Vyanada nəyin  təməli qoyuldu?

novruz_memmedovYaxud Novruz Məmmədov 24 illik danışıqları real saymır

Aprel ayındakı 3 günlük döyüşdən sonra hökumət komandası böyük vədlər verməyə başladı. Hətta Müdafiə Nazirinin “vur” əmri verdiyi, böyük döyüş əməliyyatının hazırlandığı bildirildi. Belə bir vaxtda Prezident Aparatının şöbə müdiri Novruz Məmmədov da təbə gəldi və “bizim səbrimiz tükənə bilər” bəyanatı verdi. Sadə vətəndaşlar da hökumətin bu təbliğatının real olduğuna inandılar və cəmiyyətdə müharibə ab-havası yarandı. Amma qısa müddətdən sonra məlum oldu ki, “Lazım” sadəcə olaraq “razminka” edirmiş. Nəhayət, 24 ildən sonra yaranmış fürsət Vyana görüşündə dəfn edildi, hökumət tənginəfəs atəşkəs razılaşmasını möhkəmləndirmək qərarı verdi.

Bu dəfə Prezident Aparatının şöbə müdiri Novruz Məmmədov yeni arqumentlə qarşımıza çıxdı. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlərin son görüşündə əldə olunan əsas nəticə bundan sonra real danışıqların davam etdirilməsi üçün təməlin qoyulmasıdır”-deyə Novruz Məmmədov bildirib.

Iki həftə əvvəl səbri tükənənlər, indi təməl qoymaqdan danışırlar. Görəsən, 24 illik sülh danışıqları, prezidentlərin 42 görüşü nəyə xidmət edirmiş ki,  “təməlqoyma mərasimi” bugünə təsadüf edib?

24 ildir ki, “uzaqgörən siyasət”, “diplomatik uğurlar”, “Azərbyacan diktə edir” kimi ifadələr qulağımızı yağır edib. Belə çıxır ki, hökumət bu illər ərzində xalqı aldatdığını etiraf edir? Yoxsa, hökumət atəşkəsin ömrünün uzanmasını, status-kvonun dəyişməz qalmasını uğur hesab edir?

Aprel ayında “danışıqlar məntiqi sonluğuna çatıb” bəyanatı verən də, mayın əvvəlində “real danışıqların təməli qoyuldu” söyləyən də bu hökumətdir.

Bəli, uzun illər ərzində hökumətin başı neft pullarına, siyasi müxalifəti sıradan çıxarmağa, azad mətbuatı boğmağa qarışdığı üçün, Qarabağ danışıqlarında təməl qoya bilməyiblər. Eyni zamanda “böyük qardaş” Rusiya da “sement-beton” vermədiyi üçün “təməlqoyma” baş tutmayıb.

Indi, təzə nağıl bundan ibarətdir ki, Vyana görüşündə təməl qoyulub. Bəli, Vyana görüşündə təməl qoyuldu. Amma bu təməl Qarabağın azadlığı üçün yox, məğlubiyyət atəşkəsinin gücləndirilməsi üçün qoyuldu. 22 il əvvəl qoyulmuş “təməl” sadəcə olaraq təzələndi. “Lazım” daha heç vaxt gəlməyəcək. Çünki, “Lazım”ı atəşkəsin təməlinə töküblər.

Novruz Məmmədovun da dediyi kimi, real danışıqlar bundan sonra başlayacaq. Atəşkəsin təməli möhkəm olandan sonra, hər həftə Qarabağdan danışmaq olar. Hər həftə bir paytaxtda görüşüb, Qarabağı yad etmək də olar. Daha qeyri-real müharibə vədləri verilməyəcək, real atəşkəsdən danışacaqlar.

Ölkədə bütün sahələrin təməli dağılsa da olar, başlıcası odur ki, Vyanada təməl qoyulub.

İlham