“Orada biri vardı, nazirin yaxın qohumu idi…”

atletler-kendi-qeza1Bakıda avstriyalı atletlərin vurulduğu qəza ilə bağlı məhkəmədə ilginc faktlar üzə çıxdı

Bakıda keçirilən Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvlərinin vurulduğu avtobus qəzası üzrə məhkəmə prosesi davam etdikcə maraqlı faktlar üzə çıxır. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Mayın 20-də keçirilən məhkəmə iclasında “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin rəhbəri olmuş Elmixan Hacıyev dindirilib. O bildirib ki, Bakı Avropa Oyunları Təşkilat Komitəsindən gələn siyahı əsasında sürücülərlə müqavilə bağlayıblar. Həmin siyahıda Vəli Əhmədov da olub.

Elmixan Hacıyevin istintaqdakı ifadələrilə məhkəmədə dedikləri arasında ziddiyyət yaranıb, o, sualların bir qismini cavablandıra bilməyib.

Belə olan halda, məhkəmə prosesinə sədrlik edən hakim Cavid Hüseynov onun təhsili ilə maraqlanıb. Məlum olub ki, Elmixan Hacıyev Təfəkkür Universitetinin, ardınca da Dövlət Iqtisad Universitetinin məzunu olub.

“Mən tam məsuliyyətimlə deyirəm ki, sən təhsil almamısan, görmüsən ki, ”Təfəkkür”ün diplomu keçmir, ona görə sonradan Iqtisad Universitetinin də diplomunu almısan. “Səhv düşəndə yerimiz” misalı sənə aiddir. Heç mən inanmıram ki, sürücülərlə bağlanmış 800-ə qədər müqaviləni özünə əziyyət verib sən imzalamısan. Bəs necə oldu ki, çox sevdiyin vəzifəndən tez bir zamanda istefa verdin? Axı hadisə zamanı yeni təyin olunmuşdun…”, – deyə hakim Elmixan Hacıyevə irad tutub.

Avropa Oyunlarından az əvvəl “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin rəhbəri təyin olunan və təxminən 50 gün bu vəzifədə çalışıb, hadisədən sonra öz ərizəsilə istefa verən Elmixan Hacıyev hakimin sualına belə cavab verib: “Mənim vəzifədə gözüm yoxdur”.

Elmixan Hacıyev dindirilərkən təqsirləndirilən şəxslərdən biri, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş şöbə rəisi Hüseyn Salamov qısa arayış verib. O bildirib ki, Elmixan Hacıyev quruma rəhbər təyin edilsə də, demək olar, həmin vəzifədə formal idi: “Işləri Rövşən Məmmədov adlı şəxs icra edirdi. Ümumiyyətlə, bu adamın dövründə də, ondan əvvəl də bütün işləri görən həmin Rövşən Məmmədov idi. Ondan əlavə, həmin idarədə Davudzadə soyadlı bir müavin vardı, o da nazirin yaxın qohumu idi”.

Qəzanın görüntülərinə görə işdən çıxarılan polislər

Şahidlər dindirilərkən o da məlum olub ki, avtomobil qəzasının görüntülərinin yayılmasına görə həbs olunmuş polis əməkdaşı Elçin Həsənov bununla əlaqədar cəzalandırılan yeganə şəxs deyil. Məhkəmədə şahid qismində dindirilən keçmiş polis əməkdaşları Müşfiq Mikayılzadə və Nemət Mirzəyev ifadələrində göstəriblər ki, onlar “Təhlükəsiz şəhər” kamerasının lentə aldığı qəza görüntüsünü “Whatsapp” proqramı vasitəsilə bir-birinə göndərdiklərinə görə işdən azad ediliblər. Keçmiş polislər ifadələrində Türkiyədə təhsil aldıqlarını qeyd ediblər.

Məhkəmə prosesi mayın 27-də davam edəcək.

Xatırladaq ki, sözügedən avtobus qəzası 2015-ci il iyulun 11-də “Atletlər kəndi”nin nəqliyyat deposunda baş verib.

“Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyti vurub. Bu cinayət işi üzrə məhkəmə qarşısına dörd nəfər çıxarılıb, onların arasında avtobusun sürücüsüÿVəli Əhmədovla yanaşı, keçmiş polis Elçin Həsənov, Nəqliyyat Nazirliyinin iki əməkdaşı – Hüseyn Salamov və Fərid Əmiraslanovÿda var.