Son ümidlə…

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

Çağdaş tariximizə dünyada analoqu olmayacaq bir deyimlə – “heykəl məhbusları” kimi keçən iki gəncdən biri Bayram Məmmədovun həbs edilərkən ona verilən işgəncələrlə bağlı məktubunu oxumusunuz. Oxumayanlar üçün hər sətri 21-ci yüz il adına utancverici olan, dəhşət saçan, hər cümləsi insanın ürəyini sızladan, hər hərfindən ağrı, əzab yağan həmin məktubdan bir neçə alıntı:

* Onlar məni hər döyəndə söyürdü. Şalvarımı çıxarıb dubinka ilə əxlaqsız hərəkət edəcəklərini bildirdikdə, məcbur qalıb saxta narkotik ittihamını qəbul etdim.

* Bildirdilər ki, heykəlin qarşısına gül qoy, baş əy və AzTV-yə danış, hələ ki, gec deyil, səni azad edək. Bu təklifdən imtina etdikdə telefonla kiməsə tapşırıq verib “aparın, bununla bir az məşğul olun” – dedi. Onlar məni aşağı apardılar. Qollarımı arxadan qandalla bağlayaraq dubinka, yumruq və təpiklə döyməyə başladıar.

* Qandalların ayağımda və əlimdə işgəncə izi buraxdığını görüb əllərimi və ayaqlarımı kürəyimə yığıb “skoç”la bağladılar. Ağzı üstə yerə uzatdılar, bir nəfər kürəyimdə oturub ayaqlarımı saxlayırdı, digəri isə falaqqa üsulu ilə ayaqlarımın altına işgəncə verirdi. Sonra onlar məni əl-ayağım bağlı vəziyyətdə qaldırıb göydən yerə çırpdılar. 4-5 dəfə yerə çırpdıqdan sonra “skoç” cırıldı və yenidən yerə uzadıb ağzıüstə əllərimi ayaqlarıyla əzməyə başladılar. Digəri isə yenə də falaqqa üsuluyla ayaqlarımın altına döyməyə başladı. Sonra ayaq üstə qaldırıb dubinkanın arxasıyla sinəmə və dizimə zərbələr endirməyə başladılar. Ağrılardan və zədələrdən tam halsızlaşanda və onlar məni döyməkdən yorulanda kürəyi üstə uzadıb üzümü tam örtən kağız qoydular ki, yerə düşsə yenə də vuracaqlar. Kağız tərpəndikcə, zərbələrə davam edirdilər.

***

Bu nə vaxt baş verir? Orta çağda? Xeyr 2016-cı ildə

Harada baş verir? Dünyadan Xocalıya ədalətin tələb edildiyi ölkədə. Bəli, dünyadan Xocalıda törədilmiş vəhşətə ədalət istəyirsən, amma özün öz vətəndaşına qarşı ədalətsiz, ona yaşadığımız çağın ruhu ilə əsla örtüşməyən formada davranırsan.

Kimə qarşı baş verir? Tutduğu əməl hüquqi açıdan uzaqbaşı inzibati xəta kimi dəyərləndirilə biləcək iki gəncə?

Niyə baş verir? Çünki ölkədə hakim olan idarəetmə sisteminin mahiyyəti budur. O, etirazının istənilən formasına qarşı amansızdır, aqressivdir. Illər uzunu yaradılan xof mühitini dağıdacaq ən kiçik həmlədən əndişələnir, bunun tendensiyaya çevriləcəyindən qorxur.

***

Hər hansı əyləmi və ya söyləmi bəyənməyə, qəbul etməyə bilərsiniz. Onunla razılaşa, onu paylaşmaya bilərsiniz.

Amma bu, – özü də haçaq? 21-ci yüzildə! – insan ləyaqətini alçaltmaq haqqı vermir.

Unudulmamalıdır ki, indi yaşanan heç bir haqsız, zülmkar davranış izsiz-tozsuz ötüşmür. Hər belə davranış Azərbaycanda yeni mənəvi yaralara, travmalara səbəb olur. Hər belə davranış Azərbaycanda kin və nifrət mühitini daha da gücləndirir. Hər belə davranış toplumdakı daxili aqressiyanı, qəzəbi bir az da körükləyir. Bəlkə biriləri indi bunu hiss etməkdə çətinlik çəkirlər. Amma dərindən, soyuq başla düşünəndə, dönüb bəşər tarixinin yaxın və uzaq keçmişinə baxdıqda hər şey gün kimi aydındır. Nə yazıq ki, Azərbaycanda bugünəcən yaşananlar və bu gün baş verənlər gələcəkdə ödəniləcək daha ağır bədəllərin, daha xoşagəlməz proseslərin siqnalıdır.

Bundan quşqusu olanlar isə qoy oxşar təcrübələrdən keçmiş ölkələrdə yaşananlara, onlardakı zülm aparatlarının, repressiya maşınlarının acı sonluqlarını xatırlasınlar.

***

Hər nə qədər Bayramın məktubunu oxuyub içimiz sızıldasa, ürəyimiz yansa, öfkə və məyusluq iliklərimizəcən işləsə də, bu yazını mümkün olduğu qədər ehtirassız, soyuqqanlılıqla yazmağa çalışdım.

O ümidlə, daha doğrusu, son ümidlə ki, baş verən bunca haqsızlıqlara, dəhşətlərə rəğmən çağımızın çox sadə, adi, primitiv gerçəkliyini – yalnız ədalətin, hüququn üstünlüyünün bir ölkəni bütün çətin vəziyyətlərdən, ağır durumlardan çıxara, onu gələcəkdəki bütün mümkün təhlükəli ssenarilərdən sığortalaya biləcəyi həqiqətini anlatmaq imkanları bəlkə hələ də tükənməyib.

Bəlkə də…