Qarabağ nağılının gerçək bölümü – Lələtəpə

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Ola bilsin ki, gələcək qələbələrimizin fonunda bu dörd günlük müharibəyə yanaşma bir başqa cür olacaq, kimsə onu “Pirr qələbəsi” kimi qələmə verəcək, bir başqa birisi bunu lazımsız, təhlükəli addım kimi qiymətləndirəcək. Bilmirəm.

Bu gün Lələtəpə mövzusu doğrudan da həssas mövzudur. Daha dəqiq desək, onu bu hala gətiriblər. Nə qədər acı olsa da, deyəcəm – bu müqəddəs savaşı daxildə siyasiləşdirib, ondan hakimiyyətin lehinə istifadə etmək istəyirlər. Bəlkə də bəzilərinizə bu fikrim qəribə gələcək, amma demək zorundayam – hərbi əməliyyatlar zamanı mənim eşitmək istəmədiyim xəbərlərin içində bir məmur övladının şəhid düşməsi xəbəri var idi. Şans sıfıra bərabər olsa da, etiraf edim ki.., həyəcanlı idim (səbəbini deməyəcəm, özünüz düşünün). Lələtəpə və onun iqtidarı düşündürməli olan əhəmiyyəti haqda bir qədər sonra bəhs edəcəyik. Yazıma kiçik bir haşiyə (!) ilə davam etmək istəyirəm.

…Dörd günlük müharibə zamanı bəlli oldu ki, təbliğata ayrılan milyonlar təyinatı üzrə xərclənməyib. O pullara villalar tikilib, şəxsi zooparklar üçün meymun, bəbir alınıb, səhər proqramlarına çıxan istedadsız gözəlçələrin ehtiyacları üçün xərclənib və s.

Yəqin ki, çoxlarınız Rusiyanın ən müstəqil efir məkanı (!)  hesab edilən “Dojd” kanalında səfirimiz Polad Bülbüloğlunun münaqişə ilə bağlı fikirlərini seyr etmisiniz. Diktor xanım kimliyini unudaraq, onun sözünü kəsir və demək olar,  Ermənistanın vəkili rolunda çıxış edirdi.

Rusiyanın dövlət kanalları isə, birmənalı olaraq işğalçıları dəstəkləyirdi. Ən çox canfəşanlıq edənlərin başında  azərbaycanlıları təhqir etməkdən belə çəkinməyən yəhudi əsilli Valadimir Rudolfoviç Solovyov gəlirdi.

Sizi inandırıram ki, Solovyov ermənilərdən pul almasaydı, o boyda iyrənc şər-böhtana heç vaxt getməzdi. Əksinə, Xocalı – Xolokost paralelləri aparardı, həqiqəti söyləyərdi. Sual olunur, hanı təbliğata, lobbiçiliyə ayrılan neft pulları?..

Oxşar mövzuda nümunələr həddindən artıq çoxdur. Təxminən on il əvvəl bir peterburqlu alimlə yol yoldaşı olduq. Mənə dedi ki, hər il Ermənistan səfirliyi üzdə olan ziyalılarımız üçün səyahətlər təşkil edir. Müəyyən şərtlər daxilində onlardan yalnız lobbiçilik tələb olunur. Bir qrup üçün çəkilən xərc, Azərbaycanın istənilən icra başçısı üçün gülməli rəqəm sayıla bilərdi. Bax belə, əziz oxucular…

Qayıdaq Lələtəpə həqiqətinə. Bəli, ardı gəlməsə də, yüzə qədər şəhid versək də, bu dörd günlük müharibənin əhəmiyyəti böyükdür.

Birincisi, rejimin illərdir tənqid etdiyi Qərbdən Azərbaycana dəstək gəldi. Haqqında həmişə tərif yağdırdığı Rusiya isə, Ermənistanı silahlandırmağa başladı. Məncə, rejim artıq seçim etməlidir. Necə deyərlər, qaradan artıq rəng olmaz.

Ikincisi və ən əsası. Illərdir ki, məlum üsullarla övladlarını hərbi xidmətdən yayındıran məmurlardan fərqli olaraq sadə xalq torpaqlarımız uğrunda müharibəyə “hə”  dedi. Etiraf edək ki, bunu bir çoxları gözləmirdi.

Üçüncüsü, məlum oldu ki, hərbi əməliyyatların nəticələrindən yola çıxaraq, ondan siyasi opponentləri susdurmaq aləti kimi istifadə lazımi effekti vermir. Ən azı Milli Ordumuzun əhalinin hansı kəsimlərindən təşkil olunması baxımından bu ilk növbədə iqtidar üçün “perspektiv” vəd etmir.

Əksinə, iqtidar bu məsələdə muzdlu və könüllü yaltaqlardan imtina etməli, sağlam tənqidə dözməlidir. Sadəcə bir misal gətirmək istəyirəm. Şəhidlərin qırxı çıxmamış italyan müğənni Eros Ramazzotti Bakıda solo – konsert verdi. Iqtidara yarınan bir köşə yazarı öz aləmində bunu  “patriotik” elementləri ilə ört-basdır etməyə çalışdı. Yazısının  başlığı belə idi – “Zakir Həsənov Ramazottinin konsertinə niyə getmədi?”

Əslində sual belə olmalıydı – “Erosu şəhidlərimizin qırx mərasimindən sonra gətirmək olmazdımı?”

Bunu əlbəttə ki, biz yaza bilərdik. Amma lazım bilmədik. Şəhidlərimizin bunu bizdən duymasını istəmədik.