Qorbaçova Mirzə Cəlilin “Usta Zeynal”ından şikayət

 

qorbacov 2x2Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:

(Əvvəli ötən saylarımızda)

Mirzə Cəlilin 1966-cı ildə rus dilində çıxan ikicildliyində Nəşriyyat və Ədəbiyyat işləri üzrə Baş Idarə (Qlavlit) Usta Zeynalla Qurbanın ermənilər barədə mükaliməsini çıxarmağa cəhd göstərsə də, Azərbaycan KP MK-nın elm və mədəniyyət şöbəsi müdirinin müavini Vəli Məmmədovun müdaxiləsindən sonra “Usta Zeynal” hekayəsi olduğu kimi Mirzə Cəlilin Əziz Şərif və Çingiz Hüseynov tərəfindən rus dilinə tərcümə edilmiş ikicildliyində yer aldı. Çox sonralar, 80-ci illərdə Dağlıq Qarabağda erməni separatizmi başlayanda vaxtilə Dağlıq Qarabağda Xalq Daxili Işlər Komissarlığının (NKVD) vilayət üzrə rəisi olmuş Nerses Astvatsatryan-Brutensin oğlu, 50-ci illərdə Mir Cəfər Bağırov tərəfindən Bakı komitəsində partiya işinə irəli çəkilmiş Sov.IKP MK Xarici əlaqələr şöbəsi müdirinin müavini Karen Brutens 1988-ci ilin martında “Usta Zeynal” hekayəsindən həmin mükaliməni Azərbaycan ədəbiyyatında guya erməni xalqının aşağılanması kimi Qorbaçov üçün hazırladığı xidməti məlumata daxil etmişdi. Lakin o, Usta Zeynalla şagirdi Qurbanın erməni xalqını “aşağılayan” mükaliməsini “Usta Zeynal”dan deyil, Ədibin “Saqqalı uşaq” hekayəsindən götürdüyünü, artıq sovetlərin son saqqallı uşağına çevrilmiş Mixail Qorbaçova yazırdı.

Vəli Axundovun ədəbiyyata xüsusi diqqəti

Mirzə Cəlilin 100 illiyi ilə bağlı tədbirlərdən az sonra, 1967-ci ilin mayında Vəli Axundov Molla Pənah Vaqifin anadan olmasının 250 illiyinin geniş şəkildə qeyd edilməsi barədə Sov.IKP MK-ya müraciət etdi. O, qeyd edirdi ki, Vaqif Şuşada yaşayıb yaratmış, Qarabağ xanının vəziri olmuş və xanlığın idarə edilməsində yaxından iştirak etmiş, zamanının görkəmli dövlət xadimi olmuşdur. Axundov öz məktubunda 1795-ci ildə Iran işğalçılarının hücumuna qarşı Şuşa qalasının müdafiəsinin təşkilində Vaqifin müstəsna xidmətlərinin olduğunu vurğulayırdı. Axundov Molla Pənah Vaqifin 250 illiyi ilə bağlı tədbirlərin 1968-ci ilin mayında keçirilməsini təklif edir və bu məqsədlə ümumittifaq yubiley komissiyasının yaradılmasını xahiş edirdi.

O, Vaqifin 250 illiyi fonunda Şuşada və Dağlıq Qarabağda silsilə tədbirlərin keçirilməsini nəzərdə tuturdu. Bu məqsədlə Azərbaycan Elmlər Akademiyasına, Mədəniyyət Nazirliyinə və digər əlaqədar təşkilatlara müvafiq göstərişlər verilmişdi.

Vəli Axundov rəhbərliyinin sonuncu ilində böyük Azərbaycan şairi Imadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsinə təşəbbüs göstərdi. 1969-cu il aprelin 9-da bu məqsədlə o, Sov.IKP MK-ya geniş müraciət hazırladı. Bu müraciətdə Axundov Nəsimini Azərbaycan klassik ədəbiyyatının ən möhtəşəm simalarından biri adlandırır və sovet respublikalarının, qonşu ölkələrin nümayəndələrinin, dünya şərqşünaslarının iştirakı ilə onun 600 illik yubiley tədbirini Azərbaycanın böyük mədəniyyət bayramına çevrilmək təklifi ilə çıxış edirdi. Yubiley tədbirlərinə yaxşı hazırlaşmaq və Nəsiminin ədəbi irsini toplamaq məqsədi ilə o, Sov.IKP MK-dan xahiş edirdi ki, respublikanın tanınmış filoloq və şərqşünas alimlərindən Həmid Araslı, Məmməd Cəfər Cəfərov, Mirzağa Quluzadə, Cahangir Qəhrəmanov, Məmmədağa Sultanov, Araz Dadaşzadə və digərlərinin Suriya, Iraq, Iran, Misir, Türkiyə və Böyük Britaniyaya elmi ezamiyyətə göndərilmələrinə razılıq verilsin.

Mehdi Hüseynin müəmmalı ölümü

1965-ci ilin martında Azərbaycan Yazıçılar Ittifaqının sədri Mehdi Hüseynin Ittifaqda toplantı zamanı öz iş otağında qəflətən vəfat etməsi Vəli Axundov üçün ağır itki oldu. Rəsmi münasibətlərdən başqa, onları dostluq münasibətləri də bağlayırdı. Həmin vaxt SSRI Yazıçılar Ittifaqının yanında  Sovet xalqları ədəbiyyatı komissiyasında Azərbaycan üzrə məsləhətçi işləmiş tanınmış yazıçı Çingiz Hüseynov öz xatirələrində qeyd edir ki, bu hadisə barədə müxtəlif şayiələr yayıldığı üçün hadisə baş verən gün Vəli Axundov SSRI Yazıçılar Ittifaqı Idarə Heyətinin katibi Georgi Markova zəng edib, hadisə barədə məlumat verdi. Mehdi Hüseynin Ittifaqın Rəyasət Heyətində mübahisələr zamanı vəfat etməsi xəbəri ildırım sürətilə Moskvaya və digər müttəfiq respublikaların paytaxtlarına yayılmışdı. Ittifaqdakı mübahisələrdə, hətta SSRI Baş prokuroru Rudenkoya müraciət etmək təklifi səslənsə də, Mərkəz bu məsələnin həllini respublika kommunist partiyasına həvalə etdi. Vəli Axundovun təklifi ilə Ittifaqa rəhbərlik etmək Mirzə Ibrahimova tapşırıldı.

Həmin ilin payızında Yazıçılar Ittifaqında narahatlıq doğuran digər bir hadisə də baş verdi. Sentyabrın 30-da tanınmış qəzəlxan Əliağa Vahid vəfat etdi. Mövcud qaydalara görə, Vahidin “xidmətləri” Fəxri Xiyabanda dəfn olunmağa imkan vermirdi. Lakin şairin çoxsaylı oxucuları və pərəstişkarları onun Fəxri Xiyabanda dəfn olunması məsələsində israrlı idi. Həmin vaxt yazıçı Salam Qədirzadə ölkə rəhbərliyini yaranmış vəziyyətdən xəbərdar etdi. Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov özü Bakıda olmasa da, məlumat alan kimi xalqın istəyinin nəzərə alınmasına qərar verdi. Böyük insan kütləsi 1965-ci ilin oktyabrın 1-də Əliağa Vahidin tabutunu Yazıçılar Ittifaqından Fəxri Xiyabana qədər piyada gətirib orada dəfn etdilər.

Gəncə adını qaytarmaq cəhdləri

gence-qapi

60-cı illərin əvvəllərində başlayan yeniləşmə ab-havası yer adlarının bərpası məsələsindən də yan keçmədi. 1965-ci il iyulun 25-də “Azərbaycan gəncləri” qəzetində “Kəndlərimizin adı da müasir olmalıdır” adlı çox ziyanlı bir yazı çıxmışdı. Bu yazıda Azərbaycanın olan-qalan tarixi toponimlərinin dəyişdirilməsi, yəni müasirləşdirmə adı ilə bolşevikləşdirilməsi məsələsi qoyulmuşdu. Halbuki, məhz elə həmin ildə Moskva mətbuatında rus ziyalılarının köhnə yer adlarının dəyişdirilməsinə etiraz ifadə edən yazıları dərc olunmağa başlamışdı. “Literaturnaya qazeta”nın 26 oktyabr sayında rus müəllif Vladimir Buşin “Isti döngə kimə mane olurdu?” başlıqlı bir yazısında Moskvanın köhnə döngəsinin adının dəyişdirilməsinin doğru olmadığını yazmışdı. Bu yazının əks-sədası Azərbaycanda da özünü göstərdi. 1966-cı il yanvarın 8-dəÿAzərbaycanın tarixi yer adlarının qorunub saxlanması və Gəncə şəhərinin tarixi adının özünə qaytarılması ilə bağlıÿAzərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dosenti Süleyman Əliyarovun “Ədəbiyyat və Incəsənət” qəzetində açıq məktubu dərc edildi. “Redaksiyaya məktub” adı ilə dərc olunmuş bu yazı həmin dövrdə respublikada böyük səs-küyə səbəb olmuşdu. Əlbəttə, sovet dövlətinin ən tanınmış liderlərindən olan, “nakam siyasi tale” yaşamış məşhur Qafqaz bolşeviki Sergey Kirovun ölümündən bir il sonra onun adına verilmiş qədim Azərbaycan şəhərinin tarixi adının bərpası ilə bağlı mətbuatda açıq məktubla çıxış etmək gənc bir tarixçidən böyük cəsarət tələb edirdi. O yazırdı: “Gəncə qədim şəhərdir (şəhərin əsası təqribən, 945-ci ildə qoyulmuşdur) və Azərbaycan xalqının zəngin tarixinin canlı abidəsidir… Aydındır ki, bu qədim şəhərin min illik adının dəyişdirilməsi 30-cu illərdə həmin sahədə hökm sürən inzibatçılığın acı nəticələrindən biridir”.

“Nuxa”nı “Şəki” əvəzlədi

seki

Əlbəttə, “məktubun qayəsi” yalnız Gəncədən ibarət deyildi. Orada bütövlükdə Azərbaycan ərazisində türk toponimlərinin qorunub saxlanmasından söhbət gedirdi. Süleynan müəllim yazırdı: “Bir Abşerondakı yer adlarına nəzər salın: ”Türkan”, “Zığ”, “Mərdəkan”, “Kurqan” və i.a. Bu adlarda Azərbaycanın qədim sakinləri türk, ziq, mard və kirqan tayfalarının izləri hifz olunmuşdur. Bunlardan bəziləri haqqında Strabon, Pliniy, Ptolomey kimi antik müəlliflər məlumat vermişlər. Buna görə də “Zığ”, “Korgöz”, “Xırt”, “Halit”, “Əhmədli”… kimi kənd adlarını yalnız zahiri donlarına görə atmaq olmaz, onların hər biri özünəməxsus bir tarixdir”.

Yazıçı Əlfi Qasımovun fədakarlığı nəticəsində gözlənilməz şəkildə “Ədəbiyyat və Incəsənət” qəzetində dərc olunmuş bu yazı ilə bağlı redaksiyaya yüzlərlə müxtəlif məzmunlu müraciətlər daxil olmuşdu. Bunlardan ən əhəmiyyətlisi tanınmış şair Qasım Qasımzadənin başçılığı ilə dörd nəfər ziyalının həmin qəzetdə dərc olunmuş məktubları idi. Onlar Gəncənin adının bərpası ilə bağlı Süleyman Əliyarovun təşəbbüsünü müdafiə edirdilər. Süleyman müəllimin “Ədəbiyyat və Incəsənət” qəzetində dərc olunmuş həmin tarixi məktubu o qədər geniş yayılmışdı ki, hətta 1966-cı il martın 30-da Türkiyədə çıxan “Yeni Istiklal” qəzeti onu 242-ci sayında dərc etmiş, azərbaycanlı aydının ruslaşdırmaya qarşı mübarizəsi xüsusi xəbər kimi Türkiyədə yayılmışdı.

“Sovetlərin türk köylərini tarixi bağlardan qoparmaq üçün girişdikləri kampaniya” adlı yazıda bildirilirdi: “Diqqətlə oxununca azərbaycanlı türk dosentin əndişələri, üzüntüləri çox yaxşı anlaşmaqda, kommunistlərin türk köylərini ismlərinə varıncaya qədər necə ruslaşdırmaq istədikləri, fəqət, bu durumun türkləri nə qədər mütəəssir etdigi də görünməkdədir”.

Doğrudur, Gəncənin tarixi adını bərpa etmək mümkün olmasa da, bu müzakirələr Şəkinin tarixi adının bərpasına yol açdı. Azərbaycan KP MK Bürosunun qərarı ilə respublika Nazirlər Soveti əvvəlcə 1967-ci ilin noyabr ayının 24-də Nuxa şəhərinin qədim hissəsini Tarix-Memarlıq qoruğu elan etdi. Vəli Axundov və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd Isgəndərovun Moskvaya müraciətindən sonra, 1968-ci il fevralın 15-də isə Nuxa şəhərinin adı dəyişdirilib Şəki qoyuldu və bununla da, respublikanın çox mühüm yer adlarından biri bərpa edilmiş oldu.

Ilk təntənəli Novruz bayramı

1967-ci ildə Novruz bayramının rəsmi şəkildə qeyd edilməsi Azərbaycan xalqının milli ruhunu xeyli qaldırdı. 1965-1966-cı illərdə bu bayramın Azərbaycan Demokrat Partiyası vasitəsilə keçirilməsi məhdud dairəni əhatə etsə də, ilk addımlar kimi, respublika rəhbərliyində müəyyən ümidlər yaratmışdı.

Yeri gəlmişkən, Orta Asiya respublikalarında da Novruzun keçirilməsinə bir sıra cəhdlər olmuşdu. Bütün bunları nəzərə alaraq, 1967-ci ildə Azərbaycan KP MK katibliyi Vəli Axundovun razılığı ilə Bahar bayramı adı ilə Novruz bayramının keçirilməsinə qərar verdi və bayram tədbirlərinin hazırlanması Mərkəzi Komitənin ideologiya üzrə katibi Şıxəli Qurbanova tapşırdı. Şıxəli Qurbanov bütün milli koloritləri nəzərə almaqla, yaddaqalan bir bayram təşkil edə bildi. Onun təlimatı ilə Moskvadan və digər yerlərdən bir sıra jurnalistlər bayram tədbirlərini işıqlandırmaq üçün Bakıya dəvət edilmişdilər. Ş.Qurbanov bayram tədbirlərinin informasiya təminatını çox yaxşı qura bildi və Bakıda keçirilən Novruz şənlikləri haqqında Mərkəzi mətbuat səhifələrində müsbət məlumatlar getdi. Hətta tanınmış Sovet şərqşünası Iosif Braqinski “Pravda” qəzetində bu bayramın tarixi, milli məzmunu, mənəvi qayəsi haqqında məqalə ilə çıxış etdi. Həmin məqalə Azərbaycan dilinə tərcümə edilərək 1967-ci il mayın 20-də “Ədəbiyyat və incəsənət” qəzetində dərc edildi. Sovetlərin əsas mətbuat orqanında Novruzun əhəmiyyəti haqqında məqalənin dərci milli dəyərləri dirçəltmək istəyən qüvvələrin mövqelərini gücləndirdi. Vəli Axundov respublika rəhbərliyindən gedənə qədər Bahar bayramı 1968-1969-cu illərdə daha iki dəfə qeyd edildi, amma 1967-ci ilin təntənəsi bir də təkrar olunmadı. 1969-cu ildən sonra Novruz bayramının dövlət səviyyəsində keçirilməsi üçün 20 il gözləmək lazım gəldi.

(Ardı var)