Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Facebook səhifəsində şərlənərək həbs olunan Qarabağ qazisi, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflidən yazıb:
Dostlar, şəkildə gördüyünüz insan Qarabağ savaşında qəhrəmanlıq göstərmiş qazimiz, I qrup əlili Asif Yusiflidir. Bu Qarabağ qazisi hazırda həbsdədir. Onu şərləyib həbs ediblər. Ona qarşı dələduzluq ittihamı irəli sürülərək əvvəl 7 il yarım həbs cəzası verilib, sonra Ali Məhkəmə “humanistlik” edərək Asif bəyin cəzasını 6 ilədək azaldıb. Çox unikal “dələduzluq” cinayəti törədib Asif bəy. Zərərçəkən yox, maddi zərər yox, əleyhinə bircə şahid ifadəsi, bircə sübut yox, ancaq məhkəmə bütün bunları neyləyir ki?! Azərbaycan məhkəmələrinə adam şərləmək üçün şahid, sənəd-sübutmu lazımdır?! Asif bəyin bircə günahı var: O, haqq uğrunda, millətinin azadlıqları uğrunda mübarizə aparır. AXCP Ali Məclisinin üzvüdür. Həbs olunanda yenicə əməliyyatdan çıxmışdı və yarası hələ açıq idi. Evində ağır xəstə olan övladı var, ailənin yeganə çörək gətirəni idi. Nə ağır ailə vəziyyəti, nə işin tamamilə saxta və qurama olması, nə də Asif bəyin Vətən uğrunda döyüşlərdə sağlamlığını itirib I qrup əlilinə çevrilməsi hakimiyyətin ürəyinə rəhm salmadı. Salmaz da. Öz şəhidinin balalarını uçuq-sökük, qapısından şəhid tabutu belə keçməyən daxmada soyuqdan dondurub erməni kilsələrini pulsuz qazla təmin edən hakimiyyətə yaraşan əməldir. Qarabağ qazisi Asif bəyin başına gətirilənlər bu hakimiyyətin Qarabağ “sevgisinin” vizit kartıdır əslində…