Azad və dinc dünya üçün yeni fürsət

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

Yaptokratiya səhər-axşam “regionun lider dövləti” olmağımız haqqında təbliğatla qulağımızı dəng eləyəndə, zəhləmizi tökəndə, ürəyimizi bulandıranda bəyənmirik, ağız-göz əyirik. Amma budur, Panama sənədləri ilə bağlı statistikadan belə məlum olur ki, orada Azərbaycandan ümumilikdə 127, Gürcüstandan 82, Ermənistandan isə 27 şəxsin adı keçir. Bəli, əsl qələbədir! Təsəvvür edin, Ermənistan və Gürcüstandan adı hallanan şəxslərin birlikdə sayı belə bizimkilərdən azdır. Adamın ürəyi fərəhdən dağa dönür, sevincdən gözləri dolur. Kim sevinmir (əlbəttə, belə antimilli ünsürlər, düşmən dəyirmanına su tökməyə hazır olan vətən xainləri az deyildir!), onların da qanını yoxlatmaq lazımdır.

Ironiyanı bir kənara qoyaq. Mətləbə keçək.

Amma öncə bilməyənlər üçün Panama sənədləri ilə bağlı kiçik bir arayış: hardasa bir ay öncə korrupsionerlərin sevimli vətəni olan Panamadakı Mossask Fonsesa hüquq firmasından bu ölkədə qeydiyyatdan keçən ofşor şirkətlərlə bağlı sənədlər sızıb. Həmin sənədlərdə dünyanın bir çox korrupsioner, anti-demokratik rejimlərinin başçılarının, o sıradan da, heç şübhəsiz, bizim hakim ailənin adı keçir. Əslində həmin sənədlər digər ölkələrlə müqayisədə azərbaycanlılar üçün qətiyyən şok effekti yaratmır. Biz cəsur araşdırmaçı jurnalist, hazırda haqsız, qondarma ittihamlarla həbsdə saxlanılan Xədicə Ismayıl sayəsində Əliyevlərin ötən illər ərzində necə nəhəng varidata sahibləndiklərini artıq bilirik.

Bununla belə, şərti olaraq “Panama sənədləri” adlandırılan yeni ifşa dalğası korrupsiyanın, çirkli pulların, qanunsuz sərvətlərin bəşəriyyət üçün hansı təhlükəli həddə gəlib çatdığını bir daha gözlər önünə sərmək, belə rejimlərə və onların kirli var-dövlətlərinə qarşı mübarizənin önəmini xatırladır. Çünki azad, rifah içində yaşayan, hüzurlu bir dünya düzəni üçün ən böyük təhdidin, təhlükənin məhz korrupsioner idarəetmələrdən, bu cür rejimlərin oğurluq yollarla sahibləndikləri sərvətlərdən qaynaqlandığını bilməyən artıq yoxdur. Indi insanlıq 100-200 il əvvəlki kimi qorxunc, ölümcül epidemiyalardan əziyyət çəkmir bəlkə, amma onlardan belə qat-qat dəhşətli, təhlükəli siyasi və ictimai bəlalarla qarşı-qarşıyadır. Dövrümüzün taunu, vəbası irqçilikdir, hüquqlar və azadlıqlar üzərində basqı yaratmaq, fikir müxtəlifliyinə qarşı dözümsüzlükdür, xalqların iradəsini bir nəfərin iradəsinə tabe etdirməkdir, hansı ki, onlar öz varlıqlarına görə ilk növbədə korrupsyiaya borcludur. Onlar korrupsiya sayəsində bəslənir, böyüyür, yayılırlar. Tərəqqipərvər bəşəriyyət bu ictimai-siyasi xəstəliklərdən, epidemiyalardan qurtulmaq istəyirsə, öncə korrupsiyaya və korrupsiyaçılara rejim tək ürək olmalıdır, əks halda bütün dünyanın rahat nəfəs alması mifdir, fiksiyadır.

Artıq elə bir çağda yaşayırıq ki, dünyanın hər hansı bir bucağındakı ədalətsizlik, zülm tamam fərqli bir coğrafiyada dinc, asudə yaşayan xalqların da sakit, xoşbəxt həyatını  asanlıqla alt-üst edə bilər. Götürək, çirkli pullarla yedizdirilən və alovlandırılan terroru – o, indi planetin ən dinc ölkələri sayılan Norveçi, Belçikanı belə bir göz qırpımında qana bulaya bilir. Yaxud Ikinci Dünya savaşından sonra ilk dəfə Paris küçələrində silahlar danışmağa, qan axmağa başlayır.

Ədalətsiz idarəetmələrin və çirkli pulların meydan suladığı, üstəlik, indi – yeni texnologiyalar sayəsində xeyli kiçilən bir dünyada bu cür faciələrdən, fəlakətlərdən heç bir ölkə və xalq sığortalanmayıb, sığortalana da bilməz. Yeganə çarə – yer üzündə şəffaflıq və hesabatlılıq sarıdan əziyyət çəkməyən, milli iradədən doğan hakimiyyətlərin idarə etdiyi, azad, insan hüquqlarına sayğı duyan ölkələrin siyahısını genişləndirmək, bunun üçün tərəqqipərvər bəşəriyyətin  birliyinə, özü də əməli birliyinə nail olmaqdır.

“Panama sənədləri” kimi bilinən yeni ifşa dalğası məhz belə bu yöndə növbəti fürsətdir.

Ümid edək, bu da digərləri kimi, əldən quş kimi uçub gedən, itirilən fürsət olmasın.