Çörəyi palçıqdan çıxanlar

traktor kendPalçıqlı suda çalışan çəltikçi Əziz Kazımov deyir ki, çörəkləri palçıqdan çıxır: “Külfət böyükdür,işləyən yox.Yeganə çörək yerim buradır. Özümün 9 sot payıbəlli torpağım var. 35 sot da icarəyə götürmüşəm.Həmin 9 sot üçün subsidya vermirlər. Deyirlər ki,10 sot olsaydı, verərdik. Bu 9 sota görə, ünvanlı dövlət sosial yardımı da vermirlər. Deyirlər, torpağın var. Bu 9 sot torpaqla 5 baş ailə saxlamaq olarmı? Subsidiyanı da işləri görəndən sonra verirlər. Ötən ilin pulu hələ də qalıb. Deyirlər ki, bir neçə gündür verməyəÿbaşlayıblar”.

Bu ərazidə Astara rayonunun dörd – Artuba, Səncərədi, Suparıbağ və Ərçivan kəndlərinin əkin sahələri var. Bu sahələrdə əsasən çəltik əkilib.

“Çəkiliş edəndən sonra gedib icra aparatında göstərirlər”

Sahədəÿ Əziz Kərimovun yaxınlığında işləyən həmkarı söhbətə qoşulur:”Toxumu çətinliklə əldə edirik,texnika,suÿsarıdan problemlərimiz var. Illər keçir problemlər olduğu kimi qalır. Əkin keçirdəndə burda bir neçə televiziya kanalı çəkiliş edirdi. Dərdimizi demişdik, heç nə göstərmədilər. Demişdim ki, yerli düyülərimiz baha satılır. Həmin ifadəmi verdilər,əsas məsələni heç yada salmadılar. Nə deyirik elə burda qalır. Çəkiliş edəndən sonra gedib icra aparatında göstərirlər, onlar nə məsləhət görürülər onu da verirlər”.

“Prezident deyir əkin. Nə ilə əkək? Texnika yoxdur…”

O, əli ilə yer şumlayan traktorları göstərib deyir ki,bu iki texnika ilə işləri vaxtındaÿgörmək mümkün deyil: “Çatdıra bilmirlər. Mən sizi tanıyıram. 10 ildir gəlirsiz bura, nə dəyişib? Gəlirlər, özlərini burda reklam edirlər, problemlərimiz isə həll edilməmiş qalır. Bilsəm ki, problemlərimizin heç olmasa biri həll olunub, sevinərəm. Daha heç kimə inanmıram. Hər iş əl əməyi ilə görülür. Daha öyrəşmişik. Haçan texnika olacaq? Biz öləndən sonra? Prezident deyir, əkin. Nə ilə əkək? Texnika yoxdur. Olsa, əkilməmiş yer qalmaz. Əkilməmiş torpağa görə, kimisə cərimələməyə də ehtiyac olmaz. Aqroservis var. Amma orda çəltikçiliyə aid texnika yoxdur. Təkcə bu deyil. Yanacaq pulu da yoxdur”.

Əkin sahələrinin çox hissəsi çəkilməkdə olan dəmir yolun altında qalıb. Iranla Azərbaycanınÿ dəmir yolları burda birləşəcək.

Əlindəki yaba ilə torpağı yumşaltmaqla məşğul olan çəltikçi Elşən Manafov deyir ki, yolların çəkilişi onların işini xeyli yüngüləşdirib. Əkin sahəsində rahat hərəkət etmək olur. Onun deməsinə görə, yaxınlıqdakı Artuba, Səncərədi, Suparibağ kəndinin Bakıdaÿ tikintidə işləyən sakinləriÿgeri qayıdıblar. Indi onlar çəltik əkini ilə məşğuldurlar:

“Məhsulun yetişməsinə az qalmış su olmur”

“Həmin adamlara kömək lazımdır, o da yoxdur. Eşitmişəm subsidya verirlər. Mənə hələ deyən olmayıb ki, sənə subsidya çatır. Çəltikçilikdə ən çətin günlərdir. Kim vaxtında əksə, məhsulu yaxşı olar. Mən gecikirəm. Köməyim azdır. Əkindən sonra əsas sudur. Su bol və vaxtında olmalıdır. Su Iranla sərhədboyu uzanan Astaraçaydan götürülür. Onlar da götürür, biz də. Bir də görürsən məhsulun yetişməsinə az qalmışÿsu olmur”.

Sahibkar Fayıq Cəfərzadə isə deyir ki, yer şumlamaq və hamarlamaq baha başa gəlir.

Hektara nə qədər xərc çıxır?

“Rəsmilər deyir ki, hər hektara 40 manat xərclənir. Yalandır, 250 manat çıxır. Indi qadınlar əl ilə əkin keçirdirlər, hər birisinə gündə 15 manat pul verirəm. Gündəlik yeməklə təmin edirəm. Ağır zəhmətin qarşısında bu bir şey deyil. Amma nə edək? Başqa xərclər də var. Düzdür, qazanc gətirən sahədir. Lakin riski çoxdur. Sığortalamaq da olar. Sığorta təşkilatları yaxın gəlmirlər. Bilirlər ki, riski çoxdur”.

Onun dediyinə görə, çəltikçilikdə işlər mexanikləşdirilsə yeni iş yerləri açılar. Ölkə düyü ilə daxili imkanlar hesabına təmin edilər. Sadəcə buna dövlət dəstəyi lazımdır. O deyir ki, Astarada, Lənkəranda istehsal olunan düyülər ekoloci cəhətdən təmizdir:

“Əsasən ”Həsəni” və “Sədri” toxumları əkirik. Məhsuldarlığı az olsa da keyfiyyətlidir.”Həsəni” dadlı və ətirli olur. Düyünün bir kiloqramını 2-3 manatdan evlərdən yığırlar. Biz kifayət qədər məhsul istehsal etsək, kənardan gətirilən düyülərə ehtiyacımız olmaz. Külli miqdarda pul xərcləyib xaricdən düyü gətirənlərə məsləhət görərdim ki, vəsaiti burda sərf etsinlər. Bunun üçün dövlət proqramı lazımdır”.

Çəltiyə çəkilən xərclərlə bağlı müxtəlif rəqəmlər sadalanır. Əkinçilər deyir ki, bu, işə kənardan qüvvə cəlb edib-etməməkdən asılıdır. Ümumilikdə bir hektar çəltik zəmisinə min manat xərc çəkildiyi bildirilir. Təqribən 3 min manat isəÿxalis gəlirin götürüldüyü qeyd edilir.

Icra hakimiyyəti nə deyir…

Astara rayon icra hakimiyyətindən bizə bildirdilər ki,çəltikçiliklə məşqul olanlara verilən subsidyaların məbləği artırılıb. Hər hektara 100 manat verilir. Icra hakimiyyətindən texnika qıtlığı ilə bağlı şikayətləri də bir elə əsaslı saymırlar. Rayon rəsmilərinin deməsinə görə, çəltik əkənlər istədikləri texnikanı Aqroservislərə sifariş verməklə götürə bilərlər.