“SilkWay”in təyyarəsi qəzaya uğradı: 7 ölü ADLAR

rus teyyare qeza

Azərbaycanın “SilkWay” şirkətinə məxsus yük təyyarəsi mayın 18-də Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. APA-nın məlumatına görə, beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaqdan ötrü komissiya yaradıb. Komissiyanın Əfqanıstana yola düşdüyü bildirilir.

Azərbaycan Dövlət Mülki Aviasiya Idarəsi isə AN-12 təyyarəsinin ekipaj üzvlərinin adlarını açıqlayıb.

Təyyarənin göyərtəsində 9 heyət üzvü olub:

1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü

2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü

3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü

4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bortmühəndis, 1964-cü il təvəllüdlü

5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü

6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü

7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü

8. Qanca Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü

9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü

Ekipaj üzvlərindən 7-si dünyasını dəyişib. Texniklər Qanca Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qiymətləndirilir.

ABŞ ordusunun Əfqanıstandakı nümayəndəsinin məlumatına görə, təyyarə mayın 18-də Helmand əyalətindəki aerodromdan qalxarkən qəzaya uğrayıb.

Onun sözlərinə görə təyyarənin qanadlarından biri uçuş xəttinə dəyərək qopub.

ABŞ “SilkWay” şirkətinə və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına qəza baş verən əraziyə çıxış əldə etmək işində kömək edir. Bu barədə isə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Səfirlikdən deyiblər ki, Birləşmiş Ştatlar ərazidə mümkün olan istənilən köməkliyi göstərəcək.