Gültəkin Hacıbəyli: «Faktiki olaraq Vyana danışıqlardan Sarkisyan istədiyi təminatı aldı»
Vyanada keçirilən görüş bir sıra məsələlərə aydınlıq gətirməkdənsə, əksinə sualları daha da artırdı. Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Bu barədə ATƏT-in Minsk Qrupunun Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada keçirilmiş görüşünün nəticələri ilə bağlı bəyanatında deyilir.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illlərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırırlar.
Bəyanatda bildirilir ki, prezidentlər atəşkəs haqqında müqaviləyə və öz münaqişənin sülh yolu ilə həll edilməsinə sadiqliyi təsdiq ediblər. Zorakılıq artması riskini azaltmaq üçün onlar ATƏT-in istintaq mexanizmi üzərində işlərin daha tez zamanda bitirməsinə razılaşıblar.
Prezidentlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər.
Onlar həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.
Prezidentlər iyun ayında hər iki tərəf arasında razılaşdırılmış yerdə keçiriləcək danışıqların növbəti mərhələsi barədə razılığa gəliblər.
ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycanın və Ermənistanın rəhbərlikləri ilə Dağlıq Qarabağda zorakılığın azaldılması üzrə yolların öyrənilməsində maraqlıdır.
Vyana görüşünün nəticələrini necə dəyərləndirmək olar? Problemin hərbi yol ilə həllinin mümkünsüzlüyünün dəfələrlə vurğulanması Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur?
Daha bir maraqlı məqam bundan ibarətdir ki, Ermənistan prezidenti yerli mətbuata açıqlamasında bəyan edib ki, cəbhə xəttində müşahidə aparmaq üçün kameralar quraşdırılmalıdır. Azərbaycanın bu təklifə razılıq verib-vermədiyi hələ məlum deyil. Ən azı bununla bağlı rəsmi açıqlama yoxdur.
Vyana danışıqları ilə bağlı əvvəlcədən nikbin gözləntilərinin olmadığını deyən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, görüşdə əldə olunan yeganə real nəticə növbəti 44-cü görüşün keçirilməsi barədə razılıq əldə edilməsi olub. G.Hacıbəyli hesab edir ki, bu danışıqlar prosesinin növbəti imitasiyasını yaratmaq üçün bir cəhddir: «Hər kəs gözəl anlayır ki, Rusiya bu konflikti Cənubi Qafqazda qalmaq niyyəti ilə yaradılıb. Rusiya 90-cı illərdə bütün vasitələrdən istifadə edərək Azərbaycanın Qərbə inteqrasiyasının qarşısını almağa çalışırdı. Qarabağ konflikti də məhz bu məqsədlə yaradıldı. Amma Azərbaycan hakimiyyəti öz maraqları naminə uğurlu bir kompromiss atpdı. Hakimiyyət maddi maraqlarını təmin etmək üçün Azərbaycanın təbii resurslarını zəngin Qərbə təqdim etdi və bunun nəticəsində Azərbaycanın siyasi elitası görünməmiş səviyyədə varlandı. Amma eyni zamanda Rusiyaya o təminat da verildi ki, Azərbaycan siyasi baxımdan Rusiyanın maraqlarını təmin edəcək və Kremlin təsir dairəsindən çıxmayacaq. Bu gün də Azərbaycanın Rusiyadan siyasi asılılığı davam edir. Nə qədər ki, bu aslılıq var Qarabağ problemi həll olunmayacaq».
Vyanada əldə edilən razılığın apreldə baş verən döyüşlərin fonunda xüsusilə narazılıq doğurduğunu deyən G.Hacıbəyli bildirdi ki, həmin müddətdə Azərbaycan 100-dən artıq şəhid verib. G.Hacıbəyli onu da vurğuladı ki, təmas xəttində kameraların quraşdırılmasıyla bağlı məsələnin müzakirəyə çıxarıldığı ilə bağlı müxtəlif məlumatlar verilir. G.Hacıbəylinin sözlərinə görə, əgər Azərbaycan bu təklifə razılıq veribsə, bu ölkəmiz üçün alçaldıcı şərtdir: «Təmas xəttində kameraların quraşdırılmasına razılıq vermək şəhidlərin ruhuna hörmətsizlik olardı. Çünki kameralar quraşdırılan təmas xəttinin hər iki tərəfi Azərbaycanın suveren ərazisidir. Belə olan halda Azərbaycan ərazilərinin azad etmək haqqından birmənalı imtina edir. Bununla da Azərbaycan beynəlxalq hüququn ona verdiyi suveren hüquqdan imtina edir. Bu baxımdan Vyana danışıqları Azərbaycan üçün uğursuz danışıqlardır. Ən azından apreldə əldə olunmuş üstünlüklərdən bu danışıqlarda uğur qazanmaq üçün istifadə edilə bilərdi. Bu şans da qaçırıldı. Faktiki olaraq bu danışıqlardan Sarkisyan istədiyi təminatı aldı».
Xəyal




