Ombudsmanımız da lağlağıdır

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

Ustad Sabir deyirdi ki, “istiqbalımız lağlağıdır”. Amma təkcə istiqbalımızmı?!

Gəlin tələsməyək, öncə dünən yayılan xəbərdən bir parçaya göz ataq. Sitat: “Mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılan gənclərin bədənində işgəncə izləri aşkarlanmayıb”, Ombudsman aparatının məlumatında deyilir.

Çərşənbə günü Azərbaycan Ombudsmanı yanında işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun üzvləri gənclərin işgəncə ilə bağlı müraciətlərinə əsasən təcridxanaya baş çəkiblər.

Aparatın yaydığı bəyanatda bildirilir ki, Bayram Məmmədovun və Qiyas Ibrahimovun valideynlərinin müraciəti əsasında ombudsman onlarla təkbətək görüşlər keçirib. Gənclərin bədəninə baxış həkimin iştirakı ilə aparılıb və hər hansı xəsarət izi aşkar edilməyib”.

***

Ombudsman haqqında rəsmii arayış:

“Ombudsman (Insan Hüquqları üzrə Müvəkkil) təsisatı nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyətinə aid olmayan, ilkin öz mahiyyətinə görə dövlətin ali təsisatlarına aid orqandır. Ombudsmanın birinci səciyyəvi əlaməti onun tam müstəqilliyidir. Dünya təcrübəsinə görə, bu orqan parlament tərəfindən təsis olunur və onun qarşısında hesabat verir.

Ombudsman tamamilə azad və tərəfsiz işləyir, heç bir ölkə və ya qurumdan məsləhət və ya məlumat almır”.

***

Bəli, azad və tərəfsiz olmaq Ombudsman anlayışının fitrətində vardır. Zatən o, sadəcə bu iki ilkəyə əsaslanmalıdır.

Amma Azərbaycanda bütün demokratik qavramlar kimi, Ombudsman da öz mahiyyətini təhrif etməklə, karikaturaya çevrilməklə məşğuldur.

Götürək parlamenti. O, xalqın iradəsi ilə formalaşır. Seçkilidir. Azərbaycanda isə artıq 20 ildir təyinatlı orqan funksiyasını yerinə yetirir.

Ya da məhkəmə sistemi. Adı məhkəmədir, amma el arasında “məzhəkə” kimi tanınır. Özgür deyil. Siyasi sifarişlə işləyir. Ədaləti təmin etməli olduğu halda ədalətsizliyi gücləndirir. Prezident Administrasiyasından gələn tapşırıqlarla işləyir. Hakimin də hakimi var, o – bütün ölkədə hakimi-mütləq olandır.

Belə örnəkləri bəs deyincə davam etdirmək olar. Ombudsman da onlardan biridir. Kağız üzərində “Insan Hüquqları üzrə Müvəkkil”dir, amma gerçəklikdə YAP rejiminin Azərbaycanda haqq və özgürlükləri qəsb etməsini malalamaqla məşğuldur. Yarandığı gündən Şərin vintciyi rolunu oynamaqdadır.

Yazının lap əvvəlində gətirdiyimiz sitat bunun bariz isbatıdır.

Bayramla Qiyasa qarşı yaşanan vəhşəti ört-basdır etməyə çalışmaq Ombudsman fəlsəfəsinə tüpürməkdir, Ombudsman anlayışını gülüş hədəfinə çevirməkdir, utancvericidir.

***

Əslində bu rejim Ombudsman təsisatını yaradaraq, “bir gülləyə iki quş vurmağı” hədəfləmişdi.

Birinci “quş”: “Insan Hüquqları üzrə Müvəkkil”liyin yaradılması Avropa Şurası qarşısında öhdəlik idi. Həm bu öhdəliyi yerinə yetirdiyi, həm də, ümumiyyətlə, Azərbaycanın çağdaş dünyanın demokratik nailiyyətlərinə biganə olmadığı üçün Ombudsman təşkil edildi. Və təşkil edilərkən də onun formal çalışacağına, Prezident Administrasiyasının buyruqlarına “ləbbeyk” deməklə məşğul olacağına ağlı başında olan kimsənin quşqusu yox idi.

Ikinci “quş”: Ombudsmanın əli ilə rejim öz repressiv, basqıçı, zülmkar əməllərini dünyanın gözündən gizlədir. Axı müəyyən istisnalarla (bu isə məlum olduğu kimi, ümumi qaydanı dəyişmir!) heç bir ingilisin, fransızın, almanın, norveçlinin, ya da qeyrisinin ağlına belə gəlmir ki, Ombudsman necə yalan məlumat verə, əzilən, haqqı tapdanan insandan deyil, zalımdan yana ola bilər. Onlar bunu təsəvvürlərində də canlandıra bilməzlər. Bu da yaptokratiyaya imkan verir ki, “Insan Hüquqları üzrə Müvəkkil”in əli ilə öz işgəncələrini, zülmlərini malalasın, yalana çıxarsın.

Hər şey bu qədər sadə və bəsitdir.

***

Əgər bu gün, başda Ombudsman olmaqla, kimlərsə düşünürsə, indi xalqa qarşı baş verən cinayətlərə görə ancaq bunların sifarişçiləri, təşkilatçıları məsuliyyət daşıyır, yanılırlar.

Həmin cinayətlərin icrasında iştirak edənlər də, bu cinayətləri xalqdan və tərəqqipərvər dünyadan gizlədənlər də  unudulmayacaq.

Əsla unudulmayacaq.