Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayı keçirilir. Partiya sədrliyinə yeganə namizəd, gələcək baş nazir Binali Yıldırım qurultayda çıxış edib.
Yıldırım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “Böyük Türkiyənin əyilməz müdafiəçisi” kimi xarakterizə edib və onun yolu ilə getməyə davam edəcəklərini vurğulayıb.
Yıldırım terrorla mübarizəni qətiyyətlə davam etdirəcəklərini, Türkiyənin bölünməsinə yol verməyəcəklərini bəyan edib.
AKP sədrliyinə namizəd “paralel örgütə” (Gülən tərəfdarları) qarşı mübarizəni davam etdirəcəklərini də deyib. Daha sonra o, 14 illik AKP iqtidarı dönəmində rəhbərlik etdiyi Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin fəaliyyətindən danışıb.
Yıldırım yeni konstitusiyanı qəbul edə və Türkiyəni prezident üsul-idarəsinə keçirə biləcəklərinə əminliyini də ifadə edib. “Bu gün məqsədimiz, görəcəyimiz iş bu yeni Konstitusiya ilə Türkiyəyə prezident üsuli-idarəsini gətirməkdir” deyən gələcək baş nazir Türkiyəni növbəti mərhələdə dünyanın 10 iqtisadi gücündən birinə çevirəcəklərini vəd eib.



