Apelyasiya Məhkəməsi Məmməd İbrahimi həbsdə saxladı VİDEO

mammad-ibrahim

AXCP fəalı həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu dedi

Vəkillər Ali Məhkəməyə kassasiya şikayəti verəcək

Mayın 13-də Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü Məmməd Ibrahim barəsində Nərimanov Rayon Məhkəməsinin hökmündən verilən apelyasiya şikayəti üzrə proses keçirilib.

Proses başlanan kimi keçən hazırlıq iclasının qərarı təqsirləndirilən şəxsə və vəkillərə təqdim olunub.

Vəkil Yalçın Imanov çıxışdan öncə aprelin 4-də Nərimanov Məhkəməsinin iclas protokoluna edilən qeydlərlə bağlı müdafiə tərəfinə heç bir məlumat verilmədiyini məhkəmə kollegiyasının nəzərinə çatdırıb. Hakim həmin qeydlərlə bağlı qərarın olmasını bildirib. Məlum olub ki, həmin qeydlər əsassız sayılaraq rədd edilib. Yalçın Imanov həmin qərarın vəkillərə verilmədiyini deyib: “Heç olmasa həmin qərarın surətini verin ki, biz bu qərardan Avropa Məhkəməsinə şikayət verə bilək”.

Fariz Namazlı: “Sübutlar saxtakarlıqla əldə olunub”

Vəkil Fariz Namazlı apelyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyasının nəzərinə çatdırıb: “Biz hazırlıq iclasında məhkəmənin istintaqla aparılması barədə vəsatət verdik, təəssüf ki, həmin vəsatət təmin olunmadı. Amma bu çox vacib idi. Çünki 3 zərərçəkmiş və 4 şahidin istər istintaqa, istər məhkəməyə verdiyi ifadələrdə xeyli ziddiyyətlər vardı. Xüsusilə çərərçəkmiş şəxslərin ifadələri şahid ifadələrindən kəskin fərqlənir. Şahid ifadələri, eləcə də zərərçəkmişlərin ziddiyyətli ifadələrindən görünür ki, sübutlar saxtakarlıqla əldə olunub.

Zərərçəkmiş Oruc Vəliyev 18-ci polis bölməsinə sentyabrın 29-da, məhkəmədəki ifadəsində oktyabrın 1-də ifadə verdiyini bildirib. Lakin 18-ci bölmənin rəisinin məhkəməyə göndərdiyi məktubdan məlum olur ki, Oruc Vəliyevin ərizəsi oktyabrın 5-də bölmədə qeydə alınıb. Bu ziddiyyət onun ifadəsinin sübutlar siyahısından çıxarılması üçün yetərlidir.

Eləcə də, bu ziddiyyət digər zərərçəkmiş Məhəmməd Qurbanovun ifadəsində də təkrarlanır. Birinci instansiya məhkəməsində ona verilən “niyə 3 gündən sonra polisə müraciət etdiniz” sualına o, “mənə dedilər, get şikayət et”,- deyə cavab verib.

Şahidlər məhkəmə istintaqında onlara istintaq zamanı dəfələrlə təzyiq olduğunu, ifadələri cıraraq yenidən yazmalarını bildiriblər. Buna baxmayaraq onlar öz ifadələrində hadisə yerində 6 nəfərdən başqa adamın olmamasını, eləcə də Məmməd Ibrahimin Mikayıl Quliyevə heç bir xəsarət yetirmədiyini bildiriblər.

Mikayıl Quliyevin cırılmış köynəyi ilə bağlı da iki ekspert rəyi var və hər iki rəydə ölçülər ziddiyyətlidir. Bu ziddiyyətlərə aydınlıq gətirilməsi üçün hal şahidlərinin məhkəmədə dindirilməsi də təmin edilməyib”.

Yalçın Imanov: “Sonradan zərərçəkmiş şəxs kimi cəlb olunmuş hər iki şəxsin polisdən müəyyən asılılığı var”

Yalçın Imanov həmkarının toxunmadığı digər dəlilləri sadalayıb: “Sübutların toplanmasında istintaq əvvəldən axıra kimi ciddi pozuntulara yol verib. Bəlkə də Məmməd Ibrahim yeganə adamdır ki, onun barəsində CM-nin 221.1 maddəsi ilə həbs qətimkan tədbiri seçilib. Həm də bu qərar iki günə çıxarılıb və Məmməd Ibrahim 16 saatdan artıq müddətə heç bir qərar olmadan həbsdə saxlanılıb. Bu barədə artıq Avropa Məhkəməsinə şikayət göndərmişik.

Bundan sonra istintaq cinayət işini ağırlaşdırmaq məqsədi ilə əlavə zərərçəkənlər tapmağa başlayıb. Həmkarımın qeyd etdiyi kimi, bu zaman da çox kobud pozuntulara yol verilib.

Biz hesab edirik ki, sonradan zərərçəkmiş şəxs kimi cəlb olunmuş hər iki şəxsin polisdən müəyyən asılılığı var. Belə ki, Məhəmməd Qurbanov məhkəmədə barəsində heç zaman cinayət işinin olmamasını desə də, biz onun barəsində Binəqədi Polis Idarəsində CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanması, sonradan şübhəli halda həmin işə xitam verilməsini məhkəməyə təqdim etdik. Eləcə də digər zərərçəkən Oruc Vəliyev məhkəmədəki ifadəsində hadisələri dərk etmədiyini, normal qavramadığını bildirdi. O, bunu düşdüyü avtomobil qəzası ilə əlaqəndirdi. Onun ekspertizaya göndərilməsi ilə bağlı vəsatətimiz də təmin olunmayıb.

Həmçinin ekspertizaların keçirilməsi zamanı da təkbaşına ekspertiza təyin edilsə də, guya kompleks ekspertiza keçirilməsi göstərilib, amma yekun rəydə bir nəfərin imzası qoyulub.

Hadisə yerində olmuş zərərçəkən Mikayıl Quliyevə isə Məmməd Ibrahimin heç bir xəsarət yetirmədiyini isə bütün şahidlər – Vüqar Abbasov, Elşin Şükürov, Akşin Haqverdiyev və Anar Ismayılov ifadələri ilə təsdiqləyiblər. Bütün bu və digər sadalamadığımız dəlillərə görə, Məmməd Ibrahimin əməlində heç bir cinayət tərkibi olmadığını, əksinə, onun zərərçəkmiş olduğunu bildirərək barəsində bəraət qərarının çıxarılmasını məhkəmədən xahiş edirik”.

Məmməd Ibrahim: “Işin əsl mahiyyəti mənim AXCP fəalı olmağımdır”

Məmməd Ibrahim çıxışında apelyasiya şikayətini müdafiə etdiyini bildirib. O, özünün şərləndiyini vurğulayaraq bunun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib. Analoji üsullarla digər cəbhədaşları Asif Yusifli, Seymur Həzi, Fuad Qəhrəmanlının da həbsdə olduğunu xatırladıb. Bu zaman hakim onun mikrofonunu söndürüb və işin mahiyyəti üzrə danışmasını deyib. Məmməd Ibrahim isə “işin əsl mahiyyəti mənim AXCP fəalı olmağımdır”,- deyə şüşə qəfəsdən səsini ucaldıb.

Dövlət ittihamçısı Ceyhun Budaqov apelyasiya şikayətinin təmin edilməməsini istəyib.

Hakimlər qısa müşavirədən sonra Nərmanov Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması haqda qərar qəbul edib.

Vəkillər qərarı aldıqdan sonra Ali Məhkəməyə Kassasiya şikayəti verəcəklərini bildiriblər.

Təzəxan