Türkiyənin yeni baş naziri Binəli Yıldırım kimdir?

binali-yildirim2Davudoğlu Ərdoğanla vida görüşü keçirdi

Əhməd Davudoğlunun gedişindən sonra hamını onun yerinə kimin gələcəyi maraqlandırırdı. AKP mərkəzi icra orqanının 19 may iclasında Türkiyənin yeni baş nazirinin kimliyi bəlli olub. Iclasda qərara alınıb ki, partiyanın mayın 22-də keçiriləcək fövqəladə qurultayında sədrliyə namizəd hazırkı nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım olsun.

Mətbuatın yazdığına görə, AKP-dən olan deputatlar və nazirlərin çoxu B.Yıldırımın baş nazir postuna namizədliyini dəstəkləyiblər. Toplantıda baş nazir vəzifəsindən istefa verən Əhməd Davudoğlu da iştirak edib. O, B.Yıldırıma gələcək fəaliyyətində uğurlar arzulayıb.

B.Yıldırımın namizədliyi heç kimə sürpriz olmayıb. Davudoğlunun istefa qərarından sonra baş nazir postuna ən şanslı namizədlərdən biri kimi onun adı çəkilirdi.

Binali Yıldırım kimdir?

Binali Yıldırım 1955-ci il dekabrın 20-də Ərzincanda anadan olub. Istanbul Texniki Universitetinin gəmi inşaatı və dəniz elmləri fakültəsini bitirib. 1978-1993-cü illərdə Türkiyə Gəmi Sənayesi Baş Idarəsində çalışıb. Onun 1994-2000-ci illərdə Istanbul Böyük Şəhər Bələdiyyəsinin Dəniz Avtobusları Idarəsinin baş direktoru olarkən bir sıra mühüm layihələrin həyata keçirilməsində xidmətləri olub.

B.Yıldırım Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri vəzifəsinə dörd dəfə təyin olunan və bu vəzifədə ən çox xidmət edən ilk şəxsdir.

O, 2014-cü ildə keçirilən Izmir bələdiyyə başqanlığı seçkilərində 36 faiz səs toplasa da, CHP namizədi Aziz Kocaoğluna məğlub olub. Həmin ilin iyununda Rəcəb Tayyib Ərdoğanın müşaviri təyin edilib. 24 oktyabrda Əhməd Davudoğlu tərəfindən açıqlanan 64-cü hökumətdə nəqliyyat, dənizçilik və kommunikasiya naziri vəzifəsini tutub. Vəzifədə olduğu müddətdə Marmara, Yavuz Sultan Səlim Körpüsü, Avrasiya Tuneli və Osman Qazi Körpüsü inşa edilib. 2009-cu ildə Ankara və Eskişəhər, 2011-ci ildə isə Ankara-Konya istiqamətində Yüksək Sürətli Qatar yolları istifadəyə verilib. Evlidir, 2-si oğlan, 1-i qız olmaqla 3 övladı var. Həyat yoldaşı Semiha Yıldırım Ərzincanda doğulub, hazırda təqaüddə olan müəllimədir.

Xatırladaq ki, mayın 22-də AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Qurultayda B.Yıldırımın partiyaya sədrliyinə və baş nazir vəzifəsinə namizdəliyi təsdiqlənəcək.

Qapalı vida…

Bu arada, axşam saatlarında Əhməd Davudoğlu prezident Ərdoğanla vida görüşü keçirib. Görüş mətbuata qapalı olub.

60 yaşlı B.Yıldırımın namizədliyi bazar günü AKP-nin fövqalədə iclasında təsdiqlənəndən sonra o, avtomatik olaraq baş nazir kürsüsünə sahib olur. BBC Monitorinq Xidmətinin hazırladığı məlumatda deyilir ki, Yıldırım prezident Grdoğanla yanaşı AKP-nin təsisçilərindən biri olub: “O, 2002-ci ildən 2013-cü ilədək nəqliyyat naziri vəzifəsini tutub. Yıldırım bu postdan bircə dəfə – 2014-ci ildə AKP-nin Izmir merliyinə uğursuz iddiasına rəhbərlik etmək üçün ayrılıb. Hazırkı prezidentin “sağ əli” kimi tanınan Yıldırım açıq şəkildə bildirib ki, Ərdoğana icraçı prezident səlahiyyətlərinin verilməsinin, ən azı onun AKP liderliyinə qayıtmasının tərəfdarıdır. 2015-ci ildə yenidən nəqliyyat naziri təyin edildikdən sonra Əhməd Davudoğlu ilə arasında gərginlik başlayıb.

Davudoğlu ilə ədavəti var

2016-cı ilin aprelində keçirilmiş körpü açılışında Ərdoğan, Davudoğlu və Yıldırım birlikdə olsalar da, nəqliyyat nazirliyinin bəyanatında baş nazirin adı çəkilməyib və Yıldırımın bu münasibətlə “Twitter”də paylaşdığı fotolardan Davudoğlu çıxarılıb. Baş nazirin istefasından bir həftə əvvəl gərginlik yenidən artıb. Bu dəfə mətbuat konfransında çəkilən videolarda Yıldırımın Davudoğlunun yanında oturmaqdan imtina etdiyi görünür. O, mayın 4-də Davudoğlunun Ərdoğanla görüşü ərəfəsində prezidentin qəbulunda olmuş üç nazirdən biridir. Ertəsi gün Davudoğlu istefa verib”.