15 nəfərin ölümü ilə nəticələnən yanğına görə məhkəmə qarşısına çıxarılanlar arasında kimlər var?
Düz bir il əvvəl – ötən il mayın 19-da paytaxtda 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla əlaqədar yaxın günlərdə məhkəmə prosesi başlayacaq. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Cinayət işinin materialları artıq məhkəməyə daxil olub. Amma işin hansı hakimin icraatına verildiyi hələlik məlum deyil.
Bu cinayət işi üzrə məhkəmə qarşısına beş nəfər çıxarılır – binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov.
Onlara qarşı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, yanğın nəticəsində aralarında uşaqlar da olmaqla, 15 nəfər həlak olmuş, 50 nəfər xəsarət almışdı.
Aytən