Günəşə göz qırpa bilməmək

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

Ilham Əliyev son vaxtlar çıxışlarında neft kapitalının insan kapitalına çevrilməsindən tez-tez bəhs edir.

Indi isə gəlin TQDK-nın 15 mayda keçirdiyi 2 və 3-cü qruplar üzrə qəbul imtahanında abituriyentlərin topladığı ballarla tanış olaq:

600 – 700 bal – 8 nəfər (0.06%)

500 – 599 bal – 57 nəfər (0.42%)

400 – 499 bal – 291 nəfər (2.14%)

300 – 399 bal – 823 nəfər (6.06%)

200 – 299 bal – 2 min 140 nəfər (15.75%)

0 – 199 bal – 10 min 270 nəfər (75.58%)

Xüsusilə sonuncu rəqəmlər (0 – 199 bal toplayanların faizi) Azərbaycanda kütləvi savadsızlığın dəhşətli miqyasını gözlər önünə sərir. Bu rəqəmlərin fonunda hansı insan kapitalından danışmaq mümkündür?!

Bir daha sübut olunur ki, ölkədə faktiki olaraq təhsilsizlik hökm sürür. Cəhalət hər gün daha dərin kök salır. Bilgisizliyin, elmsizliyin nəhəng kölgəsi ölkə boyu ildırım sürəti ilə yayılır və Azərbaycan hər keçən gün bir az da zülmətə bürünür.

Kamyu isə “cəhalət bütün pisliklərin anasıdır” deyirdi.

Bəli, cahilliyin hegemon olduğu toplumlar da bütün pis əməllər çox asanlıqla özünə yer edə bilir. Yalan nəinki ayaq açır, hətta yeriyir. Talan, oğurluq legitimləşir. Hər cür ayıb əməl leqallıq qazanır.

Elə Azərbaycanda təhsilin yox edilməsinin səbəbini də burada axtarmaq lazımdır. Ölkənin total savadsızlığa sürüklənməsi məqsədli şəkildə edilir. Bununla yalan və talan üzərində qurulmuş mövcud Sistemin dayaqları möhkəmlədilir.

Yaptokratlar bilirlər ki, savadsızlıq ictimai şüursuzluq yaradır. Ictimai şüursuzluq isə ictimai təpkisizlik – yəni kütləvi susqunluq, etirazsızlıq, taleyi ilə barışqanlıq. Bundan sonra isə artıq nə istəsən edə bilərsən, böyük çoxluq bunu nə sorğulayacaq, nə də saf-çürük edəcək.

O ki qaldı ölkədə real olaraq nə baş verdiyini görən, anlayan və səsini ucaldan azlığa, onunla da həbs, işgəncə, dəyənək dili ilə danışıb yola vermək, zərərsizləşdirmək, zəiflətmək, heysizləşdirmək olar.

TQDK-nın məlum sınaq imtahanlarının bu ölkə və xalq adına qorxunc sonuclarının az qala mənasız, əhəmiyyətsiz bir mövzu kimi arxa plana atılması isə dəhşətin başqa bir üzüdür. Təsəvvür edin, iki gündür mətbuat və sosial şəbəkələr Bakının hansısa məktəbində 36 yaşlı müəllimənin şagirdi olmuş 18 yaşlı gənclə evlənməsi xəbəri ilə çalxalanır! Amma məlum imtahan nəticələri arxa plandadır. Yetkinlik yaşına çatmış iki insanın ailə qurmasının gündəmin bir nömrəli mövzusuna çevrilir, amma ölkənin təhsilsizlik girdabına sürüklənməsinin parlaq sübutu olan qorxunc bir faktın gözardı edilirsə, nə demək olar.

Bu günədək başımıza nə gətirilib, bundan sonra başımıza nə gətiriləcəksə, bizə müstahaqdır!

***

Illərdir bu ölkədə erkən nikah problemindən danışılır.

13-14 yaşlı qızlar zorla məktəbdən qoparılır, ərə verilir.

Amma bu belə 36 yaşlı müəllimlə 18 yaşlı oğlanın evlənməsi qədər müzakirə mövzusu olmayıb.

Azyaşlı qızların evləndirilməsinə səssiz qalıb, amma yetkinlik yaşına çatan iki insanın ailə qurmaqla bağlı qərarının belə görməmişcəsinə dartışılması da əslində düşdüyümüz mənəvi bataqlığın daha bir görsənişidir, elə ölkədə hökm sürən təhsilsizlik, savadsızlıq şəraitinin məntiqi nəticəsidir.

Bütün bu yaşadıqlarımız fonunda insan gələcək haqqında düşünərkən gülümsəmək, gözəl şeylərin olacağına inanmaq, ümid etmək, xoş hisslər keçirmək, doğan günəşə göz qırpmaq, oxuyan quşların səsinə səs vermək istəyir. Ancaq nə yazıq ki, bu bizim məmləkətdə elə quruca istək olaraq da qalır.

Cəhalət, şər qaranlığı hər gün daha çox üstümüzə gəlir, hər gün daha amansızca, daha qəddarca.