Hikmət Hacızadə: «Müstəqillik ideyasından imtina etsək, o dəqiqə bizi sevəcəklər»
Ümumrusiya Ictimai Rəyin Öyrənilməsi Institutu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sadə rusların fikirlərini öyrənib. Modern.az Rusiya KIV-nə istinadən xəbər verir ki, rəyi soruşulanların 72 faizi münaqişə barədə eşitdiklərini deyib.
Onların 71 faizi münaqişənin sülh yolu ilə, 15 faizi isə müharibə yolu ilə həll oluna biləcəyini düşünür.
Rusiya sakinlərinin 44 faizi ölkələrinin münaqişədə vasitəçi olmasını düşünür.
Nəticələrə əsasən, rusların 35 faizi Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını, 9 faizi Ermənistanın tərkib hissəsi olmasını, 6 faizi Azərbaycana birləşdirilməsini istəyir.
Daha 18 faiz respondent isə Qarabağın Rusiyanın taleyində heç bir rol oynamadığını deyib.
Ümumrusiya Ictimai Rəyin Öyrənilməsi Institutu 46 regionun 130 yaşayış məntəqəsində 1600 nəfərdən sorğu keçirib.
Bəllidir ki, Azərbaycanın haqq işinə Rusiyanın mənfi münasibət göstərməsi yeni məsələ deyil. Rusiyanın bizə bu münasibəti zaman-zaman gündəmə gəlib. Görəsən, bu nifrətin səbəbi nədir? Azərbaycan bu rəyi dəyişmək üçün nə edə bilər?
Politoloq Hikmət Hacızadə sözügedən münasibəti dəyişmək üçün heç nə etməyin mümkün olmadığını söyləyir. O, Rusiyanın bizi öz təsiri altında qaytarmaq istəyinin baş tutmayacağını bildiyi üçün ölkəmizi ermənilərlə olduğu kimi dost saymadığını vurğulayır:
“Bu həmişə belə olub. Biz müsəlman, türk, onlar xristian olduğu üçün, yaxud, bz onların çətiri altında girmək istəmirik deyə, münasibət də belə sorğularla nəticələnir. Biz o rəyi dəyişmək üçün heç nə edə bilmərik və yalnız onların dediyini, istədiyini etməliyik. Biz müstəqilliyimizi verə bilmərik. Müstəqillik ideyasından imtina etsək, o dəqiqə bizi sevəcəklər”.
Nigar



