Əyalət adamlarını Bakıya yaraşdırmayanlar indi niyə susublar?

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

Bakıda tarixi abidlərə qarşı hücum davam edir: bir neçə gün öncə daha 21 abidənin söküləcəyini və abidələr siyahısından çıxarılacağı açıqlandı!

Nə yazıq ki, Bakının öz mənasız, zövqsüz, heç bir estetik özəlliyi və gözəlliyi olmayan “Yeni Dubay” projelərinin qurbanına çevirməyə çalışanlara qarşı böyük çoxluq susqunluğunu qoruyur. Kimsə qüsura baxmasın: hər sökülən, yox edilən tarixi abidənin babalı həm də bu mənzərəni səssizcə izləyənlərin boynundadır.

***

Romada, Parisdə, nə bilim dünyanın daha harasında tarixi mədəniyyət abidələrinin təmirinə, yenidən qurulmasına ətək-ətək pul xərcləyən hökumətimizin Bakıda tarixi dəyəri, anlamı olan, özündə Bakının ruhunu, mənəvi havasını, koloritini əks etdirən abidələrə qarşı düşmən münasibəti sadəcə, ikrah doğurur. Bu absurdu izah eləmək müşkül məsələdir.

Digər tərəfdən, həm ermənilərin işğal etdikləri torpaqlardakı tarixi mədəniyyət abidələrinə qarşı vandallığından gileylənib, həm də oxşar davranışı Bakıdakı tarixi abidələrə qarşı sərgiləmək heç bir məntiqə sığmır.

***

Amma məni indi, həm də bir daha bu mövzuda yazmağa sövq edən motiv bir qədər başqadır.

Yuxarıda da yazdıq: çoxluq Bakının tarixi və mənəvi yaddaşına qarşı hökumətin amansız hücumu qarşısında səssiz, təpkisizdir, anladıq, bəs cəmi bir neçə il əvvələdək Bakı haqqında narahatlıqla danışan ziyalılar hardadırlar, onlar niyə susublar? Bu adamlar gileylənirdilər ki, işğal altındakı torpaqlardan qaçqın axını və rayonlardan iş dalınca Bakıya kütləvi köç Bakının özünəməxsusluğunu, ekzotikasını əməlli-başlı korlayıb. Guya əyalət insanları Bakının yamağına çeviriblər, onun yüzillərə dayanan mənəvi iqlimini zəhərləməklə məşğuldurlar.

Yaxşı, soruşuram indi: bunu deyənlər Bakı ilə bağlı eyni təəssübkeşliyi, narahatlığı indi niyə keçirmir, hökumətin tarixi abidələr üzərinə göqdərdiyi buldozerlər haqqında niyə eyni kəskinliklə, qəzəblə danışmırlar? Hara buxarlanıb bu adamlar, hara buxarlanıb bu adamların o cəsarəti, o yanğısı, o ağrısı!

Bakı özünəməxsus mənəvi və tarixi kimliyindən bu qədər amansızcasına və bu qədər sürətlə uzaqlaşdırılarkən, Bakıdan əttökən şəkildə “yeni Dubay” düzəldilməyə çalışılarkən həmin ziyalılar niyə yaşananları görməzdən gəlir, sanki ürək ağrıdan heç nə baş vermirmiş kimi susurlar?! Niyə “ay aman, qoymayın, Bakı əldən gedir!” deyə hay-haray qoparmırlar?!

Rayondan gələnləri Bakıya yaraşdırmırdınız, bəs indi Bakının mənəvi ruhunun qəsb edilməsini necə, ona yaraşdırırsınızmı?!

***

Və sonda:

Yəqin ki, bu, Bakının “abadlaşdırılması”, “yenidənqurulması”, “gözəlləşdirilməsi” adı altında onun tarixi abidələrinə qarşı hucum haqqında son yazım olacaq. Indiyədək bu mövzuda bir neçə dəfə yazmışam, düşünürəm, bu mövzu Azərbaycanın gələcəyi ilə bağlı narahatlıqlarımızın bir parçasıdır.

Ölkəni “sintetik gözəlliklərə” bürümək, saxta “inkişaf”, “müasirlik” görüntüsü yaratmaq üçün onun mənəvi-tarixi yaddaşına qarşı amansız münasibət qəbuledilməzdir.

Nə vaxtsa siyasi, iqtisadi, maddi mənada hər şeyi, ən azı çox şeyi qaytarıb yerinə qoymaq, bərpa etmək, qurmaq, bütün itkilərin yerini doldurmaq olar. Amma elə şeylər var ki, onlar nə yenidən yaradılmır, nə də onların yeri doldurulmur.

Bu mövzuda böyük ehtimalla son dəfə yazdığımı isə ona görə qeyd etməyi vacib bildim ki, elə məsələlər var, onlar barədə yazmaqdan savayı əlindən başqa bir şeyin gəlməməsi adamı özündən də, sözündən də iyrəndirir.