Beynəlxalq maliyyə strukturlarının nümayəndə heyətlərinin lkəmizə səfərinin kökündə nə dayanır?
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası və Dünya Bankının (DB) nümayəndə heyəti Bakıya gəlib. Mayın 23-24-də isə Avropa Yenidənqurma və Inkişaf Bankının (AYIB) prezidenti Suma Çakrabarti Azərbaycana gələcək.
Dünən ölkə başçısı Ilham Əliyev BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçini qəbul edib.
DB-nin nümayəndə heyəti isə Mərkəzi Bankın sədri Elman Rüstəmovla görüşüb. Mayın 19-da isə BVF-nin nümayəndə heyəti maliyyə naziri Samir Şərifovla görüşmüşdü.
Ölkə başçısı ilə görüşdə Məhəmməd əl-Qorçini manatın devalvasiyası və digər tədbirlərin milli istehsalın qorunması, qeyri-neft sektorunda istehsal olunan məhsulların ixrac edilməsinə töhfə verdiyini bildirib .
O, hazırkı şəraitdə bank sektoruna diqqətin yönəldilməsinin vacibliyini vurğuluyaraq, Azərbaycanın müvafiq strukturları ilə fikir mübadiləsinə, texniki yardımın göstərilməsinə hazır olduqlarını deyib.
Qeyd edək ki, 3 ay əvvəl “The Financial Times” qəzeti yenidən BVF-yə üz tutan Azərbaycanın həmin qurum və DB-dən 4 milyard dollarlıq təcili yardım paketi istədiyini yazmışdı.
Bunun əvəzində isə Azərbaycanın bəzi şərtlərlə üzləşdiyi bildirilirdi. Bildirilirdi ki, BVF və DB Azərbaycanda siyasi-iqtisadi islahatların aparılacağı təqdirdə ölkəmizə yardım edə bilər. Lakin o vaxt Azərbaycan rəsmiləri belə məlumatları təkzib edirdilər.
Indi bu qurumların nümayəndə heyətlərinin Azərbaycana gəlişi və yüksək səviyyədə qəbul olunmaları bəzi mülahizələrə səbəb olub. Ehtimal olunur ki, Azərbaycan tərəfi irəli sürülən şərtlərlə razılaşıb. Beynəlzxalq maliyyə strukturlarının nümayəndə heyətlərinin Azərbaycana gəlişi bununla bağlıdır.