Heykəl məhbusunun anası: «Gətirdikləri narkotiki mənim yatağıma qoydular» VİDEO

qiyasin-anasiNarkotik ittihamı ilə saxlanılan gənc fəal Qiyas İbrahimin anası Şura xanım AzadlıqRadiosuna danışıb. O, evində polisin apardığı axtarışa, oğlunun döyülməsi haqda yazdığı izahata münasibət bildirib.

Qiyas İbrahimin anası Şura xanım danışır

– Mənim evimə gəlib axtarış aparanda gördüm ki, başdan ayağa haqsızlıq var.

– Haqsızlıq nədə idi?

– Övladıma şər atdılar. Gözümün qabağında o gətirdiklərini mənim yatağıma qoydular. Oğlumun yatağına yox, mənim yatağıma… Mən də dedim ki, «axtarış aparma, yastığımın altına qoyduğunu götür, bilirəm artıq nəyə gəlmisiniz». Mən savadsız deyiləm, nəyə gəldiklərini gözəl bilirdim. Dedim ki, «boş-boşuna axtarış aparma, götür oradan qoyduğunu, özün də burda qışqırıb-bağırma». Polislər nərildəyirdilər, evi titrədirdilər. Qorxmasaydılar, oğlumun da, mənim də oradaca qanımı içərdilər. Təsəvvür edirsinizmi? Belə olmaz! Qanun qanundursa, ona əməl olunmalıdır. İnsanı belə vəziyyətə salmaq olmaz. O an mən ölə də bilərdim.

– Sizə qarşı kobud davranırdılar, ya təzyiq edirdilər?

– Mənə təzyiq olmadı, sadəcə, uşağımın üstünə qışqırırdılar. Oğluma qarşı kobudluq edirdilər. Mənim yanımda bunu edən gör, arxada nələr edib… Oğlumu döyüblər. Mən də əlimdən gələni edəcəyəm, hər şey edəcəyəm. Bilmək istəyirəm, övladımı nəyə görə döyürlər, niyə zorakılıq edirlər?

– Siz Qiyasla birgə tutulan Bayramın yazdıqlarını oxumusunuz, yəqin.

– Oxumuşam, bəli. Mənim oğlumu da döyüblər. Bayram kimi döyməyiblər, düzdür. Bayrama daha çox əzab veriblər… İndi bilmirəm, bəlkə də məndən gizlədirlər. Ürəyim xəstədir… Ürəyim ağrıdığından Qiyasın yazdığını mənə oxutmadılar. Heç nə demədilər… Qurban olum, olar, sonra danışaq?… Sonra danışarıq.