Qəfəsdə saxlayan xərçəng “qanunu”

saadet-cahangir-koseSəadət Cahangir

Biz balıqçı toruna düşən xərçəngə bənzəyirik. “Niyə balığa yox, məhz xərçəngə?” deyə soruşsanız, maraqlı cavabı var.  Məlumatlı insanlar tora düşən xərçənglərin xüsusi bir özəlliyi olduğunu bilməmiş deyillər. Maraqlı olan məsələ budur ki, torla tutulub xüsusi qəfəslərə salınan xərçənglər, əsasən, ordan xilas olmağa cəhd göstərmirlər. Qəfəsin qapısı açıq olsa belə. Xərçənglər üzərində tədqiqat aparan bir alim yazır ki: “Balıqçı qəfəsə yemi qoyub ora birincinin ardından ikincinin girməsini gözlədi. Sonra qəfəsin qapısını bağlamağa ehtiyac duymadan suya buraxıb rahatca çıxıb getdi. O bilirdi ki, xərçənglər yemi yeyəndən sonra belə, qəfəsdən çıxmayacaqlar. Düşündüyü kimi də oldu, heç bir xərçəng çölə çıxmadı. Hətta yem bitəndən sonra da aralarına yeniləri gəldi və hamısı qəfəsdə qaldı…”

Doğrusu, mən özüm də bunu ilk oxuduğum zaman  “qapısı açıq qəfəsdən  niyə çölə çıxmasınlar ki?” sualına heyrətlənib qalmışdım. Ən dəhşətli məqam da elə bu sualın cavabında imiş. Demə, bu xərçənglərin çox “qəddar” bir xüsusiyyəti varmış. Qəfəsə və ya tora düşdükləri zaman, içlərindən biri çölə çıxmağa çalışanda, o biriləri buna imkan verməzlər. Qaçmaq, qurtulmaq istəyən xərçəngi hər dəfə qəfəsə sarı çəkərlər. Inadla çölə çıxmağa çalışan olarsa, o biriləri onun caynaqlarını qoparar, çox dirənəni də öldürərlər. Beləcə, xərçənglər bir müddət sonra çoxluğun basqısı altında qəfəsdə qalar ki, bu da hamısının sonu olar. Zamanı çatanda da onları bəsləyən balıqçı gəlib hamısını toplayıb “ölümə” aparar…

Bax, biz də illərdir buna bənzər tale yaşayırıq. 23 ildir düşdüyümüz qəfəsin içində baş-başa verib, dinməz-söyləməz aqibətimizin necə olacağını gözləyən toplumuq. Aqibətimiz də apaçıq ortada. Taleyimizlə elə sidq-ürəkdən barışmışıq ki, nə qəfəsdə yemin tükənməsi, nə də qapının açıq olması imkanı bizi hərəkətə gətirə bilir. Hərdənbir aramızdakı inadkarların əsarətdən qurtulmaq cəhdi də işə yaramır. Qəfəsin yaratdığı asılılıq mühiti kimsəni aradan çıxmağa qoymur. Qaçmaq, xilas olmaq istəyən də çevrənin basqısı altında qalıb taleyinə boyun əyməli olur. Ən üsyankar olanların və qəti dirəniş göstərənlərin də cəzası bəlli. Çünki ətraf çevrənin düşdüyü duruma qəti etiraz cəhdi yox və o üzdən təhlükə bütünlükdə təklənənlərin üzərinə yönəlir. Ümumi icma isə bir-birinə sarılıb kirimişcə gözləyir. Gözləyir ki, ovçu nə vaxt gəlib tora saldığı qənimətini yığıb qazanc arxasınca aparacaq…

Xərçəng “psixologiyası” bir daha sübut edir ki, azad olmağın fəlsəfəsi başqadır. Azad olmaq instinkti qapının qapalı və ya açıq olmasına bağlı məsələ deyil. Bir canlının düşdüyü tordan çıxması üçün canatımı olmalıdır hər şeydən öncə. Hansı şərtlər altında olursa-olsun, azad olmaq istəyi güc gəlməlidir bütün qorxulara. Bütün təhlükələr, yasaqlar, sədlər heçə enməlidir o böyük hissin qarşısında. Bəlkə, tək-tək çapalayıb durmaqla böyük hədəflərə çata bilməzsiniz. Amma icma, qrup, toplum, xalq şəklində böyük nəticələrə nail olarsınız. Çoxluq halında hədəfə doğru getdiyiniz zaman, qarşınızdakı bütün əngəllərin dağılıb tökülməsi şəksizdir. Yetər ki, bunu bütün varlığınızla, gücünüzlə, bir-birinizə söykənməklə, əl-ələ verməklə istəyin. Yetər ki, bunu yol açmaq cəhdi ilə özünü irəli verən, təhlükəni üzərinə çəkən,  önə çıxan daha cəsurlara arxa durmaqla istəyin. Yetər ki, istəyin, həyat təkcə xərçəng “qanunları” ilə yaşanmır. Buna tam əks qaydalar əsasında həyat sürən, ölümü tabeçilikdən üstün tutan onlarla canlı növü var…