Bu gün Bakı Apelyasiya Məhkəməsində gənc fəal Qiyas İbrahimovun və NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə apellyasiya şikayətlərinə baxılıb.
Bu barədə gənc fəalların vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə Qiyas İbrahimovun, hakim Qədim Babayevin sədrliyi ilə Bayram Məmmədovun apelyasiya şikayətlərinə baxılıb. Qapalı keçirilən proseslərdə məhkəmə heç bir şikayəti təmin etməyib.
Vəkilin sözlərinə görə, prosesdə hər iki şəxs onlara verilən işgəncələr barəsində danışıblar. Onlar Bakı şəhər Baş Polis İdarəsində və Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində işgəncələrə məruz qaldıqlarını deyiblər. Hakimlər onlardan və prokurordan işgəncə faktı ilə bağlı hər hansı araşdırmanın aparılıb-aparılmamasını soruşublar. Prokuror və təqsirləndirilən şəxslər belə bir araşdırma aparılmadığını deyiblər.
Qeyd edək ki, Qiyas İbrahimov və NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin Milli Bankın önündə yerləşən parkdakı abidəsinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılandan sonra saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər birinin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Apelyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğvi və onların azadlığa buraxılması istənilib.
Vəkil Elçin Sadıqov qərarın ədalətsiz olduğunu deyib və yuxarı instansiyalara şikayət verəcəklərini bildirib.