Gənclər niyə elm sahəsindən qaçır?
“Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur. 65 yaşdan yuxarı olanların sayı isə 68,7 faiz təşkil edir”.
Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransında çıxışı zamanı deyib.
Həqiqətən də elm və təhsil sahəsində təhlükəli tendensiya hökm sürür. Əvvəlki yazılarımızda bu məsələyə dəfələrlə toxunmuşuq və təhsilin niyə iflic vəziyyətə düşməsinin səbəblərini göstərmişik. Indiki halda isə nazir müavini deyir ki, yaşı 65-dən yuxarı olan elmlər doktorunun sayı 68.7 faiz təşkil edir. Deməli, gənclər elm sahəsindən imtina edir, bu sahə perspektiv vəd etmir.
Uzun illərdi müşahidə edilən budur ki, təhsil işçiləri, elmi işçilər, həyatını elmi araşdırmalara həsr edən adamlar cəmiyyətin ən ehtiyaclı təbəqəsidir. Bu sahənin adamları 150-200 manatın girovuna çevrilib, son illər ölkədən 300-ə yaxın professor gedib və onlar müxtəlif ölkələrin universitetlərində çalışırlar. Çünki, bu adamlara ölkədə qiymət verilməyib, onların əməyi istismar edilib, cəmiyyətdə dəyərlər dəyişib.
Diqqət etsək görərik ki, vəzifəli şəxslərin əksəriyyətinin elmi adları var. Yaxud, bu adamlar saysız-hesabsız kitabların müəllifi kimi göstərilir. Amma düşünmək qabiliyyəti olan hər kəs bilir ki, bu adamlar biliklərinə görə fəxri ad almayıblar və bu kitabların müəllifi ola bilməzlər. Sadəcə olaraq elmi adlar da ad günü hədiyyəsinə çevrilib, tapşırıq əsasında verilir, yuxarının xoşuna gələn adamlara təqdim edilir. Bu hökumətin yarıtmaz siyasətinə əl çalmayanlar, rejimin mədhiylə məşğul olmayanlar elm sahəsində uğur qazana bilməz. PA rəhbəri Ramiz Mehdiyev etiraf etmişdi ki, Elmlər Akademiyası bazara çevrilib, prezident aparatında işə götürmək üçün savadlı hüquqşünas tapa bilmirik, samballı elmi əsərlər yazılmır və s. Yəni, elm sahəsinin sovet dövründən qalma kadrların ümidinə qaldığını, bu sahənin tənəzzülə uğradığını ən yüksək səviyyədə etiraf edirlər.
Təbii ki, belə bir reallıqda gənclər elm sahəsini deyil, zəhmətinin nəticəsini görə biləcək sahəni seçir. Yaxud, xaricdə təhsil alanlar ölkəyə qayıtmaq istəmir, elmlə məşğul olmaq istəyənlər xaricə çıxmaq üçün yollar axtarır.
Bir sözlə, bu gün alimlərin qocalardan ibarət olması, qocalar hakimiyytinin yürütdüyü siyasətin nəticəsidir. Bu illər ərzində əllərindən gələni etdilər ki, elmi fəaliyyət üçün stimul yaranmasın.
Samir