Fuad Qəhrəmanlıya qarşı ittiham sərtləşdi VİDEO

fuad-qehremanli-enyeniAXCP sədrinin müavini Tale Bağırzadə ilə birlikdə mühakimə olunacaq

Əli Kərimli: “Belə ittihamlar onu əyə bilməz”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb və iş məhkəməyə göndərilmək üzrədir. Bu barədə “Azadlıq” qəzetinə Fuad Qəhrəmanlının vəkili Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, istintaq Qəhrəmanlıya Cinayət Məcəlləsinin daha bir maddəsi — 220.2 (kütləvi iğtişaşa çağırış) ilə ittiham elan edib.

Fuad Qəhrəmanlı Nardaran hadisəsinə görə həbs edilənlərlə birgə məhkəmə qarşısına çıxarılacaq. Lakin həmin hadisəyə görə tutulanlar çox olduğundan, 2 qrupa bölünərək mühakimə ediləcəklər. Fuad Qəhrəmanlının Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə ilə birlikdə mühakimə olunacağı deyilir.

Fuad Qəhrəmanlının digər vəkili Fəxrəddin Mehdiyev isə bu barədə əməkdaşımıza bildirib ki, mayın 16-da müstəntiqlə birlikdə Bakı İstintaq Təcridxanasında Fuad Qəhrəmanlı ilə görüşüblər. Müstəntiq orada yekun təqsirləndirmə qərarını elan edib. “Müstəntiq əvvəlcə bizə bildirmişdi ki, ittiham anoloji qaydada qalır. Lakin məlum oldu ki, ona Cinayət Məcəlləsinin daha bir maddəsi ilə, 220.2 maddəsi ilə ( kütləvi ixtişaşa çağırış) yeni ittiham irəli sürülüb. Bu maddənin sanksiyası əvvəlki maddələrdən artıq deyil, yəni 3 ilə kimi azadlıqdan mərhumetmə çəzası nəzərdə tutulur. Bununla da ittihamın həcmi genişləndirildi.”, – deyə vəkil qeyd edib.

İşin məhkəməyə göndərilməsinə toxunan Mehdiyev deyib ki, bu az ağır cinayətlər koteqoriyasına aid olan bir işdir və ümimiyyətlə burada epizodlar yoxdur. Ona görə də istintaq surətlə qurtara bilərdi. Əlavə prosedurlara da ehtiyac olmazdı. “Təəsssüf ki, bizim bu barədə olan vəsatətlərimiz təmin olunmadı. İndi məlum olur ki, istintaq tərəfi Fuad Qəhrəmanlının işini Tale Bağırzadənin işi ilə bir icraatda məhkəməyə göndərməyə görə bunu belə edib.”, – deyə vəkil məlumat verib.

Vəkil onu da bildirdi ki, nə əvvəlki CM-nin 281 və 283 maddələrinin, nə də yeni irəli sürülən 220-ci maddəsinin Fuad Qəhrəmanlıya tətbiq olunmasının hec bir əsası yoxdur. Sadəcə süni kombinasiya yolu ilə ittihamın həcminin genişlənməsi üçün ona yeni maddə irəli sürülüb. Bu isə istintaqın qərəzinin nəticəsidir.

***

AXCP sədri Əli Kərimli müavini Fuad Qəhrəmanlıya yeni ittiham irəli sürülməsinə özünün feysbuk səhifəsində münasibət bildirib. AXCP lideri yazıb:

6 aydır ki, həbsdə olan müavinim Fuad Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 220.2-ci (kütləvi iğtişaşa çağırış) maddəsi ilə daha bir ittiham irəli sürülüb. Hakimiyyətin AXCP-yə qarşı olan əsassız kin və nifrəti, şəxsən Fuad bəyin özünün ardıcıl və prinspial mübarizəsindən doğan qəzəbi yeni bir ittihama çevrildi. Bu ittiham da əvvəlkilər kimi saxtadır, əsassızdır. Fuad bəyi belə ittihamlar əyə, qorxuda bilməz. Əminəm ki, bu amansız repressiyalar da əqidədaşlarımı, həmvətənlərimi Azərbaycan arzusundan vaz keçməyə vadar edə bilməyəcək. İnanıram ki, Allahın köməkliyi və millətimizin birgə səyləri ilə nəinki Fuad bəy və digər əqidə dostlarımızın, bütövlükdə məhbus Vətənimizin də qapılarını bir gün taybatay aça biləcəyik!