Türkiyə baş naziri ənənəyə uyğun olaraq Azərbaycana gəlir.
Türkiyənin yeni baş naziri Binali Yıldırımın Azərbaycana səfərinin bəzi təfərrüatları məlum olub.
ANS PRESS-in məlumatına görə, Yıldırım Şimali Kipr Türk Respublikasına səfərdən əvvəl jurnalistlərə Azərbaycan səfəri zamanı onu müşayiət edəcək nazirlərin adlarını açıqlayıb.
Binali Yıldırımı səfər zamanı baş nazirin köməkçisi Tuğrul Türkeş, maliyyə naziri Naci Ağbal və meşə və su naziri Veysel Eroğlu müşayiət edəcək.
O, mətbuata açıqlamasında ənənəyə sadiq olaraq ilk səfərini Kiprə, daha sonra Azərbaycana edəcəyini deyib. Binali Yıldırım bu gün Şimali Kipr Türk Respublikasına səfərə gedib. Daha əvvəl baş nazirin iyunun 1-də Azərbaycana səfər edəcəyi barədə məlumat yayılsa da bu gün Türkiyə mətbuatı Yıldırımın Azərbaycana iyunun 3-də gələcəyi haqda yazıb. İstefa verən Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu da ilk rəsmi səfərini ənənəyə sadiq olaraq Şimali Kipr Türk Respublikasına və Azərbaycana etmişdi.
Binali Yıldırım mayın 20-də Türkiyənin baş naziri seçilib. O, eyni zamanda Ədalət və İnkişaf Partiyasının (AKP) sədridir. Yıldırımdan əvvəl baş nazir vəzifəsini Əhməd Davudoğlu icra edib. Davudoğlu mayın 5-də istefa verdiyini elan edib.
Yıldırım mayın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra yeni hökumətin tərkibini elan edib. Yeni baş nazir ilk Qarabağ bəyanatında münaqişənin ədalətli həlli üçün əlindən gələni edəcəyini demişdi. “İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik”.
Baş nazir Ankaranın Qafqazdakı qeyri-sabit vəziyyəti şəxsi problemi kimi qəbul etdiyini demişdi.