«The National Interest»: «Dağlıq Qarabağ mübahisəli ərazi deyil – o, işğal olunub»
ABŞ-ın məşhur dərgilərindən olan “The National Interest” jurnalı Dağlıq Qarabağ və ətraf rayonların əslində, Azərbaycan torpaqları olması, bu ərazilərin ermənilər tərəfindən işğal edilməsi barədə material yayımlanıb. Materialda Avropa Məhkəməsinin bu barədə qərarından da bəhs olunur. “Dağlıq Qarabağ mübahisəli ərazi deyil – o, işğal olunub” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Bu, həqiqətən çox sadə məsələdir. Qarabağ münaqişəsilə bağlı KIV-də yayılan bəyanatlardan fərqli olaraq, Azərbaycanın bu dağlıq regionu istənilən halda, mübahisə predmeti deyil – o, işğal olunub. Beynəlxalq məhkəmə orqanı – Avropa Məhkəməsi belə deyir.
Ermənistanda səslənən, guya, regiondakı etnik ermənilərin öz müqqədəratlarını təyin etmə hüquqlarını reallaşdırdıqları barədə iddialara baxmayaraq, bunun yalan olduğu dəfələrlə sübut olunub. Əslində, Azərbaycanın suveren ərazisi işğal olunub.
BMT Nizamnaməsində nəzərdə tutulmuş öz müqəddəratını təyin etmə hüququ onlara aid deyil. Ermənilər bu hüquqlarını beynəlxalq aləm tərəfindən tanınmış dövlətdə – Ermənistanda artıq reallaşdırıblar. Bu da onları Azərbaycan ərazisində milli azlıq edir, Dağlıq Qarabağın əhalisi yox. Eyni məntiqlə, ermənilərin böyük icmalarının olduğu ABŞ, Fransa, Rusiya və digər ölkələrdə də öz müqəddəratlarını təyin edib kiçik dövlət qurmaq hüquqları olmalıdır. Bu, sadəcə, məntiqsizdir.
2015-ci il iyunun 16-da Avropa Məhkəməsinin Böyük Palatası qarşılıqla hallarla bağlı iki qərar qəbul etdi – “Çıraqov və digərləri Ermənistana qarşı” və “Sərkisyan Azərbaycana qarşı”. Hər iki iş bir-birinə bənzərdir və o da bəlli oldu ki, Avropa Məhkəməsi mübahisənin siyasi tərəfinə qarışmaq istəmir. Bununla belə, məsələn, “Çıraqov Ermənistana qarşı” işində Məhkəmə “Dağlıq Qarabağ Respublikası”na separatçı kimi yanaşır və xüsusən göstərmək istəyir ki, bu “respublika” rəsmi şəkildə tanınmıyıb.
Məhkəmə həmçinin müəyyənləşdirib ki, işğal olunmuş Dağlıq Qarabağ muxtar vilayəti və ətrafındakı 7 rayonda azərbaycanlılar qalmayıb. Bu da sübut edir ki, ermənilər bu ərazidə tam etnik təmizləmə həyata keçiriblər. Bu etnik təmizləmə də təxminən 750 min azərbaycanlının öz evindən didərgin düşməsinə gətirib çıxartdı. Üstəlik, daha 250 min azərbaycanlı Ermənistandan qovuldu.
Avropa Məhkəməsi öz qərarında onu da göstərib ki, Ermənistan Dağlıq Qarabağ üzərində hərbi və maliyyə cəhətdən tam nəzarətə sahibdir. Bu isə o deməkdir ki, həmin ərazilər həqiqətən işğal olunub və heç bir halda, mübahisəli ərazi kimi qiymətləndirilə bilməz.
Siyasət şöbəsi



