanmasına həsr edilmiş “Rusalka” abdiəsi və bəzi binaların üzərindəki qırmızı, beşkünc Bolşevik ulduzu.
Yeri gəlmişkən, Tallində ictimai nəqliyyat da pulsuzdu.
Estoniyada əhəmiyyətli sayda rus əhali yaşayır, deyilənlərə görə 30% ətrafında.
Rusların sosial vəziyyəti və statusu orta və aşağılardadı – xidmət personalı, taksi sürücüləri, restoran xidmətçiləri, otellərdə çalışırlar.
Dövlət idarələrində çox rastlamadım onlara. Rusdilli deyilən kateqoriya da var – Sovet dönəmində müxtəlif səbəblərdən orada köçüb yaşayan digər Sovet millətlərindən olan insanlar: azərbaycanlı, gürcü, qazax və digərləri.
Bir qazax əsilli taksi sürücüsü mənə dedi ki, Estoniyada polisdə çalışan yaşlı nəsil azərbaycanlılar var, Sovetdən qalma, eston dilini bilmirlər – elə rusca idarə edirlər.
Estonların bəziləri Rusca bilir – onlar əsasən yaşlı nəsil və turizm sahəsində çalışan gənclərdir.
Ümumiyyətlə küçədə həm ingliscə, həm də rusca danışmaq olar – ikisindən biri tutacaq.
İnkişaf və ekonomik problemlər
Tallin biraz sanki Helsinki ilə Kievin qarışığıdır. Slavyan elementinin qarışması sanki fərqli hava və çalar qatır şimal əhval ruhiyyəsinə. Niyə Moskva yox Kiev? Çünki Moskvadakı qabalıq, sərtlik yoxdu burada. Kievin mülayimliyi var.
Səfərin son günü altı saat Helsinkidə oldum. Tallindən Helsinkiyə 1,5 saata gəmi ilə getmək olur. Tallinə getdinizsə mütləq Helsinkiyə də getmək məsləhətdi. İki şəhər arasında çox effektiv bərə rabitəsi var. Uzağı iki saata Helsinkidəsiz (və ya Tallində)
Səhər tezdən çıxdıq yola, dənizin havası çox fərah idi. Helsinki Şimal gözəlidi. Havalar istiləşdikcə insanlar canlanır, həyəcanlanır, küçələrdə daha çox vaxt keçirirlər.
Helsinki, təbii ki, daha zəngin və daha inkişaf etmişdir. Eston əhalisinin müəyyən bir qismi Finlandiyaya köçüb çünki orada iş imkanları yaxşıdı. Estoniya sürətlə inkişaf edən ölkə olsa da mövcud olan ekonomik problemlər beyin axını yaradır.
Yeri gəlmişkən, Estoniya həm də elektron idarəetmə (e-governance) sahəsində Avropanın lideridir. Demək olar ki dövlət və vətəndaş arasındakı münasibətlər və prosedurların böyük əksəriyyəti elektron qaydada keçib.
Helsinkiyə getsəniz Ateneum İncəsənət Muzeyinə gedin mütləq. 18-ci əsrdən bu yana Fin təsviri sənətinin çox gözəl nümunələri toplanıb orada. Şimal həyatını, insanların gündəlik həyat tərzini hiss etməyin çox gözəl yoludur.
Eyni zamanda hər zaman çox maraqlı sərgilər və quraşdırmalar olur. Məsəl üçün mən ordaykən Kaarina Kaikkonen adlı sənətkarın geyilmiş köynəklər sərgisi vardı.
Geyilmiş köynəkləri Helsinkinin müxtəlif digər məkanlarında da sərgiləyirdi müəllif. İdeya ondan ibarətdir ki, bu köynəklərin içində nə zamansa ürək döyünüb, ona görə bunlar dəyərli əşyalardı.
İki şeyi öyrəndim və ya yenidən kəşf etdim Şimali Avropa səfərimin nəticəsində.
Birinci dərs
Birincisi odur ki, bəlkə də çox klişe və bayağı səslənəcək, hər-hansısa cəmiyyətin insanları nədirsə onun ictimai, siyasi, kollektiv olanı da odur. Yəni insanların psixologiyası və təbiəti ortaq bir mədəniyyət formalaşdırır. Bu mədəniyyət isə öz növbəsində yeni gələn nəsilləri şəkilləndirir.
Məsəl üçün şərq və cənub insanı biraz şən, biraz qeyri-ciddi, ürəyiaçıq və biraz fırıldaqçı, çılğın, eyni zamanda daima təlatümdədi.
Həmişə onu nəsə düşündürür, gərgin saxlayır, rahatlıq vermir. Şimal insanı sadə, sakit, təmkinli, dürüst, ehtiyatlı, mənfəətini bilən, dəqiq və soyuqqanlıdır.
Türkiyənin keçmiş rəhmətlik baş naziri Bülent Ecevit 2000-ci illərin əvvəlində Norveçə səfər etmişdi. Qayıdanda mətbuata müsahibə veriridi. O sözləri heç vaxt unutmayacağam. Dedi ki – Norveç çox zəngin ölkədi, nefti var, amma orada bizdəki kimi lüks yoxdu, çox sadədirlər. Mən də Norveçdə olanda məni həmişə bu düşündürürdü ki, necə olur ki bu? Niyə dünya insanlarının dəyərləri bu qədər fərqlidir? Nədir bunun səbəbi?
Və bu mədəniyyətlər bəzən şüurlu, bəzən isə şüursuz şəkildə, öz davamlılığını təmin edir. Mədəniyyətin elementlərini növbəti nəsilə ötürməklə (ənənələr, dəyərlər, düşüncə tərzi, davranış vərdişləri).
Mənə elə gəlir ki, təhsilin, mədəniyyətin, təcrübə və dəyərlərin digər yollarla ötürülməsinin əhəmiyyəti buradadır. Və əsas suallardan biri budur ki, sadəcə bu yollarla gələcəyi inşa etmək mümkündürmü? Yəni, maarifçilik mümkündürmü?
Mütərəqqi dəyərlər haqqda fikirlər yerli insanların təbiətini hara qədər dəyişə bilər. Əgər bu maarifçiliklə mümkün deyilsə, bunu hansı digər proseslər dəyişə bilər? Məsəl üçün, bir var ki, məmurlara təlim keçəsən ki, korrupsiya pisdi, bir də var ki, neftin qiyməti düşsün, hasilat azalsın, sosial gərginlik artsın və dövlət məcbur olsun ki, bəzi addımlar atsın ki, məmurların xalq ilə təmasını azaltsın.
İkinci dərs
İkinci yenidən aşkar etdiyim şey odur ki, mədəniyyətin qorunması və ötürülməsində Avropa ciddi şəkildə sənətdən (incəsənətdən) istifadə edir.
İncəsənət insan həyatının çox nəhəng və ayrılmaz bir parçasıdır və bəzi cəmiyyətlər bunun ciddi fərqindədir. Bəzi yerlərdə incəsənət həyatdan ayrı deyil, onun bir parçasıdır.
İctimai məkanda insanları düşündürücək, nələri isə hiss etdirəcək, hansısa təcrübəni yaşadacaq əşyalar, nəsnələr, əsərlər, görüntülər, yazılar yerləşdirilir.
Bunları edən insanlar klassik anlamda sənətkarlar deyil, müasir həyatın mürəkkəbliyini, çoxşaxəliliyini duyan yaradıcı insanlardı.
Yəni Avropada incəsənət və sənətkarlar sizi təqib edir, sizin onları təqib etməyinizi gözləmir. İncəsənət sizin həyatınızdadır – evinizdə, küçənizdə, metronuzda, universitetinizdə, parkınızda, dost-tanışınızdadır. Nəticədə, hər kəs sənəti görür, duyur və danışır bu haqqda. Məncə, həm də buna görədir ki, Avropa cəmiyyətləri problemlərə (eləcə də qlobal problemlərə) bu qədər həssasdırlar.
Məni hər zaman Avropada heyran edən bir hadisə var. O da məktəb uşaqlarının muzeylərdə və rəsm qallereyalarında görə bilməyinizdir.
Əllərində dəftər, kağız, qələm – tablodan tabloya keçərək nə isə yazırlar, öyrənirlər.
Və ya bəzən görürsən bir yaşlı xanım 4-5 yaşında bir nəvəsinə hansısa rəsm əsərini izah edir, məlumat verir. Çox gözəl səhnədir.
Bütün xalqlara qismət olsun bir gün.