“Dabbaqda gönlərinə bələdəm…”

nemet-penahli2Nemət Pənahlı onu Elçibəy mövzusunda qarşıdurmaya çəkənlər haqqında sərt danşdı

“Başa düşdüm ki, buna komanda verilib… Əbülfəz bəyə sayğısı olan, Əbülfəz bəyin bu cür qiymət verdiyi adam ona küçə səviyyəsində münasibət bildirə bilərmi?”

Keçmiş siyasi məhbus Nemət Pənahlı redaksiyamızın qonağı olub və həbsi, azadlığa çıxandan sonrakı təəssüratları, eləcə də son günlər adının hallandığı qalmaqlar barədə danışıb. Onunla söhbəti təqdim edirik.

– Nemət bəy, gəldiyiniz üçün təşəkkür edirik. Azadlığa qovuşmuş bütün siyasi məhbuslarımız üçün olduğu kimi, sizin də azad edilməyinizə sevindik. Həmişə azadlıqda, ailənizlə bir yerdə olasız. Həbsdən sonra ölkəni necə gördünüz?

– Mən də “Azadlıq” qəzetinə öz təşəkkürümü bildirirəm – həbsxanada olduğum müddətətdə mənə verdiyi dəstəyə, məni müdafiə etdiyinə görə. Buradan məni dəstəkləyən, dəstəyini verə bilməyən hamıya, bütün Azərbaycan xalqına da təşəkkürümü bildirirəm. Təbii ki, atalar sözündə deyildiyi kimi, 5 il bir igidin ömrüdür. 5 il 3 ay idi ki, mən cəmiyyətdən tam təcrid olunmuşdum. Türmədə olduğum müddətdə yalnız radio vasitəsi ilə hansısa məlumat ala bilirdim. 5 ildə çox şey dəyişib. Adicə Qobustandan gətiriləndə şəhəri demək olar ki, tanımadım. Şəhərdə xeyli zahiri dəhişiklikər var. O cümlədən insanlarda da dəyişiklik var. 5 il bundan əvvəlki siyasi durumla indikində də xeyli fərq var. Bu gün feysbuk ölkə üzrə bir fenomendir, istənilən adam evində oturub istənilən fikrini cəmiyyətə çatdıra bilər. Yəni çox şeylər dəyişib. Amma buna baxmayaraq problemlər var. O cümlədən şəxsi problemlərim də var – hamının olduğu kimi. Hərçənd şəxsi problemimi çalışmışam heç zaman qabartmayım. Əsas odur ki, ətrafimda baş verən haqsızlıqlara susmamışam və heç zaman susmaram.

– Yeri gəlmişkən, həbsdən çıxandan az sonra yaşadığınız binanın qarşısında qonşunuz, AXCP sədri Əli Kərimlinin əleyhinə təşkil olunan aksiyaya etiraz edərkən polis tutub aparmışdı sizi…

– Bilirsiz, bu mənim xarakterimdir, heç zaman belə halda susa bilmirəm. Uşaqlıqdan beləyəm. Hələ orta məktəbdə oxuyanda bir ilin içində 8 dəfə polisə düşmüşəm, amma heç birində özümə görə yox. Hamısında kiməsə haqsızlıq olub, onu müdafiə etmişəm. Həbsxanada da heç çürə həzm edə bilmədiklərim olub. Mənə hər zaman irad tutublar ki, orada hər cür cinayətkar var, narkomanı, oğrusu, bir siyasət adamı kimi onları niyə müdafiə edirsən?.. Hesab edirəm ki, Azərbaycan siyasətində məndən çox haqsızlığa məruz qalan yoxdur. Sağdan da, soldan da təqiblərə məruz qalmışam. Həbsdən çıxandan sonra müəyyən dövr üçün adaptasiya olunmalı idim. Ən azı 5 il 3 ayın tam 3 ilini qapalı yerdə həbsxanada qalmışdım. Sutka ərzində cəmi bir saat kiçik bir yerdə havaya çıxarılırdım, qalan vaxtı isə qapalı kiçik bir kamerada keçirirdim. Bu, şəkər xəstəsi üçün bir ölüm idi. Yoqa ilə məşğul olmasaydım ölməliydim. Məni ora salanlar bunu hesablamışdılar. Belə şəraitdən çıxan adam istər-istəməz müəyyən sakitçilik istəyər. Belə olan halda hər gün yaşadığın evin qarşısında səs-küy, insanın əsəblərinə toxunan haqsızlıq, təhqirlər. Əlbəttə, buna dözə bilməzdim. Əli bəylə biz hərəkat yoldaşı olmuşuq. Birlikdə uzun müddət yol getmişik, düzdür fikir ayrılığımız olub, müəyyən zamanda tamam başqa mövqelərdə olmuşuq. Deyir gərək düşmənçiliyi də kişi kimi edəsən. “Qarlı aşrım” romanında bir epizod var. Kərbəlayi sovet hakimiyyətindən canını qurtarmaq üçün Türkiyəyə qaçmaq məcburiyyətində qalır. Amma bu zaman gəlini hamilə olur. Gəlir oğlunu öldürən qan düşməninin qapısına və gəlinini ona əmanət etmək istədiyini deyir. Düşməni isə arxayın get deyib, onu yola salır. Bu çox da uzaq keşmişdə olmayıb, üzr istəyirəm, mənim qaynatam həmin kənddən olub, deyirlər ki, uşaq dünyaya gələcəyi zaman həmin adam ətrafdakı bütün həkimləri gətirtdirir və özü də Allaha dua edir, yalvarır ki, İlahi mənim etibarımı zədələmə. Uşaq sağ salamat doğulur, ondan sonra aparıb Türkiyədə təhvil verib qayıdır. Yəni düşmənçiliyi də kişi kimi edirlər, ləyaqətlə edirlər. Təəssüflər olsun ki, bu gün bütün dəyərlərimiz tapdalanıb… Heç Əli bəy olmasın, başqası olsun – istənilən adama qarşı edilən o cür təhqirlərə dözə biməzdim. Hələ o üç-dörd gün ərzində dilimi dişimlə tutub, özümü güclə saxalmışam. Sonda səsimi çıxarmağa məcbur oldum. Və cəmiyyəti qınamışam – yəni bir ağsaqqal, bir başa düşən yoxdur ki, bunları dayandırsın? Belə mübarizə aparılmaz, belə mənəviyyatsızlıq olmaz. Mənim ölçüm budur.

– Bu günlərdə adınız daha bir qalmaqalın içindədir. Söhbət mərhum eks-przident Əbülfəz Elçibəy haqqında dediklərinizdən gedir. Ölkənin ictimai-siyasi gündəmində çoxlu önəmli məsələlərin olduğu bir vaxtda, belə deyək, “köhnə palan içi sökməyin” nə mənası var? İndi dünya Azərbaycandakı yüksək səviyyəli korrupsiyadan, hakimiyyət başında duranların ofşorlardakı hesablarından yazıb, danışır, amma ölkə daxilində kimlərsə bu mövzulara toxuna bilməyib, tarixin qiymət verəcəyi mövzuları gündəmə gətirir…

– Bilirsiniz, mən onun əlehinəyəm ki, hər hansı bir siyasi xadim ölüb deyə, onun əleyhinə danışılmamalı, barəsində heç bir tarixi həqiqət deyilməməlidir. Hər bir hadisə öncəsi onun yad edilməsi, ona qiymət verilməsi vacibdir. Məsələn, qarşıdan Gəncə hadisələrinin ildönümü gəlir. Onunla bağlı bir sual çıxa, müzakirə aparıla bilər. Lakin mən həbsdən təzə çıxmışam, hər gün zənglər gəlir: “Əbülfəz bəylə sənin aranda filan hadisə olub, buna münasibətin…”, “Əbülfəz bəydən üzr istəmisənmi?”, “Əbülfəz bəyə xəyanət etmisənmi, peşmansanmı?”… Dəfələrlə buna boş vermişəm, fikirləşmişəm ki, bu nəyə görədir, Əbülfəz bəyin doğum günü deyil, ölüm günü deyil, ya onunla bağlı hansısa bir əlamətdar gün deyil. Bunu nə məqsədlə soruşurlar? Bu gün ölkənin o qədər problemi var, onlardan soruşun da. Mən də bunun məqsədli şəkildə ortaya atıldığını bildiyim üçün, arxasında kimlərin dayandığını ortaya çıxarmaq məqsədilə cavab verdim ki, görüm səsi hardan çıxacaq.

Mən nə demişəm? Araşdırın, baxın. Demişəm ki, həyatımda heç kəsə şər böhtan deməmişəm, inanmadığım sözü danışmamışam, dediklərimi inanıb demişəm, dediyim sözdən də heç vaxt imtina etməmişəm, hələ bildiklərimin də hamısını deməmişəm. Burda Əbülfəz bəyi hər hansı bir formada təhqir varmı?

Əbülfəz bəylə biz bir yerdə olmuşuq, mübarizə aparmışıq, silahdaş olmuşuq, sonra bizim yollarımız ayrılıb. Mən din davası etmişəm, un davası yox. Prinsip davası etmişəm. Üzünə demədiyim sözü heç kimin arxasınca da deməmişəm. Əbülfəz bəylə Azərbaycanda mənim qədər yaxın olan adam olmayıb. Yollarımız ayrılsa da, buna dəfələrlə toxunulub. Əbülfəz bəyi mən ən sərt şəkildə tənqid edəndə belə, o buna normal yanaşıb. Deyib ki, Nemət bu meydanın qəhrəmanıdır, Nemət bu millərtin azadlıq simvoludur. Deyib ki, Nemət Pənahlını bütün səhvləri və düzləri ilə övladım qədər sevmişəm. Əbülfəz bəyə sayğısı olan, Əbülfəz bəyin bu cür qiymət verdiyi adam ona küçə səviyyəsində münasibət bildirə bilərmi? Mən həmin adamların dabbaqda gönünə bələdəm. Başa düşdüm ki, buna komanda verilib. Həmin adamlara necə deyərlər, meydan lazımdır, danışmağa sözləri yoxdur. Onlar da danışdı. Əbülfəz bəy barədə guya filan vaxt filan sözü demişəm. İndi deyin, Əbülfəz bəyi mən təhqir etmiş oldum, ya onlar? Buna deyərlər kraldan artıq kralçılıq etmək və ya Roma papasından artıq katolik olmaq.

Peygəmbər (s.s) deyirdi ki, əməllər niyyətə görədir. Bir misal da çəkim. Bir nəfər səhabə hər döyüşdə şəhidlik arzusu ilə döyüşə qatılırmış. Nəhayət, döyüşlərin birində bu adam arzusuna çatır. Peyğəmbərə deyirlər ki, həmin adam arzusuna çatdı. Peyğəmbər isə deyir yox, o adam şəhid olmadı. Şeytan onu aldatdı. Son anda o gözünü düşmənin atına dikdi, onu əldə etmək niyyətinə düşdü. Ona görə də o, atın şəhidi oldu, Allahın yox. Sizi əmin edirəm, o adamların niyyəti Əbülfəz bəyə sayğı deyil. Onlar Əbülfəz bəyə Nemətdən sayğılı olmayıblar. Yenə deyirəm, uman yerdən küsərlər, Əbülfəz bəylə yaxın olmuşuq, fikir ayrılığımız olub, amma bu, heç vaxt təhqir səviyyəsində ola bilməz.

– Nemət bəy, razılaşırmısız ki, cəmiyyətimizin fəal kəsiminin sizə münasibəti birmənalı deyil? Əgər razısızsa, bunun səbəbi barədə düşünmüsüzmü?

– Mənə münasibətdə iki tip insanalr var – ya fanatikcəsinə sevənlər, ya da amansızcasına düşmən olanlar. Kimdir mənə düşmən olanlar? Sovet imperiyası və onun nökərləri, hansı ki, həmin qurluş dağılandan sonra vəzifələrini, var-dövlətlərini itiriblər. Sonra bir neçə hakimiyyət dəyişilib. Bu dəyişikliklər zamanı mövqeyini itirənlər də mənə düşməndir. Məni özünə ən böyük düşmən sayanlardan bir qrupu da Heydər Əliyevin hakimiyyətə gətirilməsində ittiham edənlərdir. Mən adam tanıyıram, “Qardaşlıq” cəmiyyətin üzvü olub, o vaxt 26 lar rayonunda polisdə işləyirdi, Heydər Əliyevə düşmən olan adam idi, indi isə təcridxanalardan birində rəis müavinidir.

İndi mənim gördüyüm işlərin çoxunu öz adlarına çıxan qüvvələr var, hər ikisi də bir birinə guya əks mövqedədirlər. Milli Azadlıq Hərəkatının təməlini mən qoymuşam, Lenin meydanının adını mən dəyişib Azadlıq meydanı qoymuşam… Təvazökarlıqdan uzaq olsa da, mən reklam işləri ilə məşğul olmamışam. Bir şeirim də var: “Şair işləmədim, şair doğuldum”.

Mənim kimi adamı türmədə idarəedilməz, çətin tərbiyə edilən dustaqların siyahısına salıblar. Nəyə görə, şeir yazmışdım ki, “Dilənir zabiti dilənçi kimi”. İndi soruşuram, mən bu hakimyyət üçün çalışmışam?

Türmədən çıxandan sonra da heç bir əndazəyə sığmayan hərəkətlərlə qarşılaşıram. Hər gün biri zəng edir. Nə deyirlər? “Köhnə palan içi” söhbəti…

– Yaxşı, bəs, bu günümüz barədə düşüncələriniz nədən ibarətdir?

– Mənim nöqteyi-nəzərimlə, bizim nəsil Qarabağ problemini gələcək nəsillərə saxlamamalıdır. Bu problem növbəti nəsilə ötürülsə, Qarabağın taleyi Göyçənin, Zəngəzurun, İrəvan çuxurunun, Dərbəndin taleyi ilə eyni olacaq. Bizim birinci məqsədimiz millət olaraq, dövlət olaraq, müxalifətli, iqtidarlı bu problemi gələcək nəsillərə ötürməyə imkan verməmək olmalıdır. O zaman deyirdik ki, bu məsələrdə əsas düşmən rus imperiyasıdır, erməni sadəcə bu imperiyanın əlində olan bir mərmidir. Bu gün də həmin fikirdəyəm. Əfsuslar olsun ki, bu gün də Rusiyaya xilaskar kimi baxan, ona inananlar var.