Azərbaycan hakimiyyətinin korrupsiya və avtoritarizmə qarşı amansız mübarizə rəmzinə çevirdiyi Xədicə İsmayılova azadlığa ənənəvi olduğu kimi həbsxananın arxa qapısından çıxmadı, qadın dustaqxanasının ön qapısından həmkarlarının və silahdaşlarının qarşısına çıxdı.
İlk baxışda bəlkə əhəmiyyətsiz görünən bu təfərrüat hətta Xədicədən hədsiz dərəcədə nifrət edən və Stalin dövründən qalma cəzaçəkmə müəssisəsinin divarları arxasında onu çürütmək arzusuyla tutuşub yananların belə ona hörmət etdiyini göstərir.
Xədicənin böhranqabağı dövrdə illərlə gecikə biləcəyi azadlığa çıxması təkcə Birləşmiş Ştatların və Avropa İttifaqının buna nail olmağa çalışdığı üçün deyil, Azərbaycanın uzun illər zorakılıqdan sonra yaranmış tamamilə yeni ictimai-iqtisadi vəziyyətlə əlaqədar baş tutdu.
Xədicənin azadlığı yeni dövrü səciyyələndirir və Azərbaycanda millətin potensialını həyata keçirmək üçün yeni imkanlar açan siyasi baharın artıq gəldiyini hiss etmədən letargiya yuxusunda olan azad Azərbaycan cəmiyyətinin müjdəçisidir.
2014-cü ilin dekabrında həbsxana qapıları Xədicənin arxasından bağlandıqda cəmi bir neçə gün sonra prezident İlham Əliyevin hökumətin iclasında “analoqu olmayan” dövlətin fasadının inşasını hələ də yekunlaşdıra bilməyən rejimin uğursuzluğunu etiraf edəcəyinə inana çox az insan var idi.
Xədicənin həbsi Azərbaycanın zorakılıq, yalan və əxlaqsızlıq dövlətinə çevrilməsi dramının son pərdəsi idi. 2014-cü ilin sonlarının siyasi plüralizmin, vətəndaş cəmiyyətinin, azad KİV-in tamamilə məhvi dövrü olduğu kimi görünürdü. Bu, öz tənəzzülünün dərinliyini və zəifliyini hələ dərk etməyən rejimin Pirr qələbəsi idi.
Xədicənin azad edilməsi təkcə ayrıca bir insanın taleyinin epizodu deyil, bu hadisəni gözlənilən dəyişikliklərin daha bir dəlili kimi qiymətləndirən milyonlarla insan üçün çox böyük əhəmiyyət kəsb edir. Prezidentin liberallaşma və azad iqtisadiyyat sahəsində ayrı-ayrı qərarlar sistemli həllini gözləyən islahatların kortəbii və gecikmiş əlamətləridir. Amma onlar da zamanın tələbinin təzahürüdür.
Xədicənin azad edilməsi ilə qaçan kapitalların ölkəyə qayıtması simvolikdir. Əvvəllər prezidentin qızlarının adına olan (bu, Xədicənin araşdırması sayəsində ictimaiyyətə məlum olmuşdu) Gədəbəyin qızıl mədənlərinin dövlətə verilməsi bunun ən parlaq nümunəsidir.
Avtoritar və qapalı dövlət qanunları ilə yaşamağa öyrəşmiş Azərbaycan Vaşinqton, London və digər Qərb paytaxtları tərəfindən müəyyən edilmiş yeni şəffaflıq dövrünə qədəm qoyur. Tarixi anlaşılmazlıq kimi avtoritarizm dövrü keçir və Xədicənin azadlığı yalnız demokratiya uğrunda mübarizə tarixində əhəmiyyətli bir epizoddur. Bu mənada Azərbaycan Demokratik Respublikasının 98-ci ildönümü astanasında və Ukrayna təyyarəçisi Nadejda Savçenkonun eyni gündə azad edilməsi təkcə Azərbaycanda deyil, demokratiya uğrunda mübarizə gedən daha geniş arealda avtoritarizmlə vidalaşma epizodlarıdır.
Turan Analitika Ximəti