60-cı illərdə Qarabağı Ermənistana birləşdirmək cəhdləri

veli-axundovAxundov ermənilərin iddialarını faktlarla darmadağın etdi

Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:

***

1965-ci ildə Yeravanda müşahidə olunan fəallıq Dağlıq Qarabağda da özünü göstərməyə başladı. Ermənistandan gələn fitnəkarların təhriki ilə Stepanakertin bir sıra partiya və dövlət orqanlarının işçiləri vilayətin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi xahişilə 1965-ci ilin yanvarında Sov.IKP MK-ya müraciət etdilər. Əgər indiyə qədər bunu anonim və “zəhmətkeş” dairələrdən olan millətçi qrupların adından edirdilərsə, bu dəfə vilayət partiya komitəsində, sovet orqanlarında və mədəniyyət müəssisələrində çalışan rəhbər işçilərin imzası ilə Köhnə Meydana (Sov.IKP MK-nın aparatının Moskvada yerləşdiyi bina) müraciət edilmişdi. Müraciəti Azərbaycan Yazıçılar Ittifaqının vilayət bölməsinin məsul katibi Baqrat Ulubabyan, “Sovetakan Karabax” vilayət qəzetinin redaktoru, vilayət paprtiya komitəsinin üzvü Lazar Qasparyan, həmin redaksiyanın əməkdaşı Boqdan Çanyan, Stepanakert şəhər icraiyyə komitəsinin sədri Sergey Şakaryan, vilayət radio verlişləri idarəsinin böyük redaktoru Qriqori Stepanyan, vilayət mədəniyyət şöbəsinin müdiri Qurgen Qabrelyan, həmin idarənin böyük redaktoru Maksim Oqanisyan, Martuni rayon Şaumyan adına kolxozun sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı Arsen Mukanyan, Stepanakert elektrotexnika zavodunun direktoru Albert Seyranyan, 59 nömrəli tikinti idarəsinin rəisi Arkadi Manuçarov, həmin idarənin baş mühəndisi Sergey Qriqoryan, 2 nömrəli şərabçılıq sovxozunun direktoru Aram Babayan, Maksim Qorki adına Stepanakert Dövlət Teatrının artisti Mixail Korqanyan və digərləri imzalamışdılar. Öz niyyətlərin pərdələmək üçün onlar əvvəlcə 12 bənddən ibarət sosial-iqtisadi, mədəni məsələləri önə çəkirdilər və bütün bunları bəhanə edib Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbini qoyurdular.

Erməni yalanları və Axundovun ortaya qoyduğu faktlar

Qeyd edilən müraciətə münasibət bildirmək üçün yanvarın 14-də onu Azərbaycan KP MK-ya göndərildi. Maraqlıdır ki, Moskvadan Bakıya göndərilən mətndə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi çıxarılmış, sosial-iqtisadi və mədəni xarakterli məsələlər saxlanılmışdı. Vəli Axundov təcili olaraq müraciətdə qoyulan məsələlərə cavab hazırlanması üçün təlimat verdi. Orada qoyulan bütün məsələlərə ətraflı cavablar hazırlandıqdan sonra, fevralın 12-də o, Sov.IKP MK-nın partiya orqanları ilə iş şöbəsinə 5 səhifəlik əsaslandırma göndərdi. Axundov yazırdı ki, müraciətdə səhv olaraq göstərilir ki, Stepanakertdəki çörək zavodu Ağdam şəhərinə tabedir. Halbuki, sutka ərzində 20 ton istehsal gücü olan həmin zavod, onu texniki avadanlıq və unla təmin edən respublika Xalq Təsərrüfatı Şurasının  yeyinti sənayesi idarəsinə tabedir.

Müraciətdə 2-ci məsələ vilayət icraiyyə komitəsinin səhiyyə şöbəsinin Ağdama tabe olduğu bildirilirdi. Axundov yazırdı ki, bütün respublikada olduğu kimi vilayət səhiyyə şöbəsi də respublika səhiyyə nazirliyinə baxır və həkimlərin təyinatı bir sıra nomenklatura vəzifələri çıxmaq şərtilə vilayət səhiyyə şöbəsi tərəfindən həyata keçirilir. O, qeyd edirdi ki, müraciət müəlliflərinin yazdıqlarının əksinə olaraq, Qarabağ ipək kombinatı Nuxa ipək kombinatına deyil, respublika Xalq Təsərrüfatı Şurasına tabedir və müstəqil müəssisə kimi fəaliyyət göstərir. “Soyuzpeçat” şəbəkəsi ilə bağlı da ermənilər yazırdılar ki, vilayətdə olan bu şəbəkə guya Ağdamdan idarə olunur, Axundov isə dəqiqləşdirirdi ki, idarənin vilayətdə olan 18 ticarət məntəqəsi müvafiq olaraq vilayət orqanları və Azərbaycan SSR rabitə nazirliyi tərəfindən idarə edilir. Onlar yazırdılar ki, Stepanakert sement-beton zavodu Bərdə rayonuna tabe edilib, Axundov isə Moskvaya bildirirdi ki, Stepanakertdə, ümumiyyətlə belə bir zavod yoxdur.

Sonra Axundov Tərtər su elektrik stansiyası, Kirovabad maşın təmiri zavodu, mənzil tikintisi və bir sıra məişət obyektlərinin inşası haqqında ermənilərin yazdıqlarının doğru olmadığını rəqəm və faktlarla təkzib edirdi. Məsələn, onlar yazırdılar ki, DQMV-nin mövcud olduğu 40 il ərzində vilayət ərazisində bir kilometr olsun belə yol çəkilməyib və təmirat işləri görülməyib. Axundov isə Sov.IKP MK-ya bildirirdi ki, yalnız son 20 ildə vilayətdə respublika orqanları tərəfindən 236 km yol çəkilib və vilayət orqanları tərəfindən 521 km yol yenidən qurulub. Vilayət ərazisində olan kolxozların tut arağı istehsal etmələrinin qadağan olunmasına gəldikdə, Axundov yazırdı ki, belə kustar üsulla spirtli içkilər istehsal etmək Ittifaq hökumətinin müvafiq qərarı ilə qadağan edilir.

O, qeyd edirdi ki, müraciətdə guya maarif və mədəniyyətin səviyyəsinin aşağı düşməsi ilə bağlı iddialar da həqiqətə uyğun deyil. Respublikada orta hesabla hər 1000 nəfər əhaliyə 234 nəfər şagird düşdüyü halda, Dağlıq Qarabağ vilayətində bu göstərici 252 nəfərdir. Stepanakertdə iki illik müəllimlər institutunun bağlanması ilə bağlı iddiaya gəldikdə, Axundov izah edirdi ki, respublikada olan ali təhsil müəssisələri erməni dilində olan məktəblər də daxil olmaqla, onların müəllim kadrlarına olan ehtiyacı ödədiyi üçün, yalnız Stepanakertdə deyil bütün Azərbaycan SSR ərazisində analoji təhsil müəssisələri bağlanmışdır.

Axundov eyni zamanda, DQMV-də dram teatrın, vilayət mahnı və rəqs ansamblının, muzeylərin, musiqi məktəbinin və texnikumunun, mədəniyyət evlərinin, klub və kitabxanaların, mədəni-maarif müəssisələrinin geniş şəbəkəsinin olduğunu Moskvanın nəzərinə çatdırırdı.

Ermənilərin Moskvaya şikayəti

kreml

Əlbəttə, Vəli Axundov tərəfindən təkzib edilən bütün bu iddialar sosial-iqtisadi, mədəni ehtiyaclardan deyil, respublika orqanlarının guya vilayətə yetərincə diqqət göstərmədiyini bəhanə gətirərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi arzusunu əsaslandırmaq üçün idi.

Dağlıq Qarabağın rəhbər partiya, sovet və mədəniyyət işçilərinin Moskvaya yazdıqları kollektiv məktuba Vəli Axundovun geniş izahatları ilə ermənilər qane olmadılar. Onlar bəzi əlavələrlə əvvəlki şikayəti yeniləyib, əvvəlki tərkibdə bəzi kiçik dəyişikliklər etməklə, 1965-ci ilin iyununda yenidən Sov.IKP MK-ya göndərdilər. Bir sıra təsərrüfat xarakterli, vilayətə kapital qoyuluşu və sairlə yanaşı, bu dəfə onlar əhalinin kütləvi olaraq vilayətdən başqa yerlərə getmələri, ancaq dövlət ehtiyacları ilə bağlı hər il 250-300 kişi əhalinin şəhərlərə aparılması, Stepanakert texniki-peşə məktəbi məzunlarından digər yerlərdə istifadə edilməsi və sairdən narazılıq edirdilər. Yeni şikayətdə ermənilər vilayətdə öz mətbəələrinin, dövri ədəbi-bədii nəşrin, gənclər və maarif işçilərinin mətbu orqanının olmamasından da narazılıqlarını bildirirdilər. Onlar yazırdılar ki, vilayətdə yazıçıların sayının artmasına baxmayaraq, müvafiq respublika orqanlarına 6 əlyazma təqdim edilsə də, son iki ildə heç bir kitab Azərbaycan Dövlət Nəşriyyatının planına daxil edilməyib. Moskvaya göndərilən şikayətdə vilayət orqanlarında kargüzarlıq işlərinin erməni dilində aparılmamasından da narazılıq edilirdi. Məktubda deyilirdi: “Vilayət partiya komitəsi bürosunun qərarı ilə Ermənistandan olan yazıçılar və incəsənət xadimlərinin Qarabağa gəlib öz oxucuları ilə görüşmələri qadağan edilib”.

Ən nəhayət, onlar şikayətlənirdilər ki, respublika rəhbərləri demək olar ki, Dağlıq Qarabağda olmurlar. Bütün bunları bəhanə gətirərək məktub müəllifləri vilayətin Ermənistana birləşdirilməsini təklif edirdilər.

Ermənilərin iddiaları darmadağın edildi

Şikayət məktubu tədbir görülmək üçün 1965-ci il iyulun 20-də Moskvadan Azərbaycan KP MK-nın ikinci katibi Pyotr Yelistratova göndərildi. Vəli Axundov məktubda qoyulan yeni məsələləri araşdırmaq üçün partiya aparatı və müvafiq təşkilatlara göstəriş verdi. Vilayətdə əmək ehtiyatlarının respublikanın mərkəzi şəhərlərində istifadəsi ilə bağlı Azərbaycan SSR Nazirlər Soveti yanında Əmək Ehtiyatları Uçotu, Mütəşəkkil Fəhlə Toplama, Işə Düzəltmə və Köçürmə Baş Idarəsinin rəisi Z.Kurmakayev iyulun 25-də Azərbaycan KP MK partiya orqanları şöbəsinin müdir müavini Z.Qədirova  bildirdi ki, dağ rayonlarında artıq işçi qüvvəsinin mərkəzi şəhərlərdə sənaye, nəqliyyat və tikintidə istifadə edilməsi üçün 1964-cü ildə 39 rayondan 10500 işçi cəlb edilib və bunun 257 nəfəri DQMV-nin payına düşür. 1965-ci ildə isə 13700 nəfərin dağ rayonlarından gətirilməsi planlaşdırılır, bunun 300 nəfər vilayət üçün nəzərdə tutulub. Kurmakayev qeyd edirdi ki, 1965-ci ilin 6 ayında bu plan üzrə vilayətdən 157 nəfər sənaye və tikintidə işlə təmin edilmişdir.

Şikayətdə yer alan nəşriyyat və mətbuat məsələləri ilə bağlı Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsi müdirinin müavini Vəli Məmmədov əlaqədər idarələrə tapşırıq verdi ki, ermənilərin qaldırdığı məsələlərlə bağlı arayış hazırlasınlar. Azərbaycan Yazıçılar Ittifaqının katibi Imran Qasımov 1965-ci ilin iyul ayının 27-də Vəli Məmmədova yazırdı ki, son iki ildə yalnız “Qrakan Adrbedcan” jurnalında erməni yazıçıları, şairləri, publisistlərinin 23 povesti, pyesi, hekayə və oçerkləri, şeirlər silsiləsi çıxmışdır. Həmin gün “Literatura Azerbaydjan” jurnalının redaktoru Ivan Tretyakov Vəli Məmmədova yazırdı ki, son 3 ildə jurnalda Baqrat Ulubabyanın (o, Moskvaya göndərilən şikayət məktubunun əsas təşkilatçılarından biri idi) 3 hekayəsi, Suren Kasparovun “Dördüncü ölçü” romanı (1963-cü ilin 3,4,5,6-cı nömrələrdə), Vaçe Qriqoryanın hekayələri, Sokrat Xanyan, Armen Ovanesyan, Qevork Oqanyan, Samvel Qriqoryan, Israil Petrosyan, Vladimir Avakimyan, Samvel Knaruninin şeirləri, Eduard Abramyanın oçerkləri dərc edilmişdir. “Azərnəşr”in direktoru M.Sultanov iyulun 29-da Vəli Məmmədova bildirirdi ki, erməni müəlliflərin 1960-cı ildə nəşriyyatda 27 adda, 1961-ci ildə 13 adda, 1962-ci ildə 19 adda, 1963-cü ildə 25 adda, 1965-cü ildə 19 adda, 1965-ci ilin 6 ayında 8 adda kitabları erməni rus və Azərbaucan dillərində nəşr edilmişdi.

Belə bir arayışı Azərbaycan Elmlər Akademiyası nəşriyyatının direktoru Əjdər Xanbabayev də Vəli Məmmədova göndərmişdi. Bütün bu məlumatları aldıqdan sonra Vəli Məmmədov mövcud sahədə vəziyyət haqqında arayış hazırladı. O yazırdı ki, yalnız son 2-3 ildə DQMV-nin az-çox tanınan yazıçılarından olan Baqrat Ulubabyanın 3 min tirajla 9 çap vərəqi həcmində “Ayqestan” povesti, 13,3 çap vərəqi həcmində 5 min tirajla “Adam” romanı, rus dilində “Insanlar naminə” pyesi nəşr edilmişdir. V.Məmmədov digər nəşrlər barədə də Mərkəzi Komitəni məlumatlandırırdı.

Qəzetlərə gəldikdə isə o, 1965-ci ildə Azərbaycanda “Sovetakan Karabax”, “Leninyan uqiov”, “Nor uqi” qəzetlrinin, Yazıçılar Ittifaqının ildə 6 nömrəsi çıxan “Qrakan Adrbedjan” jurnalının fəaliyyət göstərdiyini bildirirdi.

Vəli Axundovun tapşırığı və KP MK Bürosunun qərarı ilə məsələləri yerində öyrənmək üçün Azərbaycan Kommunist partiyasının ikinci katibi Yelistratov Stepanakertə ezam edildi. Son 6 ayda ikinci dəfə təkrar olunan açıq separatizm cəhdini nəzərə alaraq Yelistratov və vilayət partiya komitəsinin birinci katibi Qurgen Melkumyana tapşırıldı ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təklifi ilə Moskvaya müraciət edən rəhbər partiya, sovet və mədəniyyət işçiləri haqqında ciddi ölçülər götrülsün. Respublika partiya təşkilatının ikinci katibinin iştirakı ilə keçirilən vilayət partiya komitəsinin bürosunda məktubda göstərilən məsələlər ətraflı şəkildə müzakirə edildi. Vilayət partiya komitəsinin bürosu məktubda göstərilən faktların doğru olmadığın, məsələn vilayətin rayonlarında kargüzarlıq işlərinin erməni dilində, vilayət təşkilatlarında isə rus və erməni dillərində aparıldığın qeyd etdi. Qərarda göstərilirdi ki, “Büro vilayət partiya komitəsinin üzvləri L.Qasparyan, J.Şakaryan, A.Seyranyan, Azərbaycan Ali Sovetinin deputatı A.Mukanyan, ideloji sahənin məsul işçiləri vilayət sovetinin deputatı B.Ulubabyan, vilayət partiya komitəsi üzvlüyünə namizəd Q.Qabrelyan, Q.Stepanyan, M.Oqanisyan, M.Korqanov, B.Janyan, J.Qriqoryan, A.Babayanın əlbir olaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında Sov,IKP MK-ya kollektiv məktub  hazırlamalarını səhv hesab edir və bunun Lenin milli siyasəti və zəhmətkeşlərin beynəlmiləl tərbiyəsi ilə ziddiyyət təşkil etdiyini bildirir. Bundan əlavə, məktub müəllifləri öz qruplarına digər yoldaşları da cəlb etməyə cəhd göstəriblər”.

Büronun qərarı ilə Azərbaycan Yazıçılar Ittifaqının vilayət bölməsinin məsul katibi Baqrat Ulubabyana şəxsi işinə tikilməklə şiddətli töhmət verildi, “Sovetakan Karabax” qəzetinin redaktoru Lazar Qasparyan, Stepanakert şəhər icraiyyə komitəsinin sədri Sergey Şakaryan, vilayət radio verlişləri idarəsinin böyük redaktoru Qriqori Stepanyan tutduqları vəzifədən azad edildilər, qalan imza sahiblərinə isə xəbərdarlıq etdilər. Eyni zamanda 1963-cü ildə Azərbaycan dilində nəşr edilmiş “Qabusnamə” kitabının 121-ci səhifəsində bir sıra millətlərin ləyaqətini zədələyən təhqiredici ifadələrə yol verildiyi üçün xahiş edilirdi ki, bu nəşrin cavabdeh şəxsləri məsuliyyətə cəlb edilsinlər.

(Ardı var)