Çörək haqqı

saadet-cahangir-koseSəadət Cahangir

Üç gün əvvəl böyük marketlərin birində inzibatçı ilə mübahisə edən gənc oğlanın sözlərinə qulaq müsafiri oldum. Gəncin sözlərindən aydın oldu ki, o, çörək alanda satıcı qızın yerə düşən çörəyi götürüb əvvəlki yerinə  qoyduğunu görüb və etirazını bildirib. Bundan sonra qız həmin çörəyi ayırıb kənara qoyub. Oğlan çörək alıb aralanandan sonra qızı izləyib və onun çörəyi yenidən qaytarıb rəfə qoyduğuna şahid olub. Tələsdiyi üçün ertəsi gün geri qayıdıb rəhbərlikdən kameraya baxılmasını və qıza xəbərdarıq edilməsi tələbini irəli sürüb. Gəncin davranışına bir xeyli təəccübləndim. Normalda oğlan haqlı sayılsa da, biz belə “xırda” məsələlərə görə başımızı ağrıdan deyilik, axı. Hələ adamda “höcətliyə” bax ki, tələsik çıxdığı üçün, bir də ərinməyib, sabah geri qayıdıb. Bir istədim “oğlum, Amerikada filanda doğulmamısan ki?” soruşam. Sonra istədim “analarımız bizə yerə düşən çörəyi öpüb göz üstə qoyarlar öyrədib” deyəm, vaz keçdim. Mən elə indi də bunu edirəm və yerə düşən çörəyi kiminsə götürüb atmasının tərəfində deyiləm. Amma gənc də öz-özlüyündə doğru addım atıb, irad tutulacaq bir şey olmadığını görüb aralandım…

Bu hadisəni yazmaqda sözümün canı başqadır, əslində. O söhbətə şahid olduğum an keçən il mağazadan çörək oğurlayan və həbs olunan gəncin hekayətini xatırladım. Ardınca ikinci devalvasiyadan sonra çörəyin qiyməti ətrafında gedən mübahisələr, əhalinin günlərlə bahalanmış çörək almaq məcburiyyətində qalması yadıma düşdü. Təsadüfən, elə o arada çörək istehsalı ilə məşğul olan sahibkarların şikayətlərindən bəhs edən bir yazı oxudum. Göyçaydan olan sahibkar xanım deyirdi ki, əlində kiçik səlahiyyəti olanlar belə ondan rüşvət istədiyinə görə, tikdirdiyi çörək zavodunun inşasını başa vura bilmir. Lakin gündə 40-50 min çörək bişirmə gücü olan zavodu tezliklə işə salmaq istəyir, çörəyin biri də 25 qəpiyə. Axı, belə köklü problemlər var ölkədə. Hələ yediyimiz çörəklərin keyfiyyəti, onların hazırlandığı unun mənşəyi haqqında yazılanlar da bir başqa mövzunun söhbətidir. Indi, baxaq, bütün bu problemlərə etiraz edən neçə nəfərik? Neçə nəfərimiz bu ölkədə insanların çörəklə imtahan edilməsinə, onların çörək gələn yollarının qapanmasına, çörəyə min cür haram qatılmasına etiraz səsini çıxarır ki? Bu ölkədə neçə nəfər haqqına düşən çörəyi heç bir əngəl tanımadan, zülm çəkmədən, qanun çərçivəsində qazana bilir ki? Bax, insanlarımızda çatışmayan əsas xüsusiyyət bu etirazçılıq və tələbkarlıqdır, fikrimcə. Haqqını, hüququnu tələb etməkdən, onu tapdayanlara qarşı səsini qaldırmaqdan çəkingənlik xüsusiyyəti. Bir cəmiyyətin vətəndaşı pozulan hüquqlarını, ən azı, bu müstəvidə müdafiə etmək qətiyyətində olsa, həmin satıcı qızın yerə saldığı çörəklə bağlı məsələ öz-özünə həllini tapacaq.

Uşaqlıqda ən çox çörəyə and içərdik. Mübahisəli məsələ düşən kimi mahiyyətinə belə varmadan  “çörək haqqı” deyib haqlı olduğumuzu isbatlamağa çalışardıq. Böyüklərimiz də əsəbiləşəndə “çörək gözünə dursun” deyərdi. Indi illər sonra bizim o uşaqlıq andımızın da, böyüklərimizin qarğışının da açmasını daha dərindən anlayıram. Gerçək olan odur ki, bu ölkədə insanların ən adi və ən vacib haqqı – çörək qazanmaq haqqı, faktiki, əlindən alınıb. Bəlkə, min haram qatıldığına görədir ki, insanlar çoxdandır heç çörəyə də and içmir. Görünür, o qarğışın da anlamı elə bundan ibarət imiş, buralarda çörək insanların gözünə durub…