Sənətin dəyəri bilinməyəndə

saadet-cahangir-koseSəadət Cahangir

Internetdə çoxdan tanıdığım azərbaycanlı rəssam Məzahir Avşar haqqında bir yazı çıxdı qarşıma. Illər öncə emalatxanasında maraqlı bir söhbətimiz olmuşdu. Heyranedici işlərini, milli üslubda işlənmiş heykəlciklərini, qeyri-adi kompozisiyalarını da o zaman yaxından görmək fürsəti qazanmışdım. Sonra burada sənəti ilə bağlı heç bir perspektiv görə bilməyən Məzahir bəy yığışıb Türkiyəyə getdi. Həyat yoldaşı, gözəl rəssam Lalə xanımla birlikdə. Indi illərdir Konyada çalışırlar, bildiyimə görə, düşdükləri mühitdən də məmnundurlar. Hələ üstəlik, bu müddət ərzində çoxlu istedadlı tələbələr də yetişdiriblər. Ölkədə sənət mühitinin bozlaşması ilk növbədə belə yaradıcı insanların çıxıb getmək məcburiyyətində qalmasıdır, əlbəttə ki. Onlar isə bu yolu xoşluqla, asanlıqla, zövq olaraq seçmirlər. Onları öz doğma şəhərlərindən, seyrçilərindən, illərlə əmək qoyduqları yaradıcı mühitdən ayrılıb getməyə biganəlik və dəyərsizlik məcbur edir. Yəni bir ölkədə insanların sənətə ayıracaq zamanı və imkanı qalmayınca, orda sənət dəyərini itirmiş deməkdir…

Belə bir olmuş hekayə var. Məşhur bir rəssamın tələbəsi təhsilini başa vurub ayrılanda, müəllimi deyir: “Çəkdiyin son rəsm əsərini şəhərin ən izdihamlı meydanına qoyarsan, yanına bir də qırmızı qələm buraxarsan. Insanlara mesaj yazarsan ki, rəsmin bəyənmədikləri yerlərinə bir işarə qoysunlar”. Tələbə müəllimi dediyi kimi edir və bir neçə gün sonra gedib rəsmin bütünlükdə qara işarələrlə korlandığını görür. Kədərli halda ustadının yanına dönür. Usta rəssam üzülmədən yenidən rəsmi işləməsini tövsiyə edir. Tələbə rəsmi yenidən işləyir. Müəllimi yenə rəsmi şəhərin ən gur meydanına qoymasını istəyir. Lakin bu dəfə tablonun yanına müxtəlif rənglərdə boyalar və insanlardan bəyənmədikləri yerləri düzəltmələri xahiş olunan bir yazı buraxmasını tövsiyə edir. Tələbə deyiləni edir və bir neçə gün sonra baxır ki, rəsm əsərinə heç toxunulmayıb. Sevinclə müəlliminin yanına gedir. Ustad rəssam deyir: “Ilk dəfə insanlara fürsət verdin və mərhəmətsiz bir tənqid yağışı ilə qarşılaşdın. Həyatında rəsm çəkməmiş insanlar belə gəlib  tablonu qaraladı. Ikincidə, onlardan müsbət, duyarlı olmalarını istədin. Heç kim də bilmədiyi bir işi düzəltməyə cəsarət edə bilmədi. Nə etdiyini bilməyən insanlardan əməyinin qarşılığını ala bilməzsən. Dəyər bilməyənlərə əsla əməyini vermə…

Bir dəfə də yazmışdım. Türkiyədə onlarla istedadlı rəssamımız çalışır. Onlardan bir çoxu artıq yaradıcı mühitdə də xeyli məşhurlaşıb. Dediklərinə görə, qazancları da pis deyil. Bunu eşidəndə insan bilmir sevinsin, yoxsa kədərlənsin. Yaradıcı insan üçün sərhəd yoxdur, şübhəsiz. Amma insana ağır gələn öz istedadlarımızın burda qədir-qiymətinin bilinməməsidir. Ağır gələn böyük istedad axınının ölkəni tərk edib uzaqlara qaçmasıdır. Ağır gələn çevrəmizdə böyüyən bu boşluğun içində ölkənin getdikcə rənglərini itirməsidir. Hələ mən ancaq bizə yaxın və doğma olan bir ölkəni – Türkiyəni qeyd etdim. Başqa diyarlara səpələnmiş belə sənət adamlarının sayı nə qədərdir, kim bilir? Istedadlar hər gün doğulmur və onlar bir xalqın say nisbətində kiçik azlıq təşkil edirlər. Belə insanların getmək məcburiyyəti qarşısında qoyulması isə o xalq üçün yeri doldurulmayacaq itkidir, sadəcə.