elnurastanbeyli@gmail.com
Ilham Əliyevin köməkçisi Əli Həsənov Azərbaycanda “Diffamasiya haqqında” qanun layihəsinin indiyədək qəbul edilməməsindən danışarkən bunu əsasən üç səbəblə əsaslandırmağa çalışıb:
- Jurnalistlərin peşəkarlığının aşağı olması;
- Medianın iqtisadi müstəqilliyinin zəif olması;
- Siyasi qütbləşmənin güclü olması.
***
Öncə bunu yazım:
“Diffamasiya haqqında” qanun layihəsinin qəbul edilməsinin vacibliyi haqqında deyilənlər mənə həmişə gülünc görünüb. Əliyevçi basqı rejimi indiyədək çox az hallarda jurnalisti onların yazdıqlarını əsas gətirərək həbs edib. Bu, ümumiyyətlə çağdışı, avtoritar və totalitar mahiyyətli rejimlərin çoxdankı yöntəmidir. Onlar tənqidçi qələmləri, azad yazarları, doğruluğu, obyektivliyi, dürüstlüyü başlıca meyar seçən qəzetçiləri bir qayda olaraq, qondarma suçlamalarla cəzalandırırlar. Kimini xuliqan elan edirlər, kimini narkoman, bir başqasını erməni agenti.
Elə Azərbaycanın son illərdəki təcrübəsinə göz ataq: Xədicə Ismayılı kimisə intihara sövq etməkdə suçlayırdılar, yaxud Seymur Həzi hansısa işverəni butılka ilə vurduğuna görə dəmir barmaqlıqlar ardına atılıb. Amma bilməyən varmı ki, onların yeganə günahları Əliyevçi basqı rejiminin xalqdan gizlətməyə çalışdığı cinayətləri, pis əməlləri ifşa etmələridir?!
Belədə “Diffamasiya haqqında” qanun ha qəbul edilmiş, ha qəbul edilməmiş, bir fərqi varmı?!
***
O ki qaldı Əli Həsənovun həmin qanun layihəsinin qəbul edilməməsinə əsas kimi göstərdiyi səbəblərə, bu da rejimin media ilə bağlı quraşdırdığı tragikomik tamaşanın başqa bir səhnəsidir.
Həsənov jurnalistlərin peşəkarlığının aşağı olmasından gileylənir, amma izah etmir: niyə bu qədər qeyri-peşəkar medianın nümayəndələrinə bir ucdan evlər tikib paylayırlar? Hər il media adına nə qədər adama orden-medal verən, fəxri ad əta qılan özləridir. Belə çıxır, indi onları məhz qeyri-peşəkarlıqlarına görə mükafatlandırırlar?
Ümumiyyətlə isə jurnalistlərə peşəkarlıq dərsi keçməyə başlamamışdan öncə bu rejim çağın nəbzini tutmağı bacarsın, hansı əsrdə yaşadığımızı öyrənsinlər, zamanın ruhuna yiyələnsinlər. Dərk və qəbul etsinlər ki, təqvim 2016-cı ili göstərərkən toplumun hər kəsimi, o cümlədən də, media üzərində güc və iradə nümayiş etdirməyə çalışmaq, ondan qeyd-şərtsiz itaət, biət tələb etmək özü qeyri-peşəkarlığın pik nöqtəsidir.
***
Həsənov medianın iqtisadi müstəqilliyinin olmadığını deməkdə isə tamamilə haqlıdır. Amma bunun baiskarı kimdir? Ölkədə reklam verənlər üzərində rejimin dəmir yumruğu var.
Qəzet yayımı sahəsində isə tam bir rəzalət hökm sürür. Azərbaycanın böyük bir hissəsi qəzet əldə etmək imkanlarından bilərəkdən, məqsədli şəkildə məhrum olunub. 21-ci əsrdə bu ölkəyə belə bir ayıbı yaşadıb sonra qəzetlərin iqtisadi müstəqilliyinin olmamasını az qala başqalarının günahı, məsuliyyəti kimi təqdim etmək mümkündürmü? Özlərinin yaratdığı bir problemi sonra başqa bir problemin çözümünə əngəl kimi göstərmək isə ikrah və ironiyadan başqa heç nə doğurmur.
Kiçik bir örnək: Məhz rejimin birbaşa istəyi və göstərişi ilə (səbəblərini izah etmək artıqdır, hamıya aydındır niyə?) təkcə bir yayım şirkəti “Azadlıq” qəzetiinin nə az, nə çox – düz 70 min manatına dədə malı kimi yiyələnib, qəzetin halal haqqı, əməkdaşlarının alın tərinin qarşılığı olan bu pulu ödəməmək üçün utanmadan, vicdanı sızlamadan dirəşir. Yaxşı, deyin görək, bundan sonra ölkədə media necə iqtisadi müstəqillik qazansın?!
O ayrı məsələdir ki, mətbuatın əlindən iqtisadi müstəqillik imkanlarının hamısını alıb, onu KIVDF adlı demokratiyanın, söz və ifadə azadlığının ruhuna aykırı bir qurumun əlinə baxmağa məcbur edən zehniyyətə belə bir sual ünvanlamaq özü çox gülməlidir.
***
Bu gün nə qədər malalamağa çalışılsa da, əvvəl-axır tarix YAP hakimiyyəti illərində baş verən hər şeyi öz adı ilə çağıracaq.
Və bu illər tarixə heç şübhəsiz, həm də azad sözün, tənqidçi qələmin, ifadə özgürlüyünün dəfn edildiyi illər kimi düşəcək.