Borc və ya aclıq içində ölməyin fərqi

saadet-cahangir-koseSəadət Cahangir

Müasir dilimizə daxil olan ən populyar atalar sözü “banklar yıxan evi kimsə yıxa bilməz” sayılsın gərək. Bu deyimin dillərə düşdüyü acınacaqlı tarixin şahidləriyik hamımız. Nə qədər kədərli olsa da, illərdir o banklar üzündən tələyə düşən, müflisləşən, küncə dirənən və ya intihar edən yüzlərlə insan taleyi keçir gözümüzün önündən. Çevrəmizdə ağıl almaz şeylər baş verir. Bank borclarından evini, obyektini, olub-olmazını itirən kim, həbsxanalara düşən kim, özünü yandıran və asan kim. Bank tarixini oxuyanlar yaxşı bilir. Ölkələrə böyük eyforiya ilə gəlib, böyük faciələrə yol açır bank şəbəkələri çox zaman. Bu məsələnin istismarçı məğzini, şərtlərinin ağırlıq dərəcəsini, çıxılmazlıq qorxusunu anlamayan adamlar da için içinə “ura”yla girib, ah-vayla çıxır. Bəzən də heç çıxa bilmir, o bataqlıqdaca boğulub qalır…

Bəlkə də, biz 25 illik müstəqillik tarixində banklarla bağlı ən qara günləri yaşamış xalqıq. Yəni müstəqilliyi istismar edənlər ölkə insanına hansı zülmü yaşadıblarsa, banklar da elə. “Banklar” deyəndə ki, ortada hansısa azad sahibkarın, bankirin maliyyə qurumu, filan da yox. Elə banklar da, pullar da, kreditlər də, faizlər də hakimiyyəti zəbt etmiş bir qrup adamın. Hər şeyi düzüb-qoşan, oynadan, milyonlarla insanı tora salıb borclandıran, əlindəkini, ovcundakını qoparıb böyük pullar qazanan da onlar. Bankların dövriyyəsində oynayan milyardlar da havadan düşməyib, təbii. Onlar da bu ölkənin təbii sərvətlərindən, neftindən-qazından, qızılından, mərmərindən dövlət xəzinəsinə çatacaq vəsaitlərdir ki, oğurlanıb başqa səmtə yönəldilib. Milyonların xeyir görməli olduğu imkanlar əldən çıxıb, bir ovucun caynağına keçib yəni. Allahdan, insafdan, mərhəmətdən duz dadmayan o bir ovuc da həmin pullar hesabına çarəsiz, avam insanları borca oturdub boğub. Artıq hamınız bilirsiniz, 2015-ci ilin məlumatına görə, Azərbaycanda 2,5 milyon  kredit borcu olan şəxs var. Əhalinin 27%-i deməkdir bu. Dəhşətli bir rəqəm!..

Indi iş-işdən keçəndən, xalq ağır borc girdabına salınandan sonra banklar qərar verib ki, onlar əmək haqqı 410 AZN-dən aşağı olanlara kredit verməyəcəklər. Məsələn, “Unibank”ın açıqladığı şərtlərdə deyilir ki, bundan sonra onların verəcəyi kreditin müddəti 3-24 ay, məbləği isə 300-5000 AZN arası müəyyən olunur. Yeni müştərilər üçün yaş həddi 20-60 və son iş yerində staj minimum 12 ay təşkil etməlidir. Kredit üzrə illik faiz dərəcəsi 29% olacaq. Hələ o məbləği almaq üçün tələb olunan sənədlər, zamin şəxslər, başqa fomallıqlar kimi bezdirici məsələləri bir kənara qoyuram. Kimlər ala biləcək bu 410 AZN şərtindən sonra o kreditləri? Bu ölkədə minimum əmək haqqı bu məbləğə çatan kredit ehtiyaclı neçə nəfər var? Yaxud  bu ölkədə kredit götürməyə real işi olan neçə adam var, ümumiyyətlə? Amma məsələnin məğzi fərqlidir, elə əvvəl də belə idi. Ölkə iqtisadiyyatının önəmli bir hissəsini kölgə iqtisadiyyatı, qara mühasibatlıq təşkil etdiyinə görə, kreditə məcbur insanlar onu başqalarının adına götürürdülər çox halda. Daha zaman dəyişib, kimsə kimsəyə zamin duracaq, güvənəcək durumda deyil. Ölkə əhalisi borcdan, işsizlikdən, yoxsulluqdan batıb gedir. Və yekun olaraq, öz fikrimi də deyim. Bəlkə, bir az humanizmdən uzaq fikirdir, amma bu şərtlər altında imkansız insanlara kredit verilməsə, yaxşıdır. Taleyinə sahib çıxa bilmədiyin halda, borc içində ölməklə, aclıq içində ölməyin fərqi nədir ki?