Dəstə başçısının vərəmdən əziyyət çəkdiyi bildirilir
Daxili Işlər Nazirliyinin keçmiş polkovniki, çoxsaylı qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədovda vərəm xəstəliyi aşkarlanıb.
Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirib ki, Hacı Məmmədov on bir ildən çoxdur ki, saxlanıldığı Dövlət Təhlükəsizlik Xidmətinin (keçmiş MTN) istintaq təcridxanasından bir müddət əvvəl köçürülüb. Mənbənin sözlərinə görə, Hacı Məmmədov Penitensiar Xidmətin əsasən vərəm xəstəliyindən əziyyət çəkən məhbusların saxlanıldığı 3 saylı cəzaçəkmə müəssisəsinə aparılıb.
Xatırladaq ki, Hacı Məmmədovun dəstəsi Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşını oğurladıqdan sonra 2005-ci ilin martında həbs olunub.
Dəstə üzvlərindən bir qismi ömürlük azadlıqdan məhrum edilib və bu cəzanı çəkən digərləri kimi Qobustandakı qapalı həbsxanaya köçürülüb. Amma Hacı Məmmədov ömürlük həbs cəzası alsa da, illərdir ki, DTX-nın təcridxanasında saxlanılır. Müvafiq orqanlar Hacı Məmmədova qarşı bu yanaşmanın – onu “gözdən uzağa buraxmamalarının” səbəbini də izah etmirlər.
İnformasiya şöbəsi