Hizbullahın baş komandanı öldürülüb

Hizbullahİsrailin Suriyada keçirdiyi əməliyyatda Hizbullah qruplaşmasının baş komandanı öldürülüb, Livandakı Şiə yaraqlı təşkilatı deyir.

Hadisənin təfərrüatları açıqlanmasa da Livanın al-Mayadeen televiziyası bildirib ki, Mustafa Amine Badreddine Dəməşq hava limanı yaxınlığında, İsrailin endirdiyi hava zərbələri nəticəsində ölüb.

İsrail bu iddialara hər hansı şərh verməyib.

Badreddine və guya Hizbullah üzvləri olan daha üç nəfər 2005-ci il Beyrutda, Livanın sabiq baş naziri Rafik Hariri-ni qətlə yetirməkdə ittiham olunur.

Baş komandanın öldürülməsi xəbərini şərh edən Hizbullah deyib: “O, 1982-ci ildən bu yana İslam müqavimətinin bir çox əməliyyatlarında iştirak edib.”

1961-ci ildə anadan olan Badreddine-nin Hizbullahın hərbi qanadının əsas fiqurlarından biri olduğu ehtimal olunur.

O, 2008-ci ildə Dəməşq yaxınlığında minalanmış avtomobil tərəfindən öldürülən və hərbi qanadın rəhbəri olan Imad Mughniyeh-in əmisi oğlu və qaynı olub.

Məlumata görə, Badreddine Hizbullah Şurasında təmsil olunurmuş və qrupun ümumi lideri Hassan Nasrallah-ın müşaviri imiş.

Kanadanın Təhlükəsizlik və Kəşfiyyat Xidməti tərəfindən dindirilən Hizbullah üzvü ifadəsində Badreddine-nin onun “terrorizm üzrə müəllimi olan” Mughniyeh-dən “daha təhlükəli” olduğunu deyib.

Ehtimal olunur ki, 1983-cü ilin oktyabrında Beyrutda, 241 nəfərin ölümünə səbəb olan ABŞ Dəniz Piyadaları bazasındakı partlayışda birgə işləyiblər.

O, ABŞ-ın sanksiyaları siyahısında idi.

Hizbullah və ya “Allahın Partiyası” – Livanda əsasən şiə müsəlmanlarına aid güclü siyasi və hərbi təşkilat sayılır.

 

(bbc azəri)