Rəşad Məmmədov özünü təqsirli bilməsə də, yaxınları onun üzərinə qoyulmuş ziyanı ödəyib
Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovun məhkəməsi başlayıb. Dünən bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında Rəşad Məmmədovla yanaşı, Isfəndiyar Isfəndiyarov və Arzu Məmmədov da məhkəmə qarşısına çıxarılıb. Digər iki nəfərdən fərqli olaraq, Arzu Məmmədov həbsdə deyil. Mart ayında onun barəsində həbs qərarı başqa yerə getməmək haqqında iltizam tədbiri ilə əvəz olunub.
Rəşad Məmmədovun vəkili Akif Əlizadə müvəkkilinin barəsindəki həbs-qətimkan tədbirinin də ev dustaqlığına dəyişdirilməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, Rəşad Məmmədov ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir və özünü təqsirsiz sayır. Buna baxmayaraq, Rəşad Məmmədov həbsdə olduğu müddətdə onun qardaşı iş materiallarında vurulmuş ziyan kimi təqdim etdiyi məbləği ödəyib. Iş üzrə zərərçəkmiş qismində tanınan şəxslər də istintaq orqanına ərizə göndəriblər ki, onların heç bir şikayəti yoxdur: “Rəşad Məmmədov 13 aydır ki, həbsdədir. O, tutulanda da, həbsdə saxlanılarkən də qanunvericiliyin tələbləri pozulub. Rəşad Məmmədov peşəkar hərbçi olub, Dağlıq Qarabağ uğrunda döyüşlərdə kontuziya alıb. Sıfırdan başlayaraq biznes qurub, dövlət rəhbərliyinin etimadını qazanıb. Onun barəsində həbs qərarı verilərkən şəxsiyyəti, müsbət xarakterizə olunması, dörd övladından üçünün azyaşlı olması nəzərə alınmayıb. Ümid edirik ki, bu məhkəmə məsələyə standart, şablon yanaşmayacaq”.
Isfəndiyar Isfəndiyarovun vəkili Iradə Cavadova isə əvvəlcə müvəkkilinin məhkəmə zalındakı şüşə qəfəsdən çıxarılıb vəkilinin yanında əyləşməsi haqda vəsatət verib: “Təqsiri sübuta yetirilməyən, barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmayan şəxsi dəmir və ya şüşə qəfəsdə saxlayıb, insanlara bu şəkildə nümayiş etdirmək insan ləyaqətinin alçaldılmasıdır. Bu həm də bərabərlik prinsipinin, müdafiə hüququnun pozulmasıdır. Təqsirləndirilən şəxslərin absurd hesab etdikləri ittihamdan özlərini müdafiə etmələri üçün onlara normal şərait yaradılmalıdır”.
Iradə Cavadovanın digər vəsatəti isə Isfəndiyar Isfəndiyarov barədə həbs qərarının dəyişdirilməsi haqda olub. Müdafiəçi deyir ki, istintaq orqanı həbs-qətimkan tədbirinin seçilməsinə əsas kimi, bu şəxslərin azadlıqda qalacağı təqdirdə istintaqın gedişinə mane ola biləcəyini əsas gətirirdi. Artıq istintaq başa çatıb və onların göstərdikləri bütün əsaslar aradan qalxıb.
Prokuror Ramazan Hadıyev bu vəsatətlərin əleyhinə çıxıb. Deyib ki, bu şəxslərin həbsdə saxlanması üçün əsaslar aradan qalxmayıb. Məhkəmə zalında onların şüşə qəfəsdə saxlanmasına gəlincə, prokuror bunu həm də təqsirləndirilən şəxslərin təhlükəsizliyinin təmin olunmasıyla izah edib.
Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər heyəti vəkillərin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib. Iş məhkəmə baxışına verilib və növbəti iclas iyunun 2-nə təyin olunub.
Xatırladaq ki, Rəşad Məmmədov, Isfəndiyar Isfəndiyarov və Arzu Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Rəşad Məmmədova bununla yanaşı, həm də mənimsəmə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Cinayət işinin materiallarına görə, onlar Bayraq Meydanı kompleksinin inşası zamanı kompensasiya ödənilməsi məsələsində dələduzluq ediblər, vətəndaşlara ziyan vurublar.
Aytən