Oqtay Haqverdiyev: «Özəlləşmə sayəsində maliyyə sistemində nizam-intizam yaratmaq mümkündür»
Hesablama Palatasının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrası ilə bağlı illik hesabata dair rəyində kreditlər və borclar barədə faktlar əksini tapıb. Dövlət zəmanəti ilə verilmiş və Mərkəzi Bankdan kredit almış bir sıra təşkilatlar həmin kreditin və ona hesablanmış faizlərin ödənişi zamanı müəyyən çətinliklərlə üzləşib. Bu da son nəticədə ödənişin büdcənin digər mənbələri hesabına aparılması zərurətiylə nəticələnib.
Müəyyən olunub ki, bir sıra hallarda büdcədən maliyyələşən təşkilatlara, nəzarət zərfi dövlətə məxsus səhmdar cəmiyyətlərə Mərkəzi Bankdan hökumət zəmanətli kreditlər verilir. Onun ödənişi isə daxili borc üzrə xidmət xərclərində nəzərdə tutulmadığından, hökumətin müvafiq sərəncamları ilə növbəti ilin büdcəsində əsaslı vəsait qoyuluşu planlaşdırılarkən müvafiq vəsaitlərin həmin təşkilatların nizamnamə kapitalının və ya aktivlərinin artırılmasına yönəldilməsi kimi nəzərdə tutulur.
Mərkəzi Bank tərəfindən verilmiş məqsədli kreditlər barədə məlumata əsasən, Hesablama Palatası tərəfindən aparılan təhlil nəticəsində müəyyən olunub ki, daxili dövlət borcu hesab edilən məqsədli kreditlərin hesabat ilinin sonuna qalığı 3 mlrd. 769,78 mln. manat təşkil edib. Qeyd edilən məbləğdən 376,46 mln. manatı vaxtı keçmiş əsas borc öhdəliyi, 122,85 mln. manat isə vaxtı keçmiş faiz borc öhdəliyi olub. Vaxtı keçmiş borclar “Azəraliminium” (76 mln. manat əsas borc, 18,7 mln. manat faiz borcu), “Azərenerji” (əsas borc üzrə 29,9 mln. manat), “Azərbaycan Hava Yolları” (əsas borc üzrə 270,47 mln. manat əsas borc, faiz borcu üzrə 104,15 mln. manat) üzrə müşahidə olunub.
Adıçəkilən təşkilatların hesabat ilində vəsaitlərin icrası ilə bağlı təqdim etdiyi hesabat göstəriciləri üzrə aparılan təhlil işləri onların maliyyə vəziyyətlərinin qeyri-qənaətbəxş olmasından xəbər verib. Bu da qeyd olunan təşkilatların dövlət zəmanətli kreditlər üzrə borcunun vaxtında qaytarılmaması ehtimalını artırıb. Bütün bunlar da öz növbəsində dövlət zəmanətli kreditlərin dövlət büdcəsi hesabına qaytarılması riski yaradıb.
Iqtisadçı-ekspertÿNazim Bəydəmirliÿ”Azadlıq” radiosuna açıqlamasında Mərkəzi Bankın kredit siyasətində şəffaflığın olmadığını bildirib.
Mərkəzi Bankın 24 illik fəaliyyəti ərzində onu heç bir dövlət qurumunun, hətta Hesablama Palatasının da yoxlamadığına diqqət çəkən iqtisadçı-ekspert Əkrəm Həsənovÿisə söyləyib ki, bir-iki istisna ilə, Azərbaycandakı banklar yoxlanmağa başlansa, rəhbərliyini cinayət məsuliyyətinə cəlb etmək üçün xeyli əsas tapmaq olar.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev də “Azadlıq”a açıqlamasında bildirib ki, dövlət qurumlarının özəlləşdirilmədiyi şəraitində belə böyük borclar həmişə olacaq. Ekspert özəlləşmə sayəsində maliyyə sistemində nizam-intizamın yaradılmasını mümkün sayır: “AZAL”ın borcu da özbaşına yaranmayıb. Təyyarə alınması zərurəti yarananda bu qurum da borca girib. Problemi həll etməyin təbii ki, yolu var. Bu da özəlləşdirilmədir. Yeri gəlmişkən, “Azərenerji”nin paylayıcı sistemini idarəetməyə veriblər. Amma idarəetmə yenə də dövlətə məxsusdur. Onu özəl etsələr, rəqabət yaranar və müqavilə nəticəsində əməli fəaliyyət baş tutar. Əslində, bütün qurumlar özəlləşərək bu formada fəaliyyət göstərməlidir. Normal iqtisadiyyatı olan ölkələrdə məsələ belə tənzimlənir. Lakin bizdə heç bu barədə danışan da yoxdur”.
Nigar