“Bu cənnət ölkədə cəhənnəmi yaşamağa razıyam…”

ezime-agalarova-yazici-almaniyaAlmaniyada yaşayan həmyerlimiz, yazıçı Əzimə Ağalarovanın Türkiyədə yeni kitabı çıxacaq

– Əzimə xanım, yaxın günlərdə Türkiyədə yeni kitabınızın çıxacağı xəbərini oxudum. FB səhifənizdə paylaşdığınız kitabın üz qabığında kiçik hərflərlə yazılmış bir cümlə diqqətimi çəkdi. “Mən bu cənnət ölkəyə cəhənnəmi yaşamağa gəldim”. Maraqlıdır, bir insan cənnət hesab etdiyi ölkəyə niyə cəhənnəmi yaşamağa getsin ki?

– Bəli, çox doğrudur. Mən bu əsərdə 80-ci illərdə bir Azərbaycan qızının və onun şəxsində bütün Azərbaycan xalqının Türkiyəyə olan böyük sevgisini anlatmağa çalışmışam. Indiki gənclərə bu, qəribə də görünə bilər. Amma mənim yaşıdlarım çox gözəl bilirlər ki, biz o zaman millət olaraq Türkiyəyə aşiq idik və hər kəs ora getməyi xəyal edirdi. Bu isə çox çətin bir iş idi. Xatırlayıram, ildə cəmi 7 nəfər turist olaraq ora gedə bilərdi, KQB onun da 6 ay əvvəl bütün nəslini yoxlayırdı. Mənim qəhrəmanım Suzan da Türkiyəni dəlicəsinə sevən on minlərlə azərbaycanlıdan biridir. Onun üçün Türkiyəyə getmək cənnətə getmək kimi bir şey idi. O, Türkiyəyə olan sevgisini belə ifadə edirdi. “Bu cənnət ölkədə cəhənnəmi yaşamağa razıyam, təki Türkiyəyə gedə və orada qala biləm”.

– Maraqlıdır, Suzan Türkiyəyə gedib, orada arzuladığı cəhənnəm həyatını yaşayırmı? Yaşayırsa, necə yaşayır?

– Bəli, Suzan Türkiyəyə turist olaraq gedir və arzuladığı cəhənnəmi artıqlaması ilə yaşayır. Başına nələr gəlmir ki? Türk Istihbaratı onu KQB agenti hesab edərək, həbsə atır. Çox böyük acılar çəkir, amma heç kimi günahlandırmır. Öz- özünə “cəhənnəm əzabı deyirdin, çək indi” deyir. Lakin Istihbaratda işləyən bir gənc onun məsumluğuna inanır və onlar bir-birlərinə aşiq olurlar.

– Bizim oxuyub bildiyimizə görə, o zamanlar xarici ölkələrə turist qrupu getdiyi zaman mütləq aralarında bir KQB agenti olurmuş və onun işi turistlərə nəzarət etməkdi. Belə olan halda, KQB Türkiyədə Suzanı əlindən necə qaçırır ki?

– KQB Suzanı əlindən qaçırmır, əksinə, qaçmaq üçün ona imkan yaradır. KQB Suzanı ələ verməklə Sara adlı bir agentinin Türkiyədə rahat fəaliyyət göstərməsinə nail olur. Suzan və Sara əslində əkiz bacı olurlar. 1953-cü ildə doğulurlar. Suzanı valideynlərinə verirlər, Saranı isə ölü göstərirlər. Sara o vaxtlar SSRI-nin bir taktikası ilə müsəlman respublikalarında, doğuş zamanı oğurlanıb ölü göstərilərək, KQB kampında böyüdülmüş və çox ciddi intizamla agent olaraq yetişdirilmiş minlərlə uşaqdan biridir. Suzan bunu çox gec öyrənir. Saranın Istanbulda bir diqqətsizliyi onu ələ verir. Istihbarat hücrəsində iki bacı bir-birinə baxaraq nədən bu qədər oxşar olduqlarını anlamağa çətinlik çəkirlər. Nəhayət ki, Türk Istihbaratı Suzanın günahsız olduğunu öyrənir.

– Görünür ki, həqiqətən, maraqlı əsərdir… Siz burda hər hansı tarixi mənbələrə əsaslanmısınız, yoxsa hadisələr yalnız yazıçı təxəyyülünün məhsuludur?

– Əsərdə çoxlu tarixi faktlardan istifadə olunub. Maraqlı əsər olduğunu tərəddüdsüz deyə bilərəm. Suzan arzuladığı cəhənnəmdə həqiqi mənada bir tarix yaşayır. Saranın intihar etməsindən, əri Kamalın Iraq-Iran müharibəsinə agent olaraq göndərilməsindən və Iranda həbs edilməsindən sonra Suzan and içir ki, KQB-dən intiqamını alacaq. O, Saranın yerinə keçir və çox böyük işlərə imza atır. Məsələn, Türk Istihbaratına “Asala” təşkilatının məhv edilməsi üçün kömək edir, Kamalı Iran zindanından qurtarır, Beyruta gedir, nələr olmur ki… Bu əsərdə o zamanlar Azərbaycanın müstəqilliyi uğrunda gedən xalq hərəkatı ilə bağlı məsələlərə də yer vermişəm…

– Türkiyədə əsərin uğur qazanacağına inanırsınızmı? Yayımla bağlı hər hansı razılaşmanız varmı?

– Təbii, inanıram. Kitabı Azərbaycan-Istanbul Kültür dərnəyinin başqanı sayın Hikmet Elp kültür evinin yayım evindən yayacaq. Kitab bir neçə günə hazır olmalıdır. Oktyabr ayında Istanbulun iki böyük universitetində təqdimat olacaq. Hikmet bəy bu kitabın Azərbaycanın Türkiyəyə baxış nöqteyi-nəzərindən çox böyük əhəmiyyəti olduğunu deyir. O, kitabın bütün Türkiyədə tanınması üçün əlindən gələni edəcəyinə söz verdi. Bir də kitabı tərcümə edən araşdırmaçı -yazar Mətin Yıldırıma çox təşəkkür edirəm. Bu insanlar mənə təmənnasız olaraq dəstək veriblər…

Səadət