xaqaniquzeyli@gmail.com
Obrazlı desək, dubinka, doğrudan da çətin günlərini yaşayır. Təsəvvür edin, daim kölgə salmalıdır, havadan asılı vəziyyətdə qalmalıdır ki, azadlığın gözlərini Günəşin şəfəqləri qamaşdırmasın. Razılaşın ki, çətin, eyni zamanda, əzablı missiyadır. Hələ azadlığın bir gün mütləq ayılacağının qaçılmaz olduğunu düşünəndə adamın dubinkaya lap yazığı gəlir.
Acı da olsa, bugünkü Azərbaycan reallığını başqa cür təsəvvür etmək çox çətindir. Inkişaf nağılları ilə ehtiyac zənbili arasında dərin bir uçurum yaranıb. Indi məlum olur ki, iqtidar da bunun fərqində imiş.
Yəqin ki, bir çoxlarınız polis orqanlarında işləmək istəyən gənclərin işə qəbulunda hansı kriteriyaların əsas götürüldüyünü televiziya ekranlarından gördünüz. Onların əzələlərinin nə dərəcədə möhkəm olub-olmamasını şəxsən nazir Ramil Usubov özü yoxlayırdı. Bu həm də bir əzələ nümayişi idi. Amma kimə qarşı?
Bütün bunlar ölkədə dərin bir hakimiyyət böhranı ilə bərabər, rejimin xalqdan nə qədər çəkindiyinin görsənişi idi desəm, yəqin ki, yanılmaram.
Hakimiyyət qoluzorlu gənclərin seçimini nümayişkəranə şəkildə xalqa göstərməklə mesaj verdi. Dedi ki, bundan sonra nə söhbətiniz varsa, əli dəyənəkli polislərlə edəcəksiniz. Bundan sonrası bizlik deyil.
Fikir verirsinizsə, təbliğat-təşviqat xarakterli tədbirlərin də sayı kəskin şəkildə azalıb. Hakimiyyət bu yolla varlanan dırnaqarası politoloqların, ziyalıların, kobud şəkildə desək, yaltaqların xidmətindən əvvəlkinə nisbətən daha az istifadə edir. Iqtidarın bu addımını şəxsən mən alqışlayıram. Həddən artıq mənasız bədxərclik idi, digər tərəfdən isə ölkədə analoqu olmayan bir ənənənin formalaşmasına töhfə verirdi.
Yeri gəlmişkən, bugünlərdə mətbuatdan oxudum ki, bir gənc Azərbaycanda ilin aylarının adını dəyişməyi təklif edir. Məsələn, deyir ki, may ayına Öndər ayı deməliyik. Bir anlıq təsəvvür edin… Vallah dünyadan təcrid olunarıq, AZAL uçuşlarını qeyri-müəyən vaxta qədər təxirə salar və hətta inanın ki, bu, zarafat deyil, insanların bir neçə aylıq məvacibinin dalına da keçərlər. Özü də biri may ayı olmaq şərti ilə…
Razılaşın ki, Gədəbəy aşıqları, salyanlı ağsaqqalla birlikdə bu gəncin yanında toya getməlidir.
Yazımın getdikcə nikbin, bir az da şən məcraya düşməsi sizi təəccübləndirməsin. Mövzu ağır olsa da, əbədi deyil və bizi həsrətində olduğumuz günə bir qədər də yaxınlaşdırır. Bu mərhələyə əvvəl-axır qədəm qoymalı idik. Bütün ictimai-siyasi quruluşlar, hakimiyyətlər tarixin səhnəsindən məhz bu yolla uğurlanır. Bu, xalqa verdiyi vədlərin heç birisini yerinə yetirməyən iqtidarların növbəti reveransı, saman çöpündən (dubinkadan-X.Ə) yapışması mərhələsidir.
Proletariatın dahi rəhbəri V.I.Lenin nə qədər lənətlənsə də, onun bu mərhələni ifadə edən məşhur tezisi yəqin ki, heç vaxt aktullığını itirməyəcək: “Aşağılar əvvəlki kimi yaşamaq istəmir, yuxarılar isə əvvəlki kimi idarə edə bilmir”.
Yəni insanların gözündə dubinkalar adiləşməyə başlayır…