Yaxud, Polad Bülbüloğlunun əsassız əsasları
Azərbaycan hökumətinin Rusiya qarşısında hər zaman geri çəkilməsi, ən prinsipial məqamlarda Rusiyanın mövqeyindən çıxış etməsi, hətta Rusiyanın aşırı ermənipərəstliyinə göz yumması məlum faktdır. Hətta Avroviziya yarışması da göstərdi ki, hakimiyyət şou səhnəsində də müstəqil ola bilmir, Rusiyanın təsirindən çıxmır.
Ermənistan Rusiya təmsilçisinə “2″ xal verdiyi halda, Azərbaycan Rusiyaya ”12″ xal verdi. Eyni zamanda Rusiya Ermənistana “12″ xal verdiyi halda, Azərbaycana ”10″ xal verdi. Bu da heç kimə sir deyil ki, Avroviziya yarışması kifayət qədər siyasiləşmiş yarışmadır və verilən xallarda da bu açıq görünür. Deməli, Azərbaycanın birmənalı dəstəklədiyi Rusiya, birmənalı şəkildə yenə də Ermənistanı dəstəklədi.
Amma yazımızın əsas məqsədi Avroviziya yarışmasını analiz etmək deyil, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülübüloğlunun səsləndirdiyi fikirlərə körpü salmaqdı.
Belə ki, Polad Bülübüloğlu ANS TV-nin “Hesabat” verilişinə müsahibə verib və deyib ki, Rusiya dostuyla düşmənini tanıdı: “Rusiya görür ki, Azərbaycan etibarlı partnyordur, ona inanmaq olar. Elə buna görə də bizim birbaşa əlaqələrimiz möhkəmlənir. Aprel hadisələri çox şeyi göstərdi, bəzi məqamlar özünü daha geniş biruzə verdi. Ermənistanda olan münasibətlər, Irəvanın özündə Rusiyaya qarşı etirazlar, rus səfirliyinə yumurta atmalar və s. kiçik məsələlər deyil. Moskvada baxırlar, kim daha etibarlı dostdur, kimə daha çox etibar etmək olar” – deyə Polad Bülbüloğlu bildirib.
Bəli, səfirimiz sübut etməyə çalışır ki, Azərbaycan hökumətinin aprel ayındakı sözəbaxanlığı, atəşkəs çağırışına dərhal əməl etməsi, Rusiyanın xoşuna gəlib və bizə etimadı daha da artıb. Eyni zamanda Ermənistanın dəcəlliyi, bu ölkədə Rusiya əleyhinə keçirilən aksiyalar Rusiya hökumətinin xoşuna gəlməyib və Ermənistandan küsüb.
Polad Bülbüloğlunun dediklərinə inansaq, Rusiya bundan sonra Ermənistana yardım etməməli, Azərbaycana birmənalı dəstək verməli və münaqişənin dərhal həllinə nail olmalıdır.
Amma yuxarıda da qeyd etdiyimiz kimi Rusiyanın aprel hadisələrindən sonra Ermənistana hansı münasibəti göstərdiyi Avroviziyadakı “12″ xaldan da aydın oldu. Yəni, nə Rusiya əleyhinə aksiyalar, nə rus səfirliyinə yumurta atılması Rusiyanı küsdürməmişdi.
Ümumiyyətlə, bugünə qədər Azərbaycan hökuməti Rusiyanın nə qədər maraqlarına xidmət edibsə, Rusiya bir o qədər Ermənistanın maraqlarından çıxış edib. Yəni, hakimyyətimizin Rusiya sədaqəti adekvat qiymətləndirməyib. Sadəcə olaraq Rusiya əmin olub ki, onu qarşılıqsız sevən, hər an əmrinə müntəzir olan bir rejim var. Bu mənada Rusiya həqiqətən də dostuyla düşmənini müəyyən edib.
Bəs, Azərbaycan hakimiyyəti nə vaxt dostla düşməni müəyyən edəcək? Rusiya daha nə qədər ermənipərəstlik etməlidir ki, Azərbaycan hökumətinin gözü açılsın? Putinin qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi, Zori Balayana medallar verməsi, Rusiyanın Ermənistanı mütəmadi olaraq silahla təhciz etməsi, Xocalı soyqırımına, 20 yanvar faciəsinə töhfə verməsi, ən nəhayət musiqi yarışmasında bu ölkəyə ən yüksək xalı verməsi, dostla düşməni müəyyən etməyə kifayət deyilmi?
ABŞ-ın 20 dən artıq ştatı Xocalı soyqırımını tanıyıb, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyan 2 qətnamə qəbul edib, Almaniya Bundestaqı Ermənistanın işğalıçı kimi tanıyan qətnamə qəbul edib. Bəs, hakimiyyətin “böyük qardaş”, “dost” kimi təqdim etdiyi Rusiya nə edib?
Bu qədər açıq düşmənçilikdən sonra hansı dostluqdan danışmaq olar?
Bir daha Polad Bülbüloğluna xatırlatmaq istəyirik ki, aprel döyüşlərindən sonra Rusiyanın Azərbaycan maraqlarını təmin edən heç bir addımı müşahidə olunmayıb, əksinə Ermənistana ənənəvi dəstəyi davam edib. Hətta Medvedev səviyyəsində də etiraf edildi ki, Rusiya müharibənin deyil, münaqişənin dondurulmuş qalmasının tərəfdarıdırı. Bu isə Ermənistanın maraqlarına uyğundur və torpaqların düşmən əsarətində qalmasını təmin edir.
Xülasə, Azərbaycan hökuməti düşmənlə dost olub, dostla düşmənçilik edir. Bundan sonra da Azərbaycanın heç bir jesti Rusiyanın ermənipərəstliyini azaltmayacaq. Azərbaycan hökuməti isə Rusiya sevgisini davam etdirib, Qərbdə ermənipərəst axtarmağa davam edəcək.
Akif



