Bir cümlədən qorxan əbədilik istəyi

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Görəsən Azərbaycanda hakimiyyətdə olanlar daha nə istəyirlər? Doymadılarmı? Bu sualı tez-tez eşidirik. Bəs etmirmi bunlara uzun hakimiyyət illəri, hüdudsuz var-dövlət, dünyanın hər yerinə uzanan mülklər, sərvətlər. Ilham Əliyevə daha nə lazımdır?

Əslində, hər kəs bilir bu sualların cavabını. Bilməyə də ehtiyac yoxdur, heç tarixi təcrübə də gərək deyil. Hər şeyi görürük. Sualın cavabını gözlərimizlə görür və ona şahidlik edirik. Bunlar əbədilik istəyir. Əbədi hakimiyyət.

Bəlkə də çoxları necə əcaib bir cəhdlə üz-üzə qaldığımızın fərqində deyil. Əbədi hakimiyyət istəyi təkcə korrupsiya deyil, təkcə seçki saxtakarlığı deyil, təkcə azadlıqlara qarşı hücumlar deyil. Bu, azadlıqların hamısını inkar etməkdir, bütün seçkiləri mahiyyətcə rədd etməkdir, nəinki mülkləri, bütün ölkəni özününkü hesab etməkdir. Bu hələ harasıdır. Tarixi özününkü saymaq, onun gedişini istəyinə uyğun görməkdir. Şər həmişə bəsitdir, amma 21-ci əsrdə belə bir istəyə düşmək istisnasız təəccüb doğurur.

Və yalnız təəccüb doğurmur. Çox böyük faciələrə yol açır. Xalqları zülm içində yaşamağa məcbur edir.

Ötən əsrdən bu yana ictimai xadimlərə, ümumiyyətlə, düşüncələrə ən çox təsir etmiş fikir adamlarından olan filosof Karl Popperin totalitar rejimləri nəzərdə tutduğu çox məşhur sözü var: “Yer üzərində cənnət qurmaq cəhdi həmişə cəhənnəm yaratmaqla nəticələnir”. Əbədi hakimiyyət yaratmaq cəhdi də eyni nəticə verir, amma ortada heç cənnət qurmaq cəhdi də olmur.

Əbədi hakimiyyət istəyi əbədilik naminə cəhənnəm qurmağa hazırdır. Bizim şahidlik etdiyimiz də budur. Neftlə zəngin Azərbaycanın təkcə sərvətləri talan edilmədi, həm də inkişafın qabağı alındı, ən adi, ən sadə adi iqtisadi təşəbbüslər belə boğuldu ki, xalq hakimiyyəti dəyişmək istəyində və gücündə olmasın.

Bunun üçün hər şeyə gedirlər. Bunun üçün hər şeyə hazırdırlar. Hər şəri alətə çevirməyə hazırdırlar. Amma yenə də sual yaranır. Bu istək təntənəsini niyə qura bilmir? Əbədi hakimiyyət istəyinin əbədi arxayınçılığı bir yana qalsın, niyə bu gündən sabaha inamı yoxdur. Niyə həmişə qorxu içindədir?

Niyə bir cümlədən qorxur? Heydər Əliyevin heykəlinin postamentinə yazılmış bir cümlə niyə iki gəncin evindən ağlasığmaz dərəcədə çox miqdarda narkotik “tapılmasına” səbəb olur? Şər bu qədərmi absurd və qorxaq hala gəlib?

Çünki şər müəmma və anlaşılmazlıq içindədir. Anlamır, anlaya bilmir, anlamaq istəmir ki, niyə bu gənclər rejimə tərif deyən həlim yaşıdlarına qoşulub rahat həyat yolu seçmirlər. Onlar etiraz edənlərin haradan güc aldığını anlamırlar. Titullu ziyalıları, akademikləri, şanlı sənət adamlarını cərgəyə düzüb bülbül kimi ötdürdüklərinə görə, arıq bir gəncin bu cəsarəti haradan aldığını başa düşmürlər. Çünki o gənclərin gözündəki işığı görə bilmirlər. Onların ürəyində hansı ocağın yandığını bilmirlər. Nəhayət, anlaya bilmirlər ki, tarixdə insanlığın işığını heç bir rejim söndürə bilməyib. Heç kim əbədi hakimiyyət qura bilməyib, heç bir heykəl insanların qəlbində yer tutmadıqda həmişəlik qalmır.

O da ola 21-ci əsr. Axı bu əcaib istək – əbədi hakimiyyət eşqi bu əsrdə həm də gülməlidir.

Vaxtilə ağ adamların onların torpağına yiyələnmək istəyini görən müdrik hindunun sözləri yada düşür. “Axırıncı ağacı da qırsanız, bütün çayları da zəhərləsəniz, sonuncu balığı da ovlasanız, başa düşün ki, pulu yemək mümkün deyil…”

Axırıncı gənci də tutsanız, əbədi hakimiyyət qurmaq mümkün deyil, bu istəyiniz baş tutmur…