DAŞ DÖVRÜNÜN ADAMLARI

mehemmed talibliMəhəmməd Talıblı

Bəşəriyyət daş dövrünün Paleolit, Mezolit və Neolit mərhələlərindən keçib. Müxtəlif tarixi dövrlərdə insanların yaşaması təkcə həmin dövrün tarix kəsiyi ilə yaddaşlarda qalmır, həm də hansı dəyərlərlə yaşaması kimi başa düşülür. Daş dövründə yaşamaq sadəcə əmək aləti və silahın istifadəsi üçün onun daşdan hazırlandığını özündə ehtiva etmirdi. Bu həmin adamların daş dövrünün adamları olması anlamına gəlmir.

Çünki, bu dövr bütün ibtidailiyi ilə bərabər, insanların mədəni-tarixi inkişafında böyük rol oynayıb. Amma əsrlər keçib, amma görünən həm də orasıdır ki, insanların və hökumətlərin ironik baxdıqları daş dövrünün adamlarından çox da irəli getməyiblər. Daşa sitayişini yenə də də üstünlükləri hesab edirlər. Əslində daşa-divara, heykələ və digər biət obyektlərinə baş əymə çağdaş dövrdə gerizəkalılığın ən böyük nümunəsi sayıla bilər. Əgər o könüllü və təmənnasız ehtiramla xatirini anmaq üçün edilirsə, bu bəşəriyyət üçün pozitiv nümunə yaratmaq gücündədir. Yox, əgər eyni addım çağdaş dövrdə toplumda “xor oxutmaq” məcburiyyəti ilə edilirsə, bu artıq saxta zövq formalaşdırmaq anlamındadır. Əslində hər heykəldə bir məna –  ibrət və nümunə yatmalıdır.

Ənənəvi olaraq ölkəmizdə qeyd olunan 10 mayın – “Gül bayramı” ətrafında gənclərin başlatdıqları yeni kampaniyadan hamının xəbəri var. NIDA hərəkatının üzvləri olan həmin gənclər Qarabağda təkcə 3 gün (2-4 aprel) ərzində döyüşlərdə yüzə yaxın şəhidi olan bir ölkədə belə bir ad gününü qeyd etməyə etiraz çağrışları etdilər. Onlardan iki nəfərini polis idarəsində saxlayaraq belə bir şərt irəli sürülüb: “H.Əliyevin heykəlindən üzr istəyin, buraxaq sizi”. Onlar da bunu etmədikləri üçün hələlik 4 aylıq qəti-həbs tədbiri görüldü. Hazırda həmin gənclərə narkotik istifadəçisi adı ilə cinayət işi açılıb. Yəni, heykəldən üzr istəmədikləri üçün “narkoman” oldular. “Günahını” yumağın yolu heykələ baş əymədən keçirmiş. Əgər belə edilsəydi, günahları əfv olunacaqdı, amma bunu etmədikləri təqdirdə “narkoman” oldular. Bu hüquq adına biabırçılıq Azərbaycanda minlərlə insanın belə saxta ittihamla həbsə getməsinin ənənəvi maddəsi hesab olunur. Bu təkcə mülkü həyatda deyil, qapalı tipli islah müəssisələrdə də sınaqdan keçirilir. Həbsxanadan məhbusları azad etmək müqabilində heykələ baş əymə öhdəliyi haqqında hamımız məlumatlıyıq. Onlarda bunu daxili əzab çəkərək edirlər. Guya onlar hökumətin möhkəm dövlətçilik iradəsi qarşısında sındılar. Bundan isə hətta bəziləri hətta mazoxistcəsinə həzz alaraq “pir” qələbələrini qeyd edirlər. Halbuki, bu sadizm əməliyyatından sonra həmin “islah” olunan şəxs içində qisas deposu yığır. O, şəxsiyyətinin belə “əridilməsinin” səbəbini və səbəbkarını tapmaq istəyir. O, mənəvi dünyasının dualimzə məhkum edilməsinin nədən yarandığını bilmək istəyir. Onun içində bir qısas almaq fürsəti gizlənir. Amma bütün bu başəymə kampaniyasından sonra həmin şəxslər iqtidarı dəstəkləyənlər olmurlar. Çünki, onlar daxili iradəsi zorlanmış vəziyyətdə o ağır şərtlərlə razılaşıblar. Siz çalışıb heykələ baş əyərək insan iradəsini sındırınca, bürüncə bürünməyən azad vətəndaş yetişdirin! Həmin azad vətəndaş onda heykəli yox, heykəli olan insanın fəaliyyətini nə zamansa dərk edərək sevə bilər. Amma bəri başdan səbəbsiz “sevdiyi” heykələ səbəbsiz də nifrət edəcək. Siz bu “səbəbsizlik” münasibətindən uzaq olaraq insanlara azad seçim imkanları yaradın.

Postsovet məkanında heykəlqoyma və barelyeflər ucaldılması yeni “xəstəlik” deyil. Orta Asiya respublikları da bu sahədə “liderdirlər”. N.Nazarbayevin Qazaxıstanda 22 fərqli ölçüdə olan heykəlləri nəinki azlıq təşkil edir, hətta əl izləri olan heykəldə də ucaldılıb. Orada antidemokratik idarəçilik qaldıqca zaman ola bilər ki, onun heykəlini mənfi mənada əli ilə göstərinin əli kəsilə bilər. Əl izlərini, imzasını, rəngini və digər hissetmə orqanlarının şəkillərini tirajlamaq qədər axmaq iş heç bir orta səviyyəli insanın ağlına gələ bilməz. Həmin bütpərəstlik elementlərinin digər Türk coğrafiyalarına yayılmasının qarşısını almaq gərəkdir. Biz də dünyanın siyasi bütpərəslikdən uzaq olan inkişaf yolu tutanların yolu və ya onlarla birgə getməliyik. Əks halda, bizə hər addımda güləcəklər. Yenə həyata vəsiqə almış gəncləri heykələ baş əyməsi ənənəsini yaratmaq yarışından uzaq olmalyıq.

XXI əsrdə yaşayırıq, zarafatınıza gəlməsin. Adımız Şimali Koreya-filan da deyil. Irana antidemokratik ölkə kimi baxırıq. Avropanı homoseksualimzdə, Qərbi irqçilikdə ittiham edirik. Bizdə də insan haqlarından danışana da münafiqlər ciblərində hazır resept olan naməni oxuyurlar: “Müharibə şəraitində yaşayırıq” və “Güclü dövlətçilik naminə edirik!”

Bu məcburetmə öldürülmüş insanlardan daha çox sağ qalmış insanlar üçün edilməsi daha qəbuledilməzdir. Fransanın məşhur yazıçı və filosofu Mişel Montenin “Ləyaqətlə yaşamaq qabiliyyəti haqqında” əsərində insan iradəsinin işgəncələrə məruz qalması ilə bağl maraqlı müqayisəsi var: “Mənim ölülərə yazığım gəlmir, əksinə, bəlkə də onlara həsəd aparıram. Amma ölüm ayağında olan adamlara ürəkdən acıyıram. Ölülərin ətini qızardıb yeyən vəhşi tayfalar məni dəhşətə gətirmir. Məni dəhşətə gətirən canlı insanları təqib edib onlara işgəncə verən adamlardır”.

Heykəl bir tərəfdən ibrətalma və nümunə yaratmaq gücündədirsə, digər tərəfdən onu başəymə ritualına çevirəndə, o artıq keçmişə qayıdışın əlamətinə çevrilir. Uzun illərdir ki, ölkə vətəndaşlarını heykəlin müqəddəsliyinə inandıran və onun davasını aparan hökumət gərək Cumhuriyyətimizin simvolllarından sayılan Rəsulzadənin, əsrin əvvələrində ermənilərin zülmündən azəri türklərini xilas edən Nuru Paşanın heykəli haqqında da düşünsün. Başa düşürəm, abidəyə layiq olanların ona bəlkə də ehtiyacları yoxdur. Amma əgər ölkəni heykəllələrlə simvollaşdırmaq yolu tutmuşuqsa, onda heç olmasa tarixin uçuş nöqtəsindən hamıya ədalətlə baxmalıyıq. Əslində isə ən yaxşı yol heykəlsizlik və azad seçim imkanını insanın öz öhdəsinə buraxıldığı yoldur.