Tarixin hədəfində

sahveled_cobanogluŞahvələd Çobanoğlu

28 May Cümhuriyyət bayramından bir gün öncə Ilham Əliyev rəsmi qəbul keçirib və yenə də öz çıxışında Qərb ölkələrini hədəf seçib. Heç kimə sirr deyil ki, biz müstəqilliyi Rusiyadan qoparaq əldə etmişik, rus tanklarının hücumundan, Rusiyanın təhdidlərindən və Qarabağ təzyiqindən keçərək qazanmışıq. Rusiya Qarabağı və ətraf rayonları ermənilərin əli ilə ona görə işğal edib ki, bizim müstəqilliyi boğsun, ona təhlükə yaratsın. Və indi bu ölkənin başında duran adam müstəqillik günündə Rusiyadan yox, ölkəsinin müstəqilliyinə dəstək verən Qərbdən danışır, həm də ittihamlarla.

Ilham Əliyev deyir: “Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur.ÿƏlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur… Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm”.

Azərbaycanda vəziyyətin necə olduğuna aid faktlar sadalamağa ehtiyac varmı?! Hər şeyi ölkədə də bilirlər, dünyada da! Bu məsələ heç mübahisəyə də səbəb olmur. Bir də ki, 23 ildir bu ölkədə hakimiyyət bir ailənin nümayəndələrinə məxsusdur, konstitusiya dəyişdirilib və bir nəfərin əbədi hakimiyyətinə yaşıl işıq yandırılıb. Daha bundan sonra əlavə fakta-dəlilə də ehtiyac yoxdur.

Biz həmişə Qərb ölkələrini müəyyən maraqlara görə Azərbaycandakı ağır vəziyyətə göz yumduğu üçün tənqid etmişik. Haqlı olmuşuq. Qərb ölkələri Azərbaycan xalqının haqqından çox Azərbaycan hakimiyyətinin xeyrinə olan sözü deyib. “Irəliyə doğru bir addım” deyə-deyə Azərbaycanda demokratiyanın və azadlıqların durumunun daha da pisləşməsinə yardımçı olublar. Amma son illər yanaşmalar da, sözlər də dəyişir. Səbəb isə həmin ölkələrlə Azərbaycanın siyasi hakimiyyətini təmsil edənlər arasındakı münasibətin pisləşməsi deyil, hətta bunu Ilham Əliyev də bu yaxında söyləmişdi ki, onun Qərb ölkələrinin rəhbərləri ilə şəxsi  münasibətləri pis deyil. Dəyişmənin daha ciddi səbəbləri var – dəyişən tarixdir. Artıq Azərbaycandakı kimi siyasi rejimlərin mahiyyəti, əməlləri və bitməsi tarixin qaynar gündəminə gəlib. Ukraynadakı geopolitik durum bunun ən bariz nümunəsidir.

Digər tərəfdən, korrupsiya ilə bağlı dünya gündəmin güclənməsi, ofşor gizlinlərinin açılması, internetin həyatın hər üzünə daxil olması avtoritar rejimləri hədəfə çıxarır. Azərbaycan hakimiyyəti və Ilham Əliyev də bu səbəbdən hədəfdədir. Bahalı neft dövrünün başa çatması isə karbohidrat bolluğunda rahatlanan bu cür rejimlərin ayağının altından yeri titrətməkdədir.

Dünyanın hər bölgəsində avtoritar rejimlərin sıradan çıxması prosesi gedir və ən yaxşı halda, bu, diləklərin bir saylı hədəfidir. Kimsə bu rejimləri təmsil edənlərlə əməkdaşlığı, yaxınlığı normal saymır, bunu edənləri qınayır. Başqa bir tərəfdən yeni nəsillərin azadlıq arzularını heç bir güclə susdurmaq mümkün deyil və gəncliyin arzusu istər-istəməz xalqın istəyinə çevrilir. Bir sözlə, tarix artıq avtoritar rejimləri keçmişin qalığı sayır və özü hədəfə alıb.

Uğursuzluq səbəbi kimi

Gəncliyin, xalqların, bəşəriyyətin və tarixin avtoritar rejimləri qəbul etməməsinin və hədəfə almasının elə bir obyektiv səbəbi var ki, bunun qarşısında söz də tapmaq olmur. Belə rejimlər uğursuzluğun səbəbidir, iqtisadi və sosial inkişafın qarşısını alır, təhsili, səhiyyəni, mədəni həyatı bərbad hala salır. Olan varı-sərvəti də dağıdır, göyə sovurur. Xalqlara və insanlığa əngəldir!