Evlərə “soyuq qaz” verilir?

saadet-cahangir-koseSəadət Cahangir

Kənddə yaşlı bir qadın qonşumuz vardı. Hər dəfə məhləyə çıxan kimi uşaqlardan “bizim qazları görmədiniz?” deyə  soruşurdu. Yazıq qadıncığazın qazlarını güdən olmadığına görə, hər gün arxasınca düşüb uzun-uzadı soraqlamaq məcburiyyətində qalırdı. Indi bizim günümüz də dönüb o qonşumuzun gününə. Qazlarımız hər gün yoxa çıxır. Demək olar ki, fevral ayından bəri yaşadığımız Xətai rayonunda qaz təchizatı beləcə bərbad durumdadır. Qaz kəsintisinin, qaz təzyiqinin həddən artıq azalmasının səbəbləri haqqında da normal açıqlama verən yox. Kimi problemlərin qaz xətlərində təmir işləri aparıldığına görə, kimi yeni sayğacların quraşdırıldığına görə, kimi yay rejiminə keçildiyinə görə yarandığını deyir. Bir həftə əvvəl qazlar gün ərzində, ümumiyyətlə, verilmədiyinə görə, canımı dişimə tutub məsələni araşdırmaq istədim…

“Azəriqaz” Istehsalat Birliyindən xəbər verilib ki, kəsintilərə səbəb daxili qaz təchizatı şəbəkəsində aparılan təmir işləridir. Problem də təkcə bizim rayonu deyil, Sabunçu, Xəzər və Abşeron rayonlarını da əhatə edir. Xülasə, başa gələn çəkilir. Bu təmir işləri sutka ərzində evlərin qaz təchizatını tamamilə dayandırmağa əsas verməsə də, məsələnin qısa zamanda çözüləcəyini düşünüb gözlədim. Doğrudur, ertəsi gün qazlar verildi. Amma necə verildi, qonşumuzun dediyi kimi, “soyuq qaz” verildi. Hələ 3-4 gün əvvəl qonşu qadın demişdi ki, evlərə “soyuq qaz” verirlər, ona görə hamamda sular qətiyyən isinmir və çox əziyyət çəkirlər. Bu kəsintidən sonra eyni problem bizdə də yarandı. Indi bütün bina sakinləri “soyuq qaz”dan şikayətlənib, dad çəkir. Insanların işlətdikləri “soyuq qaz” ifadəsi, əslində, məcazi anlam daşısa da, fakt budur ki, indiki qazın təzyiq gücü həqiqi mənada suyu isitməyə çatmır. Məsələnin nə zaman kökündən həll olunacağını da bilən yox…

Qaz təchizatı problemlərini gündəmə gətirmişkən, daha bir məsələyə toxunmaq da yerinə düşər. Kəsintilərlə bağlı vaxtaşırı ortaya çıxan daha bir əngəl də sayğacların avtomatik olaraq koda düşməsidir. Son aylar qazla bağlı başımıza gələn qəzavü-qədərlərdən biri də budur. Bu avtomatik koda düşmə işindən xəbərsiz olduğumuza görə də bir sutka qazsız qalmışıq. Məsələdən xəbər tutanda bilmişik ki, binada, az qala hər kəsin başına bu iş gəlibmiş. Demə ki, kəsintidən sonra təkrar qaz vurulanda sayğacların koda düşməsi geniş yayılmış hal imiş. Sakinlər də artıq çoxdan haqqın yolunu tapıblarmış. Sayğacın başına bu iş gələn kimi karta 1 manat yükləyib təkrar vurmaqla məsələni həll edirmişlər. Amma bəzən bu da işə yaramır və problemi usta çağırmaqla həll etməkdən başqa çarən qalmır.

Nəsə… Ölkənin dərdləri onsuz da bitmir. Bu günü qaz ölkəsinin qaz dərdlərinə həsr etməklə, gündəliyimin tək bir səhifəsinə qaraladıqlarımı sizinlə bölüşdüm. “Dünyaya qaz satırıq” deyib öyünməklə deyil axı. Bilirəm ki, hamının əlinin altında səhifələri bənzər problemlərlə dolu gündəliklər var. Hər günü macəralarla dolu ölkədə yaşayırıq. Elə bir idarəçilik sistemi var ki, qəti şəkildə boş oturmağa, tənbəlləşməyə vaxt vermirlər. Eləcə günümüzü, vaxtımızı yeyirlər, sözün həqiqi mənasında. Ömrümüzü yeyirlər, daha doğrusu…