Hüquq sistemi rejimin cəza aparatına çevrilib
Uzun illərdi hakimiyyət qanunları, məhkəmələri, Cinayət Məcəlləsini rəqiblərə qarşı cəza vasitəsinə, qisas aparatına çevirib. Balaca uşaq da bilir ki, bu ölkədə günahsız bir insanı şərləmək, vicdanlı bir insanı “vətən xaini” kimi təqdim etmək, şəxsi mülkiyyəti zorla mənimsəmək adi hala çevrilib. Bütün qurumlar öz funksiyasını itirdiyinə görə, hakimiyyət qanunsuzluğun funksiyasını müəyyən edib.
Azərbaycanda hüquqsuzluğun, ədalətsizliyin meydan suladığına əmin olmaq üçün hakimiyyətin AXCP-yə qarşı münasibətinə diqqət etmək kifayətdir. Bugünə qədər bu partiyanın yüzlərlə üzvü müxtəlif ittihamlarla həbs olunub, partiya üzvləri ağlagəlməz təzyiqlərlə üzləşib, onlara qarşı iyrənc kampaniyalar təşkil edilib və s.
Bu gün də bu iyrənc ənənə davam edir. Hazırda AXCP-nin 10-a yaxın üzvü həbsdədir. Məhkəmə proseslərində bu adamların günahısızlığı sübuta yetirilib, onlara qarşı ittihamların qondarma olduğu aydın görünüb. Sadəcə olaraq sifariş yuxarıdan gəldiyi üçün, məhkəmə, qanun, hüquq aciz qalıb.
AXCP üzvü olduğuna görə Qarabağ qazisi Asif Yusiflini də azadlığa buraxmadılar. Ancaq onun işində nə zərərçəkən, nə də şikayətçi var. 9 milyonun haqqın oğurlayıb dələduzluq edənlər Qarabağ qazisini dələduzluq ittihamı ilə cəzalandırırlar.
Digər Qarabağ qazisi Qadir Xudabaxşiyevə qarşı da eyni düşmənçilik sərgilənir. AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev narkotik ittihamı ilə uzunmüddətli həbslə cəzalandırılıb. AXCP sədrinin müavini Seymur Həzi xuliqanlıqda ittiham olunub və 5 il həbs cəzası alıb. AXCP sədrinin müşaviri Məmməd Ibrahim hansısa üzədurana şillə vurmaqda ittiham edilib və 3 il həbslə cəzalandırılıb. Murad Ədilov, Zeynalabdin Bağırzadə və digərləri də rejimin şərinin qurbanıdır.
Hakimiyyətin qisas hissi o qədər qabarıqdır ki, ağır xəstə olmasına baxmayaraq AXCP sədrinin qayını Elnur Seyidovu girov saxlayırlar. “Texnikabank”ın bütün rəhbərliyi həbsdən azad edilib, bu adamların MTN-in qurbanı olduğu bildirilir, amma AXCP sədrinin qayını bu qurbanlar sırasına daxil edilmir. Cinayət Məcəlləsi Elnur Seyidovu həzm edə bilmir. Çünki, bu məcəllənin gücü cinayətkarların əlinə keçib.
Bəli, AXCP-yə qarşı düşmənçilik sərhəd tanımır və bu adamlar ləyaqətlə yaşamaq istədikləri üçün, vicdanlı olduqlarına görə həbs olunublar. Bugünlərdə isə hakimiyyətin AXCP-yə qarşı düşmənçiliyi bir daha özünü göstərdi. Qondarma ittihamlarla həbs olunmuş AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı yeni ittiham irəli sürüldü. Bəli, hökumətin ürəyi soyumadı, şərin dozasını az qiymətləndirdilər və ittihamı daha da ağırlaşdırmaq qərarı verdilər. Əlbəttə, vicdanı olan, içində ləyaqət hissi daşıyan, insanlıqda payı olan heç kim bu qədər iyrəncliyi özünə sığışdıra bilməz. Amma mənəviyyatı epidemiyaya yoluxmuş adamlar hələ də var və bu adamlar bütün müqəddəs dəyərləri əzməyə hazırdılar.
Fuad Qəhrəmanlıya qarşı ittihamları sübuta yetirə bilmədikləri halda, bu ittihamların sayını artırmaqla məşğuldular. Çünki, əmindilər ki, qanunu zorladıqları üçün məsuliyyət daşımayacaqlar. Bilirlər ki, bu cinayət əməllərinə görə izahat verməyəcəklər. Milyardları mənimsəmiş, yüzlərlə günahsız insana zərər vurmuş, mafioz dəstə yaratmış Eldar Mahmudov evində istirahət edir, bütün həyatını ləyaqətlə yaşamış Fuad Qəhrəmanlı isə həbsdədir.
Ilham Əliyevin yaratdığı, inkişaf etdirdiyi, “yaşıl işıq” yandırdığı hüquq sistemi bu qədər eybəcərdi, bu qədər iyrəncdi.
Bütün bunlar acizliyin, qorxaqlığın göstəricisidir. Əgər Ilham Əliyev xalqın 97 fazininin səsin alıbsa, Fuaddan, Asifdən, Seymurdan, Məmməddən niyə qorxur? 700 min üzvü olan partiyanın sədri AXCP ilə niyə qanunlar çərçivəsində mübarizə apara bilmir?
Nəticə isə göz qabağındadır. Bu gün Əliyev hakimiyyətinin heç bir məmuru cəmiyyətdə nüfuz sahibi deyil. Amma bu mübariz insanları cəmiyyət alqışla qarşılayır, bu adamlar dünyanın ən yüksək mükafatlarına layiq görülürlər. Yəni bu adamlar həbsdə də rejimə qalib gəliblər. Tarix onları alqışla, rejimi isə qarğışla anacaq.
Hakimiyyət unutmamalıdır ki, bu qisasçılığın ən ağır zərbəsi onun özünə dəyəcək.
Aqil